Büdcədən rayonlara ayrılan vəsait niyə gizli saxlanılır? – Ekspert “maraqlı qüvvələr var” deyir

Büdcədən rayonlara ayrılan vəsait niyə gizli saxlanılır? – Ekspert “maraqlı qüvvələr var” deyir
 

"Büdcə müzakirəsi zamanı rayon və şəhərlərə ayrılacaq gəlir və xərclər barədə məlumatı millət vəkillərinə təqdim etmirlərsə, bu büdcə sistemi haqqında qanuna ziddir”.


Sfera.az-a açıqlamasında bu sözləri büdcə müzakirəsi zamanı bölgələri təmsil edən deputatların belə həmin bölgənin təhsil, səhiyyə, kənd təsərrüfatı, sosial müdafiəsinə nə qədər vəsait ayrıldığını bilməmələri, büdcədə gəlir və xərclərin rayon və şəhərlər üzrə bölgüsünün aparılmaması barədə fikirlərə münasibət bildirərkən iqtisadçı ekspert Cümşüd Nuriyev deyib:


"Vaxtilə parlamentdə büdcəyə nəzarət komissiyasının sədri olmuşam. Büdcə sistemi haqqında qanun var. Büdcəni parlamentə Maliyyə Nazirliyi təqdim edir. Burada hər bir rayona ayrılacaq vəsaitlər konkret rəqəmlərlə göstərilir. Ancaq büdcə müzakirəsi zamanı bunu millət vəkillərinə təqdim etmirlərsə, bu büdcə sistemi haqqında qanuna ziddir. Deputatlar bunu tələb etməlidirlər. Əhalinin sayına görə, rayon və şəhərlərdə yerləşən müəssisə və obyektlərdən yığılan vergidən həmin rayon və şəhərlərə də vəsait ayrılır. Büdcədə eyni zamanda, rayonlara ayrılan dotasiya və subsidiyalar da öz əksini tapır”.


C. Nuriyevin fikrincə, büdcə müzakirələri zamanı rayon və şəhərlərə ayrılan gəlir və xərclərin gizli saxlanılmasında maraqlı olan qüvvələr var: "Yəqin ki, bu prosesdə maraqlı qüvvələr var. Çünki subsidiya əvəzsiz verilən yardımdır. Dotasiya isə faizsiz verilən borcdur. Ona görə də müəyyən maraqlı qüvvələr sözügedən məsələni gizli saxlamağa üstünlük verirlər. Bunun nəticəsidir ki, rayon icra hakimlərinin hərəsi kiçik padşah olub. Belə vəziyyətin yaranması Milli Məclisin öz günahıdır, tələb etməyib. Hesablama Palatası var, onlar nə ilə məşğuldur?”


Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR