Dağlıq Qarabağ: sülh danışıqları nə vəd edir? - ŞƏRH

Dağlıq Qarabağ: sülh danışıqları nə vəd edir? - ŞƏRH
 
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Bratislavada keçirilən görüşü 3 saat yarımdan çox davam edib. Rəsmi məlumatda tərəflərin münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr apardığı vurğulanır.

Eyni zamanda nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi üzrə razılığa gəliblər. Bratislava görüşü 2019-cu ildə Qarabağ münaqişəsinin həlli ilə bağlı sonuncu yüksək səviyyəli görüş sayılır.

Bəs bu ilı Dağlı Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar nə ilə yadda qaldı? İl ərzində sülh danışıqları prosesində hansı mühüm məqamlar qeydə alınıb? Ermənistan rəhbərliyinin danışıqlara yanaşması necə oldu? Gələn il danışıqlar prosesi hansı yöndə davam edə bilər? Bu və digər suallarla politoloqlara müraciət etdik. Siyası ekspertlər Qarabağda aparılan danışıqları, il ərzində sülh danışıqları prosesində mühüm məqamları, Ermənistan rəhbərliyinin danışıqlara yanaşmasını qiymətləndirdi.

Politoloq Qabil Hüseynli Qaynarinfo-ya açıqlamasında ümumi mənzərənin nikbin olmadığını vurğuladı: 
"Ümumi mənzərəyə, baş verən proseslərin gedişinə diqqət yetirdikdə nikbin düşünə bilmirsən. Bratislava görüşündə XİN rəhbəri Elmar Məmmədyarovun qeyri-nikbin çıxışı ilə bağlı məlumat oxudum. Ermənilərin Dağlıq Qarabağda keçirmək istədiyi referendumla bağlı Azərbaycanın platforması bəllidir: "Əgər orada referendum keçiriləcəkcə, həmin ərazi Azərbaycanın tərkib hissəsi olduğuna görə bu, Azərbaycan Respublikasının qanununa uyğun olaraq keçirilməlidir". 

Amma ermənilər deyir ki, guya "qondarma respublika"nın "qondarma parlamenti"nin qəbul etdiyi referendumda yalnız Dağlıq Qarabağ əhalisi arasında keçirilsin, Azərbaycan icması da gəlib iştirak etsin. Ancaq böyük sülh sazişi imzalansa, o çərçivə daxilində rayonlar azad edilir və yalnız ondan sonra Azərbaycan Respublikasının referendum haqqında qəbul etdiyi qanuna uyğun olaraq referendum keçirilə bilər. Müəyyən keçid dövrü müəyyənləşər və o müddətdə o ərazidə yaşayan Azərbaycan icması geri qaytarılar". 

"Gələn il danışıqlar prosesi hansı yöndə davam edə bilər?" sualına isə Qabul Hüseynli "Bu, Rusiyanın təyin etdiyi kursla müəyyənləşəcək", - deyə cavab verib.

Siyasi şərhçi Tural İsmayılovun fikrincə isə problemə yanaşma yeni xarakter almağa başlayıb:
 
"Qarabağ probleminə yanaşma yeni xarakter almağa başladı. Bunun əsas səbəbi dünyada və regionda baş verən dəyişikliklər, son illər Ermənistanda yaşanan hadisələr və Azərbaycanın hərbi qüdrətinin olduqca yüksəlməsi oldu. ATƏT-in Minsk Qrupunun xətti ilə mülki xarakterli sülh sazişinin bağlanması üçün cəhdlər intensivləşdi. İki tərəfin qeyri-hərbi sferaları arasında təmaslar, qarşılıqlı səfərlər və xalqların ümumi sülhə hazırlanması prosesinin daha da sürətlənməsini müşahidə etdik. Ən əsası isə son bir ildə cəbhə xəttində qarşıdurmaların səviyyəsində ciddi eniş yaşandı. 

Dağlıq Qarabağ məsələsi ilə bağlı ümumi yanaşmanın iki istiqaməti var: Birincisi, Ermənistan rəhbərliyinin ATƏT-in Minsk Qrupu xətti ilə ifadə etdiyi mövqedir, ikincisi isə Nikol Paşinyanın daxili auditoriyaya yönəlmiş təxribatçı mövqeyidir. Birincidəki "sülhsevərlik" obrazı ikincidə destruktiv, tipik erməni milliyətçiliyi donu geyindi. Ermənistanda daxili siyasi sabitliyin möhkəm olmaması, rəqib qüvvələr arasında qarşıdurma meyilləri və xarici dövlətlərlə Ermənistan lobbisinin kəskin konfrantasiyası Ermənistanda istənilən an hakimiyyət böhranı yarada bilər. Bunun necə olacağını isə biz indi proqnozlaşdıra bilmirik".




OXŞAR XƏBƏRLƏR