Dekabrda prezident seçkiləri keçiriləcək?

Dekabrda prezident seçkiləri keçiriləcək?

 

Sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin nəticələrinin təsdiq olunmasından sonra Azərbaycanda bu ilin dekabr ayında prezident və növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb.


"Qafqazinfo” xəbər verir ki, yayılan məlumatlara əsasən konstitusiyaya edilən son dəyişikliklər seçkilərin keçirilməsini zəruri edən amilə çevrilib. Bildirilir ki, xüsusilə də prezidentin səlahiyyətlərinin artırılması ilə bağlı maddələr prezident seçkilərinin keçirilməsini labüdləşdirir.


Bununla bağlı "Qafqazinfo”ya danışan millət vəkili Fazil Mustafa referendumun nəticələri təsdiq olunandan sonra Azərbaycanda prezident seçkilərinin keçirilməsi ehtimalının böyük olduğunu vurğulayıb: "Prezidentlik müddətinin artırılması yeni bir situasiya yaradır. Digər tərəfdən vitse-prezidentlik institunun təsis olunması prezidentin daha yeni səlahiyyətlər qazanaraq bu istiqamətdə müəyyən yeni təyinatlar etməsini zəruri edir. Parlamentin isə statusu, müddəti, səlahiyyətləri ilə bağlı heç bir ciddi dəyişiklik yoxdur. Ona görə də daha çox prezident seçkilərinin keçirilməsi ehtimalı böyükdür. Ona qalsa gərək bələdiyyə seçkiləri də dərhal keçirilsin. Amma bu üç seçkini keçirmək ölkə üçün iqtisadi və siyasi cəhətdən çox böyük hazırlıq tələb edən məsələdir. Prezident seçkiləri isə 2018- ci ildə keçirilməlidir, onun 1 il əvvələ çəkilməsi o qədər də fərq etmir”.



Millət vəkili Zahid Oruc isə referendumun nəticələrinin təsdiqindən sonra hakimiyyət orqanlarının yenidən formalaşması üçün prezident və parlament seçkilərinə gediləcəyi haqda deyilənlərin hüquqi əsasının olmadığını vurğulayıb:


"Konstitusiya 5 illik dövrdə ölkəyə rəhbərlik edən şəxs üçün müvafiq maddələrin qüvvəyə minməsini, onların tətbiqini qadağan etmir. Ona görə də yeni seçkilər keçirilməyəcək. Yəni, vitse-prezidentlərin təyinatına, yaxud vətəndaşa layiqli xidmət etməyən məmurun fəaliyyəti ilə bağlı hazırkı maddələrin gerçəkləşməsinə heç nə olmur. Qeyd etdiyiniz sualların yaranmasının səbəbini başa düşmək olar. İqtidar əleyhdarları bir tərəfdən konstitusiya islahatlarını qəbul etmir və ulu öndərin rəhbərliyi ilə yazılmış Ana qanunun müdafiəçisi kimi çıxış edir, o biri yandan 26 sentyabr dönəmini xəyali olaraq nəzərə almaqla yeni seçkilər tələb edir. Halbuki beynəlxalq təşkilatların Azərbaycanla münasibətləri davam etdirməsi, məlum sanksiya çağırışı tərəfdarlarının mövqeyinin qəbul olunmaması onu deməyə əsas verir ki, referendum müxalifəti ölkənin həyatında fəal iştirak imkanlarından bir az da uzaqlaşdırdı. Lakin əgər seçkilər hətta gələn həftə keçirilsəydi belə, hazırki iqtisadi-siyasi reallıqda İlham Əliyevdən başqa heç bir qüvvə qalib gələ bilməzdi. Çünki xalqın öz təhlükəsizliyinə və idarəetmə sistemində aparılan köklü qansız islahatlara münasibəti dəyişməyib.



Parlamentə gəldikdə isə, yeni seçkilərə getmədən ölkənin həyatına, dövlət quruculuğuna dair gündəliyi fəal şəkildə qanunverici orqanın tribunasına daşımaq yetər ki, kimsə yeni seçkiləri xəyalından belə keçirməsin. Legitimlik təkcə səsvermə qutusu ilə bağlı hadisə deyil, həmçinin xalqın təmsilçiyini hər zaman ən yüksək şəkildə yerinə yetirməyə çalışmaqdır”.


Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov da yayılan məlumatlarla bağlı "Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, sözügedən informasiyaların heç biri rəsmi deyil: "Bunlar ancaq qəzet versiyaları ola bilər. Bunun reallıqla heç bir əlaqəsi yoxdur. Prezident seçkilərinin keçirilməsi Konstitusiya ilə müəyyən olunur. Növbədənkənar seçkilər keçirmək prezidentin hüququdur. Bunlarla bağlı Mərkəzi Seçki Komissiyasının hansısa qərar vermək hüququ yoxdur. Konstitusiya ilə seçkilər 5 ildən bir keçirilməlidir. Ona görə də növbəti seçki 2018- ci ildə keçiriləcək”.


 



OXŞAR XƏBƏRLƏR