Deputat: Milli Məclis rəhbərliyinin çoxpartiyalılıq prinsipi əsasında formalaşması mühüm önəmə malikdir
Sfera.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, siyasi ekspert Arzu Nağıyev bildirib.
Deputat deyib: "Əsas məsələ odur ki, qarşıya qoyulan məqsədə uyğun olaraq Milli Məclis çoxpartiyalılıq prinsipi əsasında formalaşdı. Bu prinsip həm də parlamentin rəhbərliyində - spiker və onun müavinləri, komitə sədrlərinin seçkilərində də özünü göstərdi. Yəni, parlamentin rəhbərliyində həm bitərəflər, həm də azlıqda olan partiyaların nümayəndələri təmsil olundular. Bu da mühüm önəmə malikdir və siyasi sistemin möhkəmləndirilməsinə xidmət edir”.
Deputat qeyd edib ki, dövlət başçısının çıxışında əsas xətt kimi iqtisadi inkişafın dərinləşdirilməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial siyasət və gənclər siyasəti kimi məsələlər öz əksini tapdı. Deputatlara verilən tövsiyələrdən ən vacibi seçicilərlə daim təmasda olmaq, onların problemləri ilə maraqlanmaq, beynəlxalq qurumlarda Azərbaycan həqiqətlərini daha geniş şəkildə təbliğ etmək oldu. Bununla yanaşı, Azərbaycanın daim müstəqil, prinsipial və milli maraqlarına uyğun siyasət yürütməsi məsələsi də ən aktual məsələdir. Bütün bu sadalananlar təbii ki, Prezident İlham Əliyevin siyasi xətti olan müstəqilliyin möhkəmlənməsinə, təhlükəsizliyin təmin edilməsinə və insanların rifahının daha da yaxşılaşmasına xidmət etməlidir.