Cənubi Koreyada təhsil alan azərbaycanlı tələbə: \"Burda heç kim it əti yemir\" (FOTOLAR)

Cənubi Koreyada təhsil alan azərbaycanlı tələbə: \
 Bir çox azərbaycanlı tələbə dünyanın müxtəlif ölkəsində təhsil alır. Gənclərimizin böyük hissəsi məsafə, dil, mədəniyyət, milliyyət baxımından, qardaş Türkiyəyə daha çox üz tuturlar. Amma elə gənclərimiz də var ki, onlar minlərlə kilometr uzağa gedib çıxıblar.

Onlardan biri də Səmran Rəhimovdur. Azərbaycan Dillər Universitetinin 3-cü kurs tələbəsi olan Səmran Rəhimov, hazırda tələbə proqramı ilə Cənubi Koreyada təhsilini davam etdirir.

Cənubi Koreyanın "Hankuk University of Foreign Studies” adlı universitetində təhsil alan gənc, yaşadığı ölkə və şəhər haqqında verdiyimiz suallara maraqlı cavablar verdi.  

- Azərbaycanlı üçün Koreya çətin deyil ki..?

- Əslində ilk başda əlbəttə ki, çətinliklər var idi. Tamam yad bir mədəniyyət, heç kimi tanımırsan. Sadəcə ilk başlardakı üstünlüyüm dil bilmək idi. Artıq zaman keçdikcə özündən asılı olmayaraq adaptasiya olursan. Yeməklərinə alışmaq da çətin oldu. Bizdən fərqli olaraq çox acılı yeməklər yemələri buna səbəb oldu. Amma yuxarıda qeyd etdiyim kimi istəməsən belə öyrəşməyə məcbursan. Seçimin yoxdur.

- Deyirsən ki, qida məsələsi çətin olub. Bizim mətbəxlə onların mətbəxi arasında ciddi fərqlərin olduğunu bilirik. Hazırda orada necə qidalanırsan?

- Cənubi Koreyada yaşadınsa donuz əti yemək mütləqdir. Çünki burada digər ətlər dəhşət bahadır. Hələ tələbə oldunsa işin daha çətindir. Ona görə menyumun əsasını donuz ətli yeməklər təşkil edir. Koreya yeməklərindən sıxılanda KFC, Burger Bing və s. kimi yerlərdə yeyirəm. Bir sözlə möhtəşəm mətbəxləri var (Gülür-red)

- Orada sayları az da olsa azərbaycanlılar yaşayır. Onlarla ünsiyyətin, əlaqən varmı? Qürbət ölkədə bir-birinizi tapa bilirsiniz?

- İlk başda azərbaycanlı tələbələr tapmaq çətin olmuşdu. Amma indi demək olar ki, 80% ilə əlaqəm var, görüşürük. Vaxtımızı şən keçirməyə çalışırıq.

- Koreya dili çətindir. Anlaşmaqda çətinlik yaşamırsan? Gəncsən, tələbəsən, qızlarla tanış olmaq üçün nələr edirsən? Koreyalı qızla gələcək düşünürsənmi? Ümumiyyətlə orada qalmaq istərdinmi?

- Koreyadakı 7 ay özümü inkişaf etdirməyə çox kömək oldu. Burdakı qalan vaxtımı da daha səmərəli keçirməyə və daha çox şey öyrənməyə sərf edəcəyəm. Burda qızla tanış olmaq üçün sadəcə yaxınlaşıb qəhvə içməyə, ya da yemək yeməyə dəvət etmək kifayətdir. Əgər qarşı tərəf də maraqlıdırsa onda tanış olacaqsız (gülür-red). İndiki şərtlər altında növbəti 10 ilimi düşünmədən burda qala bilərəm. Çünki burada magistr və doktorantura oxumaq istəyirəm. Burada təhsil düşünə bilməyəcəyiniz qədər möhtəşəmdir.

- Orada tələbə üçün iş imkanı varmı? Cəmiyyət arasında problem yaşamırsan ki..?

- Tələbə kimi parttime (yarımştat) işləyib, 1 ayda 1000 dollardan çox qazanmaq olur. Bu da bir tələbəni idarə edir. Ümumiyyətlə insanları çox yaxşıdır. Mədəni, gülərüz, əyləncəli və s. Ona görə hələ heç bir problem yaşamamışam. Mən onların dilini, mədəniyyətini öyrənmək üçün minlərlə km yol gəlmişəm. Bəzən söhbət edərkən hər şeyə görə təşəkkür edirlər ki, bizim dilimizi öyrənirsiniz. Bəzən burda Azərbaycan dili  -  Türk dili bölümündə oxuyan koreyalı tələbələrlə söhbət edirəm. Həqiqətən çox gözəl bir hisdir. Dünyanın bir ucunda kimsə sənin dilini öyrənir. Bu işdə əziyyəti olan buradakı professorlarımıza sonsuz təşəkkürlər düşür.

- Məşhur bir söz var ki, Koreya kimi ölkələrdə it əti yeyilir.

- Koreya müharibəsi zamanı dəhşət aclıq olanda it əti yeyilib. Məncə normaldır. Yeməyə heç nəyin olmasa sağ qalmaq üçün hər şey yeyərsən. Gənc nəsillərdən heç kim it əti yemir və 7 aydan çoxdur burdayam nə bir it əti yeyən, nə də it əti satan yer görməmişəm. İndi artıq hər şeyi almağa pulları var. Hələ o dövrün insanlarına xüsusi endirimlər edilir. İctimai nəqliyyatlardan pulsuz istifadə və s. Qocalar bütün ictimai nəqliyyat vasitələrindən pulsuz istifadə edirlər. Buna səbəb isə, Koreyanın hazırda bu halda olmasında hər kəs onlara minnətdardır. Sonda demək istərdim ki, bacardıqca yeni nələrsə öyrənməyə çalışaq, yeni nələrsə kəşf edək. Azərbaycanda Koreyanı özümüz quraq.

Məhəmməd Türkmən,
Musavat.com
 



OXŞAR XƏBƏRLƏR