Ceyhun Hacıbəylinin gəlini və nəvəsi Bakıya gəlir
17:04 / 04.12.2018
2286
Azərbaycanın müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olmuş şəxsiyyətlərdən biri - Ceyhun Hacıbəylinin Parisdə yaşayan varisləri - oğlu Timurçinin həyat yoldaşı Paskal Hacıbəyli Buşe və oğlu Benjamin Hacıbəyli Azərbaycana gəlir.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Komitənin Cümhuriyyətin 100 illiyi ilə bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində Bakıya gələn qonaqlar Şəhidlər Xiyabanını ziyarət edəcək, muzeylərdə olacaq, Dövlət Komitəsində, Mədəniyyət Nazirliyində, ADA Universitetində və digər qurumlarda görüşlər keçirəcəklər.
1993-cü ildə həyat yoldaşı vəfat etdikdən sonra Paskal Hacıbəyli Buşe Hacıbəylilər ailəsi və Azərbaycanla əlaqələrini davam etdirib. O və oğlu Benjamin axırıncı dəfə 2006-cı ildə Bakıda olublar.
Xatırladaq ki, Vətəni və milləti üçün böyük işlər görmüş Ceyhun Hacıbəyli Azərbaycan Xalq Cümhuriyyəti dövründə "Azərbaycan” qəzetinin redaktoru olub, sonradan isə Azərbaycan nümayəndə heyətinin tərkibində Parisə gedib. 1920-ci ilin aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra bir daha geri qayıtmayıb, Fransada mühacirət həyatı yaşayıb.
1962-ci ildə vəfat edən C.Hacıbəyli Parisin Sen-Klu məzarlığında dəfn edilib.