Deputatın Memarlıq və İnşaat Universitetində bayram var - İddialar

Deputatın Memarlıq və İnşaat Universitetində bayram var - İddialar

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) təhsildə rüşvətin memarlarından biridir. Bu iddia ilə bir qrup tələbə çıxış edib. 

Onların Politika.Az-a müraciətində qeyd olunur ki, bu qış semestrini də gülərüz, mehriban və xoş əhval-ruhiyyə ilə yola veriblər. 

İmtahanların gedişində və qiymətlərin yazılmasında nə rektorluq, nə də fakultələrin dekanları tələbələri incidib. Eləcə də tələbələr onların üzünü ağ edib və çətinə salmayıb. Beləcə 2017-ci ilin qış imtahanları da bayram ovqatında keçib. 

Çünki iqtisadi çətinlik, böhran və devalvasiyaya baxmayaraq, təhsil ocağında qiymətlərin qiyməti qalxmayıb. Necə deyərlər - rüşvət bahalaşmayıb. Bu da tələbələrin ürəyincə olub və qarşılıqlı anlaşma şəraitində semestr imtahanları başa çatıb. 

Bu universitetdə həyata keçirilən pul yığımlarının arxasında rektor Gülçöhrə Məmmədovanın bacısının durduğu iddia olunur

Məlum olduğu kimi son vaxtlar Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) fəaliyyətində müşahidə olunan çeşidli neqativ hallar yenidən mətbuatın gündəminə yol tapmaqdadır. 

Bu ali təhsil müəssisəsində baş verən rüşvət yığımları, müəllim-professor heyətinə qarşı yol verilən haqsızlıqlar və digər qanun pozuntuları müxtəlif kütləvi informasiya vasitələrində yer alır. 

Politika.Az-a yazan tələbələrin müraciətində qeyd olunur ki, rüşvətxorluğun kök saldığı bir çox ali məktəblərdə olduğu kimi burada da pul yığımları üçün əsas bəhanə sessiya imtahanlarıdır. 

Məlumatlarda bildirilir ki, semestr imtahanlarında hər tələbədən bir fənn imtahanına görə alınan pulun minimal məbləği 50-70 manat təşkil edir. Təqribən, bir semestr 250-300 manata başa gəlir. 

Mediada yayılmış məlumatlarda iddia olunur ki, Gülçöhrə Məmmədova bacısının həyat yoldaşına da universitetdə mühafizə xidmətinin rəisi vəzifəsini verməklə, AzMİU-nu demək olar ki, əsil ailə müəssisəsinə çevirə bilib. 

Bu arada isə, mətbuatda yayımlanan məlumatlarda Gülçöhrə Məmmədovanın yeni biznes-layihəsi barədə maraqlı açıqlamalar təqdim olunur. 

Məlumatda deyilir - Memarlıq və İnşaat Universitetinin rektoru Azər adlı şərikilə birlikdə Məmməd Rahim küçəsinin bir hissəsini zəbt edib. Belə ki, Gülçöhrə Məmmədova avtodayanacaq biznesinə girişməyə qərar verib.

Politika.Az qeyd edir ki, bir müddət bundan əvvəl Hesablama Palatası AzMİU-da yoxlamalar apararaq ciddi qanun pozuntularını da aşkara çıxarmışdı. 

Palatadan bildirilmişdi ki, auditlə əhatə olunan illərdə xərc smetaları təsdiq edilərkən xərc maddələri üzrə tələbat düzgün müəyyənləşdirilmyib. 

Təsdiq olunmuş ilkin xərc smetalarında çoxsaylı, bəzi hallarda isə zərurət olmadığı halda dürüstləşmələr aparılmışdı. Bu isə universitet rəhbərliyi tərəfindən sürəkli olaraq, mənimsəmə hallarına da yol verildiyinə dəlalət edirdi. 

Onu da yada salaq ki, rektorun adı plagiat işində hallanıb. Bu haqda məlumat vermişdik. Yazıdakı iddialarla bağlı universitet rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq.

DİGƏR XƏBƏRLƏR