Cümhuriyyət üçün şəhid olan general

Cümhuriyyət üçün şəhid olan general
Ötən əsrin əvvəllərində çar Rusiyası ordusunda xidmət göstərmiş və döyüşlərdə bir sıra qəhrəmanlıqlara imza atmış Azərbaycan generallarından daha biri haqqında söz açmaq istəyirik. O, sonradan bir çox cəsur hərbçi həmkarları ilə birlikdə öz ölkəsinin milli ordusunda qulluq etmiş şəxslərdəndir. Azərbaycanda Xalq Cümhuriyyəti qurulduqdan sonra cəbhələrdə bərabər döyüş yolu keçdiyi dostları ilə birgə Bakıya dönmüşdü.
Onların gözəl bir arzusu vardı – doğma Azərbaycanın güclü, intizamlı ordusunu qurmaq! Bu yolda əllərindən gələni də etdilər. Qısa zamanda ordunun əsas strukturlarını formalaşdırıb, bir sıra uğurlu əməliyyatlar da keçirdilər. Amma əzəli və əbədi düşmən tarix boyu qan uddurduğu bir xalqın dirçəlməsinə göz yuma bilməzdi. Beləcə, min-min qurban bahasına qurulmuş milli hökuməti Qırmızı rus ordusunun caynaqları ilə süquta uğratdılar. O hökuməti təmsil edən böyük bir intellektual nəslini də tək-tək aradan götürdülər. Bu hərbçilər nəslini təmsil edən generalımız da həmin qaniçən imperiyanın qurbanlarından biri oldu…
 
O general bir zamanlar çar ordusunda artilleriya generalı Əliağa Şıxlinski və Səməd bəy Mehmandarovla çiyin-çiyinə vuruşmuş Ibrahim ağa Usubov idi.
Ibrahim ağa Usubov 1872-ci ildə Qazax rayonunun Salahlı kəndində doğulmuşdu. Birinci Dünya müharibəsinin odu-alovu içində bir çox azərbaycanlı hərbçilər kimi, az şücaət göstərməmişdi. Müharibə başa çatdıqdan sonra Xarkov şəhərində yerləşən 122-ci Tambov süvari alayında hərbi xidmətə başlamışdı. Ibrahim ağa Usubovun Nəriman Nərimanov, Əliheydər Qarayev, Mixail Frunze və başqaları ilə yaxın əlaqələri var idi. 1915-ci il avqustun 1-də döyüş meydanlarında göstərdiyi şücaətə görə ona polkovnik rütbəsi verilmişdi.
 
Bu müharibədə onun göstərdiyi şücaət haqqında "Kaspi” qəzetinin 26 fevral 1916-cı il sayında Ceyhun Hacıbəyli yazırdı: "122-ci Tambov süvari alayının zabiti, üçüncü dərəcəli ”Müqəddəs Vladimir” (1916-cı il), ikinci dərəcəli "Müqəddəs Stanislav”, ikinci dərəcəli "Müqəddəs Anna” ordenli kavaler Ibrahim ağa Usubov bu alaya təyin olunandan sonra polkovnik rütbəsi almışdır. 1914-cü il oktyabrın 14-də Mizines kəndi ətrafındakı yüksəkliyə hücum zamanı Ibrahim ağa batalyona komandirlik edərkən düşməni iki cərgə səngərdən vurub çıxarmış və üç gün bu yüksəkliyi avstriyalıların əks hücumlarından qoruyub saxlamışdır”.
 
Polkovnik Ibrahim ağa Usubov artilleriyası ilə öz alayına himayədarlıq etmiş və Peremışl qalasından düşməni vurub çıxarmışdır. Bu döyüşlərdə göstərdiyi igidliyə görə 1915-ci il aprelin 19-da "Müqəddəs Georgi” ordeninin 4-cü dərəcəsi ilə təltif olunmuşdur (Vikipedia).
Azərbaycanın ordu quruculuğunda böyük rolu olub
 
Şübhəsiz ki, görkəmli hərbçinin uğurları bununla bitmir. O, döyüş meydanlarında göstərdiyi qəhrəmanlıqlara görə daha yüksək rütbələrə layiq görülür. 1917-ci il iyulun 1-də 133-cü süvari diviziyasında briqada komandiri təyin olunan Ibahim ağa Usubova general-mayor rütbəsi verilir.
Nəhayət, o tarixi gün gəlib yetişdi. Şərqdə ilk demokratik cümhuriyyət quruldu. Bu, belə hərbçilərə hava-su kimi tələbat duyulduğu bir dövr idi. 1918-ci ilin may ayında Ibrahim ağa Usubovu Azərbaycan Milli Ordusunda işə dəvət etdilər. O, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Əbdülhəmid bəy Qaytabaşı, Cavad bəy Şıxlinski və başqa hərbçilərlə birgə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Milli Ordusunun təşkilinə başladı. 1918-ci ilin aprelində Gəncədə praporşik məktəbi açdılar. Burada azərbaycanlı gənclər təhsil alırdılar. Bir il sonra həmin məktəb Bakıya köçürüldü və Azərbaycan Hərbiyyə Məktəbi adlandırıldı. 1919-cu il yanvarın 9-da milli hökumət, xalqına sidq ürəklə xidmət etdiyinə görə Ibrahim ağa Usubovu hərbiyyə naziri yanında tapşırıq generalı vəzifəsinə təyin etdi.
 
Milli hökumət Ibrahim ağanı 1919-cu ildə Azərbaycan ordusu üçün hərbi ləvazimat və hərbi geyim alıb gətirmək məqsədilə Italiyaya ezam etmişdi. Ibrahim ağa Usubovun xarici ölkəyə ezam olunması təsadüfi deyildi. O, fransız, ingilis, alman və polyak dillərini mükəmməl bilirdi. Respublika Mərkəzi Dövlət Arxivində saxlanan bir sənəd – ADR-in Italiyadakı nümayəndəsinin ölkənin milli ordusuna geyim və təchizat əşyaları almaq üçün hərbi nazirliklə danışıqları barəsində teleqram bunu təsdiq edir: "Özünün sərəncamında olmadığından, Italiyanın hərbi nazirliyi paltar və silah verə bilmir. O, avtomobillər, aeroplanlar, projektorlar, dizliklər, mələfələr və adyallar verir. Geyim əşyaları göndərilməsi Gellə tapşırılıb. Ilk partiya dekabrın axırlarında Batuma gələcək. Keyfiyyətli köhnə paltar tapmaq mümkün deyil. Əgər qiyməti əl versə, bu əşyaların əvəzinə parça almaq barəsində fikirləşərəm. Parçanın bizdəki qiymətini bildirməyinizi xahiş edirəm”.
 
Müstəqil Azərbaycan ordusu üçün böyük qisas
 
Bu generalların milli ordunun quruculuq işlərində çalışdığı tarix Azərbaycanın ən şanlı tarixi hesab oluna bilər. 1920-ci ilin aprelində Qırmızı ordu işğalçılıq planını reallaşdırdı. Ilk günlər gərginliyin artmasından ehtiyatlanan işğalçılar hərbçi kadrlara toxunmadılar. Əliağa Şıxlinski, Ibrahim ağa Vəkilov, Səməd bəy Mehmandarov, Əbdülhəmid bəy Qaytabaşı, Firidun bəy Vəzirov, Ibrahim ağa Usubov və bütün azərbaycanlı hərbçilərə, generallara xüsusi əmr verildi ki, poqonlarını çıxarıb Qırmızı orduya xidmət etsinlər. Lakin çox keçmədi ki, bolşevizmin çirkin siması özünü göstərdi. Ibrahim ağa Usubovu on iki azərbaycanlı general və zabitlə birlikdə 1920-ci il iyunun 16-da gecə ikən Nargin adasına aparıb orada güllələdilər. Həmin dövrdə Nargin adasında güllələnmiş başqa generallarımız aşağıdakılardır: general-mayor Həbib bəy Hacı Yusif oğlu Səlimov (Azərbaycan Cümhuriyyətinin ilk hərbi naziri), general-mayor Əmir Kazım Qacar, general-leytenant Məmməd bəy Sulkeviç, general-mayor Əbdülhəmid bəy Şərifbəy oğlu Qaytabaşı, general-mayor Murad Gəraybəy oğlu Tlexas (milliyətcə çərkəz olan Murad bəy 1918-ci ildə Azərbaycana könüllü olaraq gəlmişdi), general-mayor Əliyar bəy Mehdi oğlu Haşımbəyov. Ümumilikdə isə, rəsmi mənbələrə görə, 1920-ci ilin bolşevik-daşnak terroru nəticəsində Azərbaycan Milli Ordusunda xidmət edən 12 general, 27 polkovnik və podpolkovnik, 46 kapitan və ştabs kapitan, poruçik və podporuçik, 148 praporşik və podpraporşik, 266 digər rütbəli hərbi qulluqçu qətlə yetirilmişdir.
 
Bu hərbçilər həbs olunan zaman Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov ayrı kamerada olublar. Xoşbəxtlikdən onların Nəriman Nərimanova göndərdikləri məktub ünvanına çatıb və onlar xilas olublar. Orduya soxulan terrorçu-daşnaklardan ehtiyat edən Nərimanov buna görə 1920-ci il avqustun 1-də Ə.Şıxlinski və S.Mehmandarovu Moskvaya göndərib.
 
General Ibrahim ağa Usubovdan çox az nişanə qalıb. O, 1910-cu ildə Tiflisdə yaşayan qohumu, Zaqafqaziya müftisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin kiçik qızı Gövhər xanımla ailə həyatı qurmuşdu. Onların yeganə övladları isə qızları Nigar Qayıbova olub. Nigar xanım sonralar Azərbaycan Dövlət Konservatoriyasının müəllimi olub, Əməkdar Incəsənət xadimi adına layiq görülüb.

OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...