Dənizə axıdılan çirkab suları, zibillər arasında günəşlənən insanlar - Çimərlik mövsümünə hazırıqmı?

Dənizə axıdılan çirkab suları, zibillər arasında günəşlənən insanlar - Çimərlik mövsümünə hazırıqmı?
Çimərlik mövsümünün açılmasına sayılı günlər qalsa da, ərazilərdəki vəziyyəti qənaətbəxş qiymətləndirmək olmaz. Çimərlik ətrafı mərkəzlərdə çirkab suyunun  daha yaxın məsafədən dənizə axıdılması, zibil qutularının olmaması və bu səbəbdən ərazinin zibillənməsi problemi bu çimərlik mövsümü üçün də prioritet mövzulardan biridir. 

Turizm üzrə ekspert Çingiz İsmayılov Sfera.az-a açıqlamasında bu mövsümdə görüləcək əsas işlərdən danışıb.
 
O bildirib ki, yerli idarəetmə orqanları, bələdiyyələr də çimərliklərin təmizlənməsi ilə bağlı görülən işlərə qoşulmalıdır. Bununla yanaşı maariflənmə işlərinin də aparılmasına ehtiyac var: 

"Çimərliklərin ərazilərində təbliğat xarakterli lövhələr vurulmalıdır. Sakinlər, turistlər arasında maariflənmə işləri aparılmalıdır. Müxtəlif xidmətlər təklif edən sahibkar və işçilər arasında iş aparılmalıdır. Təbliğat aparılmasa, müvafiq işlər görülməsə, çimərliklərdəki biabırçılıq davam edəcək. Turist növbəti dəfə ora gəlməyəcək”. 

Ç.İsmayılov bildirib ki, çimərlik ətrafı ərazilərdə mərkəzlərin boruları 400 metrədək dənizin dərinliyinə uzadılmalıdır: 

"Orada turistlər üçün xidmətlər təklif edən mərkəzlər sahildə yerləşməklə çirkab sularını birbaşa olaraq dənizə axıdırlar. Borular ən azı 400 metr dənizin dərinliyinədək uzadılmalıdır. Lakin borular sahildə yarım metr məsafədən suya buraxılıb. Belə olan halda təbii ki, çimərliklərdə vəziyyət bərbad olacaq. Bu cür yerlərdə çimənlərin də sağlamlığı ciddi təhlükə altındadır”.

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR