Deputatlar rayonlardakı susuzluq problemini gündəmə gətirdilər

Deputatlar rayonlardakı susuzluq problemini gündəmə gətirdilər
 
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.
 
Sfera.az "APA TV"yə istinadən xəbər verir ki, iclasın gündəliyinə 3 məsələ daxil edilib. Toplantıda ilk olaraq cari məsələlər müzakirəyə çıxarılıb.
 
Bu dəfə deputatlar diqqəti regionlardakı susuzluq problemlərinə yönəldib. Deputat Qənirə Paşayeva çıxışında bildirib ki, kənd təsərrüfatının inkişafı istiqamətində Prezidentin rəhbərliyi ilə bir sıra layihələr həyata keçirilir. Amma suvarma sistemi problemi həll olunmadan kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil: "Tovuz rayonunun problemini həll edəcək iki böyük layihə var. Bununla bağlı Nazirlər Kabinetinə müraciət ünvanlanıb. Baş Nazir Əli Əsədovu bu layihələrə dəstək verməyə çağırıram. Bunlardan biri Zəyəm çayı üzərində su anbarının tikilməsidir. Bu, həm də Şəmkirin bir çox kəndində kənd təsərrüfatının inkişafına səbəb olar. İkincisi isə Kür çayından su nasosları ilə kəndlərə su vurulmasıdır”. Deputat Jalə Əliyeva isə Ucar və Zərdab rayonlarında sakinlərinin su və kanalizasiya problemlərindən əziyyət çəkdiklərini deyib:
 
"Zərdab rayonunda 2011-ci ildə başladılan, lakin bir il sonra məlum olmayan səbəblərdən tikintisi dayandırılan kanalizasiya sisteminin yenidən tikintisinin həyata keçirilməsini vacib hesab edirəm. Xüsusilə yaz aylarında Kürdə suyun səviyyəsinin artdığı bir dönəmdə Zərdab rayonu ciddi təhlükə ilə üzləşir. Bununla yanaşı, Ucar rayonunun Bərgüşad kəndində 2010-cu ildə çəkilən, lakin hazırda bərbad vəziyyətdə olan 16 km uzunluğunda Qəzyan-Bərgüşad yolunun əsaslı təmirinə, hətta bu kəndlərdə transformatorlarında yeniləri ilə əvəz edilməsinə ciddi ehtiyac var”. Deputat Səməd Seyidov da həmkarlarının fikrinə qatılaraq bildirib ki, təmsil etdiyi rayonların su problemini dəfələrlə aidiyyəti qurumlar qarşısında qaldırıb: "Mənim təmsil etdiyim Qazax rayonunda da bu problem var. Vətəndaşların ən çox müraciət etdiyi problemlər suvarma ilə bağlıdır. Aidiyyəti qurumları bu məsələni həll etməyə çağırıram. Artıq "Azərsu"ya müraciət etmişik”. Susuzluq probleminin bütün rayonların problemi olduğunu deyən spiker Sahibə Qafarova qeyd edib ki, sözügedən problem təmsil etdiyi Şəmkir rayonunda da mövcuddur. Bununla bağlı işlər görəcəyik. Təmsil etdiyi İmişli rayonunda örüş yeri probleminin olduğunu vurğulayan deputat Razi Nurullayev bildirib ki, İmişlidə əhali heyvanlar üçün örüş yeri tapmır: "Uğursuz torpaq islahatı əsasında torpaqlar pay-püş edilib. Böyük torpaq sahələrinin əksəriyyəti Bakıda oturan məmurlara və rayonda icra hakimiyyətlərinə aiddir. Tələsik torpaq islahatı aparanlar bu gün məsuliyyət hiss etməlidir. Biz torpaqlarla bağlı yeni qanun layihəsi hazırlamalıyıq. Torpaqlar xalqa qaytarılmalıdır”. Oğuzdan seçilən deputat Aqiyə Naxçıvanlı isə təmsil etdiyi rayonda fəaliyyət göstərən uşaq bağçalarının qəzalı vəziyyətdə olmasından danışıb: "Oğuz rayonunda ümumilikdə 18 uşaq bağçası fəaliyyət göstərir. Onlardan 12-si acınacaqlı vəziyyətdədir. Rayonun məcburi köçkünlər yaşayan Calus kənd bağçası dağılıb. Uşaqlar fərdi evdə yerləşdirilib”. Deputat uşaq bağçalarında çalışan ixtisaslı müəllimlərin də azlığından şikayətlənib.
 



OXŞAR XƏBƏRLƏR