Cəmİyyət

"Cinayəti dini ritualın simvolu olan dönər bıçağı ilə törədiblər..." - Fazil Mustafadan Gəncə hadisələri ilə bağlı AÇIQLAMA

Ötən gün Gəncədə baş verən hadisələr bir daha müəyyən qüvvələrin ölkədə təxribat törətməkdə maraqlı olduğunu göstərdi. İki polisin vəhşicəsinə öldürülərək şəhid olması isə olayların ən pik nöqtəsi hesab edilir. 

Millət vəkili Fazil Mustafa Sfera.az-a açıqlamasında baş verən olaylarla bağlı şərh verərək qeyd edib ki, dini radikalizmə qarşı məqsədyönlü mübarizə aparılmazsa, vəziyyət daha da gərginləşəcək:

"Ölkədə dini radikalizm, xürafata qarşı mübarizə effektli şəkildə aparılmadığı üçün bu cür hadisələrin baş verməsi gözlənilən idi. Telekanallarda bu cür mövzularda danışanların əksəri elə xürafatçılığı dəstəkləyənlərdir. Bu gün Azərbayanın ikinci böyük şəhərində belə hadisələrin baş verməsi, iki polisin şəhid olması ən azından ibrət dərsi verməlidir və biz bundan müyyən nəticələr çıxarmalı, məqsədyönlü şəkildə bu cür təzahürlərə qarşı mübarizə aparmağa səfərbər olunmalıyıq. Əks hada, gərginlik daha da arta bilər”.

F.Mustafa qeyd edib ki, illərdir ki, Azərbaycanda bu cür şəbəkələr müxtəlif mərasimlər adı altında fəaliyyət göstərirlər:

"Biz modern dövlətik, şəriət dövləti deyilik. İslama dəyər veririksə, Qurani-Kərimdən kənara çıxa biləcək hansısa qondarma, uydurma mərasim, adətlər, rituallara yenidən baxılması vacibdir. Azərbaycan cəmiyyəti dindarının Qurani-Kərimlə yaşamasını təmin etməlidir. Hadisə dönər bıçağı ilə törədilmişdi. Dönər bıçağı həm də dini ritualın istifadə olunan simvoludur. Bu isə ənənəvi islamı yaşatmalıyıq deyənlərin gəldiyi nəticədir. Hər zaman deyirik ki, ənənəvi islam deyilən anlayışı istifadədən qaldırmalıyıq. Ənənəvi islam Şeyx Nəsrullahın, Molla Sadığın islamıdır. Səmimi şəkildə insanlara Quranın məntiqini izah etməliyik ki, burada birini, özünü, yaxud da başqasını döymək, bir-birinə düşmən kəsilmək deyə bir anlayış yoxdur. Bunu bacarsaq, o  zaman hər kəs Quran adı ilə bu cür fəaliyyətlə məşğul olanlara kriminal prizmadan yanaşacaq. Qanunvericilikdə islam dini ilə bağlı prosedurların dəqiqləşdirilməsinə ehtiyac var. Qanunvericilik nəyi din olaraq tanıyır? -Quranda yazılanları. Hərə bir ölkədən nəsə bir adət-ənəni tətbiq edəcəksə, o zaman biz nəticə etibarı ilə Azərbaycan polisinin güllələnməsi, şəhid olmasının şahidi olacağıq”. 

F.Mustafa bu cür dini qruplaşmaların öz  fəaliyyətlərini genişləndirməyə davam etdiklərini bildirib:

"İllərdir ki, onlar öz qüvvələrini genişləndirməklə məşğuldurlar. Onların müxtəlif saytları fəaliyyət göstərir və bunun qarşısının alınması üçün heç bir addım atılmır. Bu hadisələr buraxılan səhvlərin nəticəsidir”.

F.Mustafa bildirib ki, xaricdən din adı ilə idarə olunan müxtəlif quruplaşmalar ölkədə sabitliyin pozulmasında maraqlıdır: 

"Bunun üçün təhsilin səviyyəsini qaldırmaq lazımdır. Əks halda alternativlərə daha çox meyillilik olacaq; insanlar ya çayxana, ya qumarxana, ya da ki, dinxana, məscidxanalara, bu cür cərəyanlara meyilli olacaq. Biri Ərəbistan, biri İran, digəri Türkiyədən kopyaladığı islamı Azərbaycanda tətbiq etməyə çalışır. Biz dəfələrlə demişik ki, dövlətin tanıdığı hicab forması olmalıdır ki, kimsə bunu ideoloji vasitə kimi ölkəmizə sırımasın. Lakin təəssüflər olsun ki, bunu dinləyən yoxdur. Kiçik bir qığılcımdan alov doğar. Odur ki, qanunvericilikdə ciddi dəyişikliklərə ehtyac var”.

Nigar Məhərrəm
Sfera.az

XƏBƏR LENTİ