\"Cəmil Həsənli müxalifətə qoşulandan sonra səviyyəsini aşağı endirdi\" - Fikrət Qoca ziyalıların MÜDAFİƏSİNƏ QALXDI
17:35 / 19.02.2018
3291
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca Milli Şuranın sədri Cəmil Həsənlinin və digər müxalifət nümayəndələrinin prezident İlham Əliyevin namizədliyini dəstəkləyən ziyalılar haqqında aşağılayıcı fikirlər səsləndirməsinə cavab verib.
F.Qoca Sfera.az-a bildirib ki, Azərbaycan daxilində və xaricində ölkəni fəlakətlərə aparmaq istəyən ağılsız adamlar çoxdur:
"Bu gün axmaq adamların sayı qanan adamlardan çoxdur. Çünki axmaqlıq etmək asan yoldur. Ziyalıları tənqid edən adamlar ilk növbədə öz maraqlarını düşünürlər. Xaricdən Azərbaycanı qaralayan adamlar isə nə bilir ki, ölkəmizdə real vəziyyət necədir? Bizi tənqid edən şəxslərin heç biri Anar Rzayevin səviyyəsində deyil. Onlarla danışıb söhbət aparmağa da dəyməz. Cəmil Həsənli çox yaxşı ziyalı idi. Ancaq müxalifətə qoşulandan sonra öz səviyyəsini aşağı endirdi. İndi Cəmil Həsənli gəlib onların səviyyəsinə düşüb. Mən bu hərəkətləri Cəmil Həsənliyə ayıb bilirəm. Əgər Cəmil Həsənli ətrafında olan adamlarla yazıçı Anarın səviyyəsini ayıra bilmirsə, ona söz deməyə ehtiyac yoxdur. Allah özü Cəmil Həsənliyə kömək olsun ki, ağılı başına gəlsin".
Xalq şairi deyib ki, aprelin 11-də keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmüş şəxslərdən heç biri İlham Əliyevə potensial rəqib olmaq gücündə deyil:
"Mən prezidentliyə namizədlərin siyahısı ilə tanış olmuşam. Ancaq onların arasında prezident İlham Əliyevə rəqib olacaq namizəd görmürəm. İndi yalandan deməliyəm ki, İlham Əliyev zəif namizəddir? Reallıq odur ki, bu gün müxalifət arasında İlham Əliyevə potensial rəqib olacaq şəxslər yoxdur".
Fikrət Qoca prezidentliyə namizədlər arasında İlham Əliyevin ən layiqli namizəd olduğunu söyləyib:
"Azərbaycan cəmi 27 ildir ki, müstəqillik qazanıb. ABŞ-ın isə 200 ildən çox müstəqillik tarixi var. Təbii ki, bu illər ərzində müəyyən problemlər də olacaq. Ancaq İlham Əliyev Azərbaycan dövlətinin müstəqilliyini möhkəmləndirən şəxsdir. Onu bütün dünya tanıyır və qəbul edir. Başqa adam prezident olsa, onun dünyada tanınması və qəbul edilməsi üçün 4-5 il zaman lazımdır. Bu müddətdə isə Azərbaycan dövlətinin müstəqilliyinə qarşı təhdidlər ola bilər. Biz buna bənzər acı hadisələri ötən əsrin 90-cı illərininin əvvəllərində yaşamışıq. O dövrdə Azərbaycan müstəqilliyini itirmək təhlükəsilə üzləşmişdi. Biz 1918-ci ildə də müstəqillik qazanmışdıq. Ancaq onu qoruyub saxlaya bilmədik. Reallıq odur ki, rəhmətlik Heydər Əliyev bu dövlətin müstəqilliyini qoruyub saxlaya bildi. Bu gün də Azərbaycanın müstəqilliyini prezident İlham Əliyev gücləndirir. Azərbaycan hələ keçid dövrünü yaşayır. Bu yolu da qət etmək asan məsələ deyil. Bu yola bələd olan prezident lazımdır. O da İlham Əliyevdir. İlham Əliyev Azərbaycan üçün çox əhəmiyyətli olan və 20-30 il qabağa hesablanan layihələr həyata keçirir, ölkəyə milyardlarla valyuta gətirəcək beynəlxalq müqavilələr bağlayır, ölkəni dünyada tanıdır. Belə bir əhəmiyyətli məqamda İlham Əliyev prezident olmasa, Azərbaycanın taleyi necə olar? Onun yerinə yeni adam gələrsə, Azərbaycan təhlükələrlə üzləşər, beynəlxalq layihələr yarımçıq qalar və sairə. Yenə də Azərbaycan xaos vəziyyətinə düşər, insanlar pis vəziyyətdə yaşayarlar. Axı müxalifət bunu niyə düşünmür? İmkan vermək lazımdır ki, İlham Əliyev həyata keçirdiyi uğurlu layihələri başa çatdırsın".
Lətif Əhmədov