Direktor: \"Milli Gimnastika Arenası Dünya kubokunu qəbul etməyə tam hazırdır\" - FOTO

Direktor: \

Milli Gimnastika Arenası batut gimnastikası və tamblinq üzrə Dünya kubokunu qəbul etməyə tam hazırdır.

 

Sfera.az xəbər verir ki, bunu Trend-ə arenanın direktoru Maqsud Fərzullayev deyib.

O deyib: "Biz bu cür tədbirlərə ciddi şəkildə hazırlaşırıq. Bu, ilin ilk böyük yarışıdır və ümumilikdə arena turnirə tam hazırdır. Biz bütün testləri keçirmişik və əminik ki, hər şey yüksək səviyyədə keçəcək".

Onun sözlərinə görə, tamaşaçılara bir sıra yeniliklər təqdim olunacaq: "Bizim üçün əsas innovasiya yarış meydançasının üzərində qurulan böyük ekrandır. Fikrimizcə, bu, turnirə böyük effekt verəcək. Bu ekranın özəlliyi ondadır ki o, fəxri kürsü ilə eyni səviyyədə yerləşir və çox effektli görünür. Ekran dörd hissəyə bölünür. Orada eyni zamanda həm çıxışlara, həm maraqlı anların təkrarına, həm hakimlərin qiymətləndirməsinə, həm də turnir cədvəlinə baxmaq olar".

 

O, Bakı sakinlərini və şəhərin qonaqlarını Dünya kubokuna canlı baxmağa çağırıb.

Arenanın direktoru həmçinin qeyd edib ki, Milli Gimnastika Arenası iri beynəlxalq yarışları qəbul edən digər idman tikililəri ilə eyni pillədə dayanır: "Arenamız bütün yarışlara uyğunlaşmağa hazırdır. Bildiyiniz kimi, Bakıda 2020-ci ildə idman gimnastikası üzrə Avropa çempionatı keçiriləcək. Buna qədər isə biz bir çox digər yarışları qəbul edəcəyik. Qarşıda bizi daha iki Dünya kuboku və İslam oyunları gözləyir. Bundan başqa, sentyabrda arenamız voleybol üzrə Avropa çempionatının matçlarını qəbul edəcək. Bu, bizim üçün yenilikdir. Voleybol bizim üçün yeni idman növüdür, amma düşünürəm ki, biz bunun öhdəsindən gələcəyik".



OXŞAR XƏBƏRLƏR