Deputat: Soçi görüşünü sülh prosesinə töhfə verən təmas kimi qiymətləndirmək olar

Deputat: Soçi görüşünü sülh prosesinə töhfə verən təmas kimi qiymətləndirmək olar
Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin Soçidə keçirilən üçtərəfli görüşünü sülh prosesinə töhfə verən təmas kimi qiymətləndirmək olar. Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail oldu. Avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olundu. Hər hansı bir şərt qoymadan Azərbaycan Prezidentinin mövqeyi Birgə Bəyanatda öz əksini tapdı və ən əsası, sənəddə "Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin olmaması Azərbaycanın haqlı və qətiyyətli mövqeyinin nümayişidir.

Bunu Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputatın sözlərinə görə, dövlət rəhbərlərinin Bəyanatında da qeyd olunduğu kimi, 10 noyabr razılaşmasının icrası başda olmaqla, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılmasına dair 2021-ci il 11 yanvar tarixli Bəyanatı da diqqət mərkəzində saxlanıldı. Aydın oldu ki, məhz Azərbaycan ötən bir il ərzində müharibənin fəsadlarının aradan qaldırılması, kommunikasiyaların açılması məsələlərində maksimal konstruktivlik nümayiş etdirib. 10 noyabr Bəyanatında əks olunan məsələlər məhz Azərbaycan tərəfindən məsuliyyətlə icra edilməkdədir. Ermənistan isə hələ ki, bu konstruktivliyi nümayiş etdirməkdən boyun qaçırır və üstəlik, sülh prosesini məhz təxribatlar törətməklə pozur.

"Dövlətimizin başçısının da qeyd etdiyi kimi, rəsmi Bakı dəfələrlə Azərbaycanla Ermənistan arasında sərhədlərin təxirəsalınmaz delimitasiyasının vacibliyini bəyan edib. Azərbaycan qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq, gələcəkdə qonşu kimi yaşamağı təşviq etmək üçün Ermənistana sülh razılaşması üzərində işə başlamağı təklif edib. Rəsmi Bakı bu prosesdə Rusiyanın da rolunu yüksək qiymətləndirir. Dövlət sərhədində vəziyyətə gəlincə, baş vermiş toqquşmalar risklərə nəzarət etmək, onları minimallaşdırmaq və yekun sülh razılaşması üzərində işləməklə bağlı məsələlərin üçtərəfli formatda müzakirəsini zəruri edir”, - deyə K.Nurullayeva bildirib.

Deputat diqqətə çatdırıb ki, indiki məqamda Ermənistanın pozucu fəaliyyətinə yox, 10 noyabr və 11 yanvar bəyanatlarından irəli gələn vəzifələrin mümkün qədər tez həllinə yönəlmiş birgə səyləri gücləndirməyə ehtiyac var. Soçidə imzalanan Birgə Bəyanatda da tərəflər bu istiqamətdə razılıq ifadə ediblər. Ortaq yanaşma bundan ibarətdir ki, Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin olunması maraqlarına uyğun şəkildə ardıcıl surətdə fəaliyyət davam etdirilməlidir. "Biz Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımlar atmağa və tərəflərin xahişi əsasında Rusiya Federasiyasının məsləhətçi köməyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması istiqamətində iş aparmağa razılaşdıq. Biz regionun iqtisadi potensialını üzə çıxarmaq üçün tez bir zamanda konkret layihələrə start verilməsinin vacibliyini vurğuladıq”, - deyə Birgə Bəyanatda qeyd olunur.

Tərəflər arasında mövcud vəziyyətdən narahatlığını ifadə edən Rusiya Prezidenti Vladimir Putin bundan sonra da Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, xalqlar arasında etimad mühitinin yaradılması, habelə regionda mehriban qonşuluq münasibətlərinin qurulması maraqları naminə bundan sonra da bütün lazımi yardımı göstərməyə hazır olduğunu bildirdi.

"Ermənistan istəsə də, istəməsə də bütün səylər regionun dirçəldilməsi üçün şəraitin yaradılması, insanların orada özlərini təhlükəsiz hiss etmələri istiqamətində çalışmağa məcburdur”, - deyə K.Nurullayeva fikirlərini tamamlayıb.

OXŞAR XƏBƏRLƏR