“Dollar və digər valyutalarda kredit verilməsinə son qoyulması doğru yanaşma deyil”

“Dollar və digər valyutalarda kredit verilməsinə son qoyulması doğru yanaşma deyil”

Sfera.az-a açıqlamasında bu sözləri problemli kreditlərlə bağlı Prezident tərəfindən verilən fərmandan sonra dollar və digər valyutalarla kredit verilməsinə son qoyulması, buna ehtiyac olmadığına dair səslənən fikirlərə münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib. 

 

Onun sözlərinə görə, dollar krediti həmin valyutada gəliri və depoziti olan vətəndaşlarımıza təklif olunmalıdır. Manatla gəlir və depoziti olan vətəndaşlarımıza isə məhz milli valyuta ilə kreditin təklif edilməsi daha məqəsdəuyğundur:

 

"Devalvasiyadan sonra banklar hansı valyutada kreditlərin təklif edilməsilə bağlı mexanizmi dəyişdilər. Banklar artıq dollarla gəlirləri və depoziti olan vətəndaşlar üçün dollar krediti təklif etdilər.  Təbii ki, burada söhbət istehlak kreditlərindən gedir. Real sektora yönəldilən kreditlərdə dollar kreditləşməsinə üstünlük verilir.

O baxımdan gələcəkdə də dollarla gəlirləri olan insanlara dollarla kredit verilməsinin davam etdirilməsinə ehtiyac vardır. Xarici valyutada gəlirləri olmayan vətəndaşlarımız üçün isə əcnəbi pulla kreditlərin verilməsi  arzuolunan deyil. Çünki sonra onun qaytarılması prosesində çətinliklər olur. Amma banklar xarici valyuta üzərində depozitlərə malikdirlər. Depoziti də həmin valyuta növünə uyğun olaraq vətəndaşa və real sektora təklif edə bilərlər. Təbii ki, bankların cəlb etdikləri xarici valyutanı depozit olaraq manata çevirib milli valyuta ilə kredit vermələri inandırıcı deyil. Çünki banklar da risqlərini sığortalamağa çalışacaqlar. O baxımdan bütövlükdə xarici valyuta ilə kreditləşmənin dayandırılmasına getmək  doğru yanaşma deyil, eyni zamanda, daha çox xarici valyuta ilə gəlirləri olan vətəndaşlarımıza xarici valyutada kreditlərin verilməsi məqsədəuyğundur. Yalnız manatla kreditləşmə aparılması, depozitlərin də yalnız milli valyuta ilə cəlbinə ehtiyac var. Təbii ki, vətəndaşlarımızın heç də hamısı manatla depozit almaqda maraqlı deyil. Ona görə də dollar krediti həmin valyutada gəliri və depoziti olan vətəndaşlarımıza təklif olunmalıdır. Manatla gəlir və depoziti olan vətəndaşlarımıza isə dollar deyil milli valyuta ilə kreditin təklif edilməsi daha məqəsdəuyğundur”.

 

Qeyd edək ki, problemli kreditlərlə bağlı verilən Prezident fərmanından sonra fikirlər səslənir ki, dollarda və digər xarici valyutalarda kreditlərin verilməsinə son qoyulsun. Ölkə vətəndaşlarının bir hissəsi almaq istədiyi krediti xarici valyuta, xüsusən də dollar və avro ilə almağa üstünlük verir. Onlar həmçinin banklara qoyduqları əmanətlərə görə əldə olunan  gəlirin də məhz xarici valyutada olmasını istəyirlər. Amma o da var ki, xarici valyutada olan kredit və əmanətlər müəyyən risqlər də yaradır. Bunu devalvasiya prosesində müşahidə etdik.

 

ELÇİN


OXŞAR XƏBƏRLƏR