Dünya siyasətinə Bakı və Ankara dərsi
"Dost dar gündə tanınar". Atalar sözüdür, çox işlənən ifadədir, amma gündəlik yaşamdan fərqli olaraq siyasətə şamil ediləndə nadir hallarda gündəmə gələn məsələdir.
Dövlətlərarası təmaslarda, əlaqələrdə və ünsiyyətdə siyasi maraqların, geosiyasi və ya iqtisadi mənafelərin üstün götürülməsi, siyasi konyunkturun ön plana çəkilməsi qlobal düzəndə adi hala çevrilib. Dövlətlərin dostlarının yox, maraqlarının olması isə nə yazıqlar ki, geosiyasətin klişesi sayılır.
Siyasi əlaqələrdən tutmuş, iqtisadi təmaslaradək ən geniş müstəvidəki təmaslara qədər olan sahədə dövlətlərin əlaqələri yalnız mövcud situasiyanın tələbləri ilə tənzimlənirsə, sonra da tərəfdaşlıq və ya əməkdaşlıq perspektivə hesablanmış niyyət üzrə nizamlanırsa, bu, adi işbirliyidir.
Tarixi əlaqələrə, mədəni və mənəvi bağlara əsaslanan yaxınlıq, dil və ya din birliyi anlamları da dövlətləri yaxınlaşdırır, amma bu yaxınlıq heç bir halda tam mənada birliyə dönmür.
Xristian, buddist və ya müsəlman ölkələrinin sırf dini, yəni teoloji baxımdan birliyi utopiya olduğu kimi, müştərək etnik köklərə malik xalqların yaratdıqları dövlətlərin arasındakı münasibətlərin mütləq şəkildə yüksək səviyyədə olması da şərt deyil.
Dünya tarixi bir-birlərinə qənim kəsilən xristian və ya müsəlman dövlətlərin savaşlarını, katoliklərin katoliklərə, slavyanların slavyanlara, buddistlərin buddistlərə hücumlarını az görməyib.
Amma istisna var. Daha doğrusu, nə yaxşı ki, dünya siyasətində presedent yaradan, qlobal düzənin gələcəyini müəyyənləşdirə biləcək dövlətlərarası münasibətlər formatını indidən yüksək səviyyədə, hazır variasiyada göstərən ünsiyyət, bağlılıq və əlaqələr var.
Onlar Azərbaycan və Türkiyə arasındakı münasibətlərdir.
Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri, Ankarada keçirdiyi görüşlər də buna bariz misaldır. Təbii, Azərbaycan və Türkiyənin dövlət başçıları İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasındakı görüşlərlə danışıqlar siyasi sensasiya deyil. Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Ankarada keçirilən V iclası da siyasi proseslər arasında rutin bir olaydır. Amma Azərbaycanın dövlət başçısının Ankara səfəri ölkələrimizlə xalqlarımız arasındakı münasibətlərin daha bir təzahürü olmaqla yanaşı, bölgə dövlətləri ilə bahəm, qlobal güclərə messic oldu.
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-ci iclasının fevralın 18-də Bakıda keçirilməsi və toplantıya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatılması planlaşdırılmışdı. Fəqət fevralın 17-də Ankarada qanlı terror aktı törədildi, 28 nəfər həlak oldu.
Türkiyə prezidenti səfərini təxirə saldı, Strateji Əməkaşlıq Şurasının toplantısı təxirə salındı. Daha sonra Ərdoğanın martın 15-də Bakıya gələcəyi söyləndi, amma "canlı bomba"nın sürdüyü maşını Kızılay rayonundakı avtobus dayanacağında partlatması nəticəsində 37 nəfər həlak oldu.
Bu teraktların Azərbaycan-Türkiyə zirvə toplantısının baş tutmasının qarşısını almağa yönəlmiş aksiyalar və yaxud təsadüf olduğunu istintaq araşdırmalıdır. Təsadüfün təkrarlanması, iki teraktın önəmli toplantının keçirilməsinin planlaşdırıldığı tarixdən əvvəl baş verməsinin səbəb-nəticə qanunauyğunluqlarına nə dərəcədə uyarlı olması gerçəkdən də, "maraqlı"dır.
Fəqət, rəsmi Bakı olayların siyasi təhlil yönünü dəyişdi. Azərbaycan prezidenti İlham Əliyev Ankaraya işgüzar səfərə yollandı. Rəsmi olaraq Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında iştirak etmək üçün. Səfərin əsl məramı və gerçək məqsədi isə qanlı terror aktlarına məruz qalmış qardaş ölkə ilə, Türkiyə ilə həmrəy olduğumuzu, qardaşlarımızın dərdini bölüşməyimizi göstərməkdi.
İlham Əliyev Ankarada dedi: "Bizim birliyimiz əbədidir, sarsılmazdır. Yaxşı günlərdə də, ağır günlərdə də biz daim bir-birimizin yanındayıq. Biz Azərbaycanda tam əminik ki, Türkiyə xalqına və dövlətinə qarşı törədilmiş terror aktlarının heç bir nəticəsi olmayacaq. Bu, Türkiyə dövlətini sarsıda, türk xalqının iradəsinə təsir edə və Türkiyəni haqq yolundan döndərə bilməz.
İyirmi beş ildir ki, Türkiyə və Azərbaycan birlik, həmrəylik göstərir. İyirmi beş il bundan əvvəl Azərbaycan dövlət müstəqilliyini bərpa etdi və bizi ilk tanıyan dövlət Türkiyə olmuşdur. Biz bunu heç vaxt unutmayacağıq. Bu, əslində, başqa ölkələrə də bir tövsiyə idi və ondan sonra Azərbaycanı müstəqil dövlət kimi tanıma prosesi sürətlə getməyə başlamışdır. Bu illər ərzində biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik. Bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Bizim əlaqələrimizin təməlində xalqlarımızın birliyi, qardaşlığıdır. Bu, əsas məsələdir və biz dostluğumuzun, qardaşlığımızın möhtəşəm binasını bu təməl üzərində inşa edirik".
Azərbaycanın dövlət başçısı daha sonra söylədi: "Biz beynəlxalq müstəvidə bir-birimizi daim dəstəkləyirik. Biz çox şadıq ki, Türkiyə dünya çapında güc mərkəzinə çevrilibdir. Əziz qardaşımın yorulmaz fəaliyyəti nəticəsində Türkiyə son illər ərzində böyük zirvələrə qalxa bilmişdir. Türkiyənin dünyadakı rolu artır, mövqeləri möhkəmlənir. Türkiyəyə dünya birliyi tərəfindən bəslənilən inam və rəğbət bizi sevindirir".
Azərbaycan və Türkiyə arasındakı münasibətlər gerçək qardaşlıqdır. Türkiyə hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normalarına uyğun həllinin tərəfdarı olub, ən ağır günlərimizdə yanımızda durub.
1918-ci ildə Azərbaycan erməni terroru, "Sentrokaspi Diktaturası" adlı cəllad qurumun vəhşiliyi ilə qarşılaşanda məhz Türkiyənin Qafqaz Ordusunun özünü yetirməsi millətimizi böyük qırğına məruz qalmaqdan qurtarmışdı.
Və eyni zamanda Türkiyədəki İstiqlal Savaşında da azərbaycanlılar osmanlı türkləri ilə çiyin-çiyinə vuruşdular. Çanaqqalada şəhid məzarlarında döyüşdə canlarını vətən torpağı üçün fəda etmiş babalarımız yanaşı uyuyurlar.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ölkələrimiz arasındakı münasibətlərə çox yüksək dəyər verməklə yanaşı, dövlətimizin başçısının Ankaraya səfərinin çox böyük simvolik məna daşıdığını bir daha vurğuladı: "Mən bu səfəri, bu gün burada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasını həm bu hadisə ilə bağlı birlikdə gücümüzü, həmrəyliyimizi, həm də bütün terror hücumlarına qarşı birlikdə olduğumuzu milli və beynəlxalq miqyasda göstərmək baxımından çox yüksək qiymətləndirirəm. Mən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının bu iclasının Ankaramızda keçirilməsini çox təqdirəlayiq hesab edirəm və mərhum Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət" anlayışının daha bir təzahürü olduğunu bildirirəm. Qardaşım İlham Əliyev Azərbaycanın millətimizin dar günündə dostu olduğunu bir daha göstərdi. Buna görə ona dərindən təşəkkürümü bildirirəm".
Beləcə, Azərbaycan və Türkiyənin rəhbərləri bütün dünyaya aşkar, çox konkret mesaj verdilər: biz iki dövlət olsaq da, bir millətik. Qəlblərimiz bir vurur, niyyətlərimz eyni, məramlarımız bəllidir.
Ankarada qanlı terror aktlarını sifariş verən və həyata keçirənlərin başlıca məqsədi Türkiyədə xof yaratmaqdı: insanlarla dolu olan avtobus dayanacağında "canlı bomba"nın sürdüyü maşını partlatmasının başqa nə məramı ola bilərdi ki...
Belə vəziyyətdə İlham Əliyevin Ankaraya səfəri sadəcə, Azərbaycanın Türkiyə ilə həmrəy olduğunu göstərmək deyildi. Səfər həm də terrorçulara və həmin məxluqları idarə edənlərə, onları məşum aksiyalara yönəldənlərə həddən ziyadə konkret, açıq bəyanatdı: nə Azərbaycanı, nə də Türkiyəni qorxutmaq mümkün olmayıb, olmayacaq da.
Ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq uğurla davam edir. Prezident İlham Əliyevin səfəri zamanı imzalanmış sənədlər, aparılan danışıqlar bir daha iki ölkə arasında olan sıx birliyi nümayiş etdirdi. İki ölkə arasında ticarət dövriyyəsinin, qarşılıqlı sərmayə qoyuluşunun daha yüksək səviyyəyə qaldırılması nəzərdə tutulur. Türkiyə hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normalarına uyğun həllinin tərəfdarı oldu.
İlham Əliyevin Ankaradakı bəyanatının digər önəmli məqamı hərbi əmkdaşlıqla bağlı idi.
Azərbaycanın dövlət başçısı söylədi: "Nə qədər Türkiyə güclü olarsa, bir o qədər biz güclü olacağıq. Bizim gücümüz birliyimizdədir və bütün beynəlxalq məsələlərdə biz bir yerdəyik, bir-birimizin yanındayıq. Türkiyə hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normalarına uyğun həllinin tərəfdarı olmuşdur və bu dəstək bu gün də göstərilir. Azərbaycanın ərazi bütövlüyü pozulub, bərpa edilməlidir, beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələr icra edilməlidir. Biz bu məsələ ilə bağlı ikili standartlarla üzləşmişik və Türkiyə kimi böyük dövlətin göstərdiyi dəstək bizim üçün çox önəmlidir.
Bizi hərbi əməkdaşlıq birləşdirir. Bizim hərbçilərimiz bu yaxınlarda birgə təlimlər keçirmişlər. Bu da gözəl ənənəyə çevrilmişdir. Hərbi-texniki sahədə əməkdaşlıq dərinləşir. Biz artıq Türkiyədən müxtəlif hərbi texnika, silahlar alırıq. Türkiyənin bu sahədəki uğurları, əlbəttə ki, Azərbaycanın da müdafiə potensialını gücləndirir".
Bu açıqlama vaxtında söylənmiş kəlmələrdir. Türkiyə NATO ölkəsidir və Şimali Atlantika Alyansında ABŞ-dan sonra qüdrətinə görə ikinci orduya malikdir.
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıqla bağlı bəyanat həm də Qərb ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında tutduqları ikili standartlar siyasətinin mənasız, sonucsuz qalacağının vurğulanması idi.
Azərbaycan və Türkiyə bölgədə və dünyada mədəniyyətlərarası dialoqun, dinlər və məzhəblərarası sülhün dərinləşməsinə birgə töhfələr verir, islamofobiyaya qarşı birgə mübarizə aparırlar.
Türkiyə ictimaiyyəti, kütləvi irnformasiya vasitələri, sosial şəbəkə istifadəçiləri prezident İlham Əliyevin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının Ankarada keçirilməsi təklifini, mürəkkəb vəziyyətdə Azərbaycanın Türkiyəyə dəstəyini yüksək dəyərləndirdilər. Nədən ki, Azərbaycanın dövlət başçısı bu səfəri və bəyanatları ilə Azərbaycan xalqının yaxşı günlərdə də, ağır günlərdə hər zaman türk xalqı ilə birlikdə olduğunu nümayiş etdirdi.
Azərbaycanla Türkiyə yeni regional superlayihəni - TANAP-ı da mümkün qədər tez reallaşdırmaqda qərarlıdır.
"2012-ci ildə məhz Türkiyə və Azərbaycan TANAP layihəsinə start verdilər. Əgər o vaxt biz TANAP layihəsinə start verməsəydik, bu gün "Cənub Qaz Dəhlizi" layihəsi reallaşa bilməzdi. Bu gün bu dəhlizin icrasında Türkiyə və Azərbaycan aparıcı rol oynayır. Biz çalışacağıq ki, bu transmilli, böyük maliyyə vəsaiti tələb edən layihəni vaxtında icra edək. Əminəm ki, 2 ildən sonra biz TANAP layihəsinin açılışını qeyd edəcəyik. Zatən, bu layihənin təməl daşını da Qars şəhərində bərabər qoymuşuq.
Nəqliyyat sahəsində bizim birgə icra etdiyimiz layihə qitələri birləşdirir. Bu gün bu məsələ geniş şəkildə müzakirə olundu və artıq nəqliyyat sahəsində yeni imkanlar mövcuddur. Bu imkanlar araşdırılır. Biz çox istərdik ki, Türkiyədən gələn yüklərin sayı artsın və Azərbaycan ərazisindən müxtəlif istiqamətlərə yönəlsin. Buna nail olmaq üçün artıq praktiki addımlar atılmaqdadır", - Azərbaycan prezidenti söylədi.
İki ölkənin gerçəkləşdirdiyi infrastruktur layihələri yetər ki, Bakı və Ankaranın regional siyasi düzəni, iqtisadi əlaqələri dəyişməyə başladığını, Avrasiyadakı geoiqtisadi güclər nisbətində yeni situasiyanı formalaşdırdığını vurğulayaq.
...Azərbaycan prezidentinin Ankaraya səfəri sırf siyasi, iqtisadi və s. məzmunda şərh olunmamalıdır. Bu səfər ilk əvvəl dünya siyasətində indi həddən ziyadə ehtiyac duyulan ləyaqət, şərəf, qardaşlıq duyğusunun və çətin gündə dəstək olmağı bacarmağın nümayişi idi.
Dünya siyasətinin və bu siyasətdə özünü bitkin fiqur sayan çox dövlət başçısının İlham Əliyevin bu jestindən dərs alması gərəkdir.Milli.az