Dolları sabit saxlaya bilməyəcəyik
15:43 / 10.02.2020
4010
"Neftin qiymətində son günlər koronavirusla bağlı müşahidə edilən enmələrə görə Azərbaycanın dövlət büdcəsinə düzəliş edilməsinə ehtiyac yoxdur”
Sfera.az-a açıqlamasında bu sözləri son günlər neftin qiymətinin 54 dollar səviyyəsinə düşməsi fonunda Azərbaycanda indiki halda 55 dollardan götürülən "qara qızıl”ın büdcə qiymətinə hansı halda baxıla bilər sualını cavablandırarkən iqtisadçı ekspert Pərviz Heydərov deyib:
"Neft qiymətlərinin dövlət büdcəsinə birbaşa təsiri yoxdur. Dövlət büdcəsinin neft sektorundan gəliri əsasən transfertlər hesabına təmin edilir. Neft Fondu bu mənada dövlət büdcəsi üçün etibarlı maliyyə yastığı rolunu oynayır. Neft çox ucuzlaşdıqda dövlət büdcəsinin gəlirləri transfert hesabına təmin edilir və qiymət enməsindən yaranan zərəri Neft Fondu öz üzərinə götürür. Buna görə də neftin qiyməti Dövlət Neft Fondundan yanvar ayından dekabr ayının sonuna qədər olan transfertlərin həyata keçirilməsinə maneə yaratmır. Bunu biz 2015-2016-cı illərdə neftin kəskin ucuzlaşdığı dövrdə gördük. Dövlət büdcəsinin gəlirlərinin təmin edilməsi üçün Neft Fondundan nəzərdə tutulan vəsait transfert edildi, amma neft fondunun aktivləri azaldı”.
P.Heydərov söylədi ki, neftin ucuzlaşmasının dövlət büdcəsinə birbaşa təsiri yalnız neft sektoru üzrə əldə edilən vergilərin məbləğinin azalmasında özünü göstərir:
"Neft ucuzlaşdıqda Azərbaycanın Beyəlxalq Əməliyyat Şirkətinin gəlirlərində azalma baş verir. Bu zaman nəzərdə tutulan vergini həmin şirkətdən almaq olmur. Bu il neft və qaz sektorundan 2 milyard manatdan artıq verginin toplanması proqnozlaşdırılır. Neft ucuzlaşarsa, bu gəlirdə azalma baş verəcək”.
Ekspertin fikrincə, burada önəmli olan məsələ neftin nə qədər ucuzlaşmasıdır:
"Neftin qiymətinin 50 dollara qədər düşməsi hər hansı təhlükə yaratmır. Amma 50 dollardan aşağı düşməsi Azərbaycanın makroiqtisadi göstəriciləri, valyuta bazarı üçün riski artırır. Qiymət 40 dollara düşərsə, bu, artıq valyuta bazarı üçün ağır vəziyyətin yaranması deməkdir. Qiymət 40 dollardan da aşağı enərsə, Mərkəzi Bankın valyuta ehtiyatları dollar/manat kursunu 3 aydan artıq sabit saxlamağa imkan verməyəcək. Çünki Mərkəzi Bankın valyuta ehtiyatı əvvəlki dövrlə müqayisədə xeyli azdır”.
Elçin
Sfera.az