Deputat “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilməsini təklif edir

Deputat “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilməsini təklif edir
"Bu günlərdə Əfv komissiyasının iclası keçirilib və inanın ki, Əfv ərizələrinin böyük əksəriyyəti piyadalar üçün faciə ilə nəticələnən yol qəzalarına aid müraciətlər təşkil edirdi. Təsəvvür etsək ki, bu qəzalar nəticəsində iki və ya daha çox ailə birdən-birə bədbəxt olur, o zaman bu faciələrin miqyasını təsəvvür etmək elə də çətin deyil. Ona görə piyadaların qadağan olunmuş yerlərdən keçməsinin qarşısını almaq və bu halları minimum səviyyəyə qədər azaltmaq üçün cərimə və cəzalar bir qədər də sərtləşdirilməli, nəzarət daha da gücləndirilməlidir”.
 
Sfera.az xəbər verir ki, bu sözləri parlamentə "Yol hərəkəti haqqında” qanununa edilən dəyişikliklərin müzakirəsi zamanı Milli Məclisin deputatı Elmira Axundova bildirib. 
 
E.Axundova deyib ki, çox hallarda piyadaların yol hərəkəti qaydasını kobud şəkildə pozması nəticəsində qəzalar baş verir:

"Hətta özümüz şahid oluruq ki, avtomagistral və avtobanlarda insanlar yerüstü və yeraltı keçidlərdən yox, qadağan olunmuş yerlərdən keçir və bir çox hallarda bu faciəvi qəzalara səbəb olur”.

Deputat "Yol hərəkəti haqqında” qanuna dəyişiklik etməyi də təklif edib: 

"Son zamanlar, yol hərəkəti təhlükəsizliyini təmin edən tədbirlərə baxmayaraq sərnişin avtobusları ilə törədilən qəzalar artmaqda və çox ağır nəticələr yaşanmaqdadır. Dövlət orqanları tərəfindən keçirilən reydlər zamanı aydın olur ki, özəl sərnişin daşıma şirkətlərinin marşurutlarını idarə edən şəxslər bəzən sürücülük vəsiqəsi olmadan avtobusları idarə edirlər. Məncə belə sürücüləri xəttə buraxmaq, buna göz yummaq çox ağır cinayətdir. Burada onlarla, hətta yüzlərlə insan həyatından söz gedir, biz bu qədər insan həyatının təhlükəyə atılmasına biganə qalmamalıyıq. Düşünürəm ki, belə hərəkətlərə görə məsuliyyət artırılmalı, nəzarət və cəza tədbirləri gücləndirilməlidir. Bununla əlaqədar "Yol hərəkəti haqqında” qanuna xüsusi dəyişiklik də edə bilərik. Eyni zamanda sərnişinlər tərəfindən sürücülərə qarşı edilən kobudluq və zorakılıq aktları da çoxalmaqdadır, biz efirdən və mətbuatdan tez-tez belə halların şahidi oluruq. Bu barədə də «Avtomobil nəqliyyatı haqqında» Azərbaycan Respublikası qanununun 32-ci, "Sərnişinlərin əsas vəzifələri” maddəsində boşluqlar var və bu maddəyə mütləq belə halların aradan qaldırılması üçün sərnişinlərin davranış qaydaları haqqında bir sıra əlavələr olunmalıdır”.

Qeyd edək ki, "Yol hərəkəti haqqında” edilən dəyişikliyə əsasən, ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən fiziki və hüquqi şəxslərin fəaliyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik edilib.

Hazırda qanuna əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü beynəlxalq yol hərəkətində iştirak etdikdə yük avtomobillərinin və avtobusların nəzarət qurğusu (taxoqraf) olmadan və ya işləməyən, yaxud möhürlənməsi pozulmuş taxoqrafla, habelə, sürücünün iş və istirahət rejimini əks etdirən taxoqramları doldurmadan idarə etməməlidir.

Yəni, hazırda qüvvədə olan qanuna əsasən beynəlxalq yük daşımalarını həyata keçirən yalnız yük avtomobillərinin və avtobuslarının sürücüləri üçün nəqliyyat vasitəsində işlək və möhürlənmiş taxoqrafların və doldurulmuş taxoqramların olması öhdəliyi müəyyən edilib.


OXŞAR XƏBƏRLƏR