Sİyasət

“Bunun cəmiyyətə və deputatlara istisi, soyuğu yoxdur...” – Parlamentin buraxılmasına reaksiyalar

“Bunun cəmiyyətə və deputatlara istisi, soyuğu yoxdur...” – Parlamentin buraxılmasına reaksiyalar

"Hakim Yeni Azərbaycan Partiyası həm Azərbaycandakı digər siyasi təşkilatlara, həm də dünyaya göstərdi ki, hakim partiya islah olunmaq istəyir”.


Sfera.az-a açıqlamasında bu sözləri YAP Siyasi Şurası və bu partiyadan olan deputatrların parlamentin buraxılaraq Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı dövlət başçısına müraciət etmələrinə münasibət bildirərkən hakim partiya üzvü, politoloq Cümşüd Nuriyev deyib:

 

"Bildiyimə görə, Türkiyədə parlametli respublika dövründə belə hadisə baş verib. Ancaq prezident üsul-idarəli ölkələr sırasında ilk dəfədir ki, məhz Azərbaycanda hakim partiyanın təşəbbüsü ilə parlament özünü buraxmaq niyyətinə düşüb. İnanıram ki, bu bir ilk olsa da, Azərbaycan xalqının taleyində mühüm və çox müsbət rol oynayacaq. Növbəti parlamentin Azərbaycanı dünyada uğurla təmsil edə biləcək daha çox şəxslərdən ibarət olacağına əminəm. Özümə gəldikdə, partiya məsləhət bilsə namizədliyimi verəcəm, məsləhət bilməsə yox”.

 

ASDP sədri Araz Əlizadə isə hesab edir ki, baş verənlərin nə cəmiyyətə, nə də deputatlara istisi-soyuğu yoxdur: "Lazım biliblər, Milli Məclisi buraxıblar. Yəqin ki, bununla bağlı hakim partiyanın hansısa dəlilləri, əsasları var. Amma bunun cəmiyyətə və deputatlara istisi, soyuğu yoxdur. Partiyamız növbədənkənar parlament seçkilərində iştirak etməyi düşünür. Ancaq böyük maliyyə imkanımız olmadığından bu dəfə də az namizədlə prosesə qoşulmağa məcburuq”.

 

ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, parlamentin buraxılması son referendumda Konstitusiyaya edilən dəyişikliklərlə bağlı zəruri hala gəlib: "Ona görə də parlamentin buraxılaraq Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi Konstitusiyaya uyğundur. Mövcud parlament Konstitutsiyanın köhnə maddəsi ilə seçilib. Ona görə də parlamentin fəaliyyətilə Konstitusiya arasında ziddiyyət vardı. Məhz həmin ziddiyyətin aradan qaldırılması üçün yeni parlament seçkilərinin keçirilməsi zəruri hala gəlib. Digər tərəfdən, görünür indiki şərtlər əlverişli olduğundan növbədənkənar parlament seçkilərini də gündəmə gətiriblər. Ümid edək ki, bu seçkilər əvvəlkilərindən bir qədər fərqli keçiriləcək. Siyasi partiyalar bu seçkilərdə iştirak etməlidir”.

 

Elçin

Sfera.az

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031