Böyük Britaniya Avropa İttifaqında qalacaqmı?

Böyük Britaniya Avropa İttifaqında qalacaqmı?
 Böyük Britaniyada növbədənkənar parlament seçkilərini dekabrın 12-də keçirmək qərara alınıb. Ölkə parlamentinin İcmalar Palatası mühafizəkar hökumətin təklifi əsasında bununla bağlı qanun layihəsini qəbul edib. 
 

Təşəbbüs Baş nazir Boris Conson tərəfindən irəli sürülüb. Məlumata görə, o, dördüncü cəhddə istəyinə nail olaraq, İcmalar Palatasının yenilənməsini təmin etməklə ölkənin Avropa İttifaqından çıxması ilə əlaqədar yaranmış "parlament iflici”nə son qoyub. 

Bu, Liberal Demokrat və Şotlandiya Milli partiyalarının baş naziri dəstəkləməsi nəticəsində mümkün olub. İndiyədək Consonun növbədənkənar parlament seçkiləri keçirmək təklifini üç dəfə bloklamış leyboristlər də hökumətə dəstək veriblər. 

Bundan sonra Baş nazir Boris Conson ölkəni "Brexit” dalanından çıxaracağına ümid edir. O bildirib ki, parlamentin hazırkı tərkibdə oktyabrın 17-də Brüssellə əldə olunmuş razılaşmanı təsdiq edəcəyinə inanmır və yenə də müddətin uzadılmasını tələb edəcək.

Xatırladaq ki, oktyabrın 29-da axşam səsverməsi zamanı Britaniya parlamentinin 438 deputatı yeni seçkilərə dəstək verib. Təklifin əleyhinə cəmi 20 deputat çıxış edib, 181 nəfər bitərəf qalıb. Qanuna əsasən, yeni seçkiləri təyin etmək üçün Consona cəmi 320 səs kifayət edirdi. 

Parlamentə növbədənkənar seçkilərin keçirilməsi lüzumu Boris Consonun Brüsseldə Avropa İttifaqı ilə razılaşma əldə etməsindən sonra yaranıb.  Bununla Britaniya parlamentində pat vəziyyəti əmələ gəlib: deputatlar oktyabrın 17-də Aİ ilə razılaşmanı faktiki olaraq təsdiq etsələr də, Baş nazirin "Brexit” haqqında qanunu üç gün ərzində qəbul etmək barədəki təklifini rədd ediblər. Bu isə hökumətin "Brexit”i 31 oktyabra qədər həyata keçirməklə bağlı planlarını pozub. Bundan sonra Conson yeni parlament seçkiləri keçirmək qərarına gəlib. 



OXŞAR XƏBƏRLƏR