Büdcə xərclərinin şişirdilməsinə qarşı “xüsusi resept” – Ekspert iki yol göstərdi

Büdcə xərclərinin şişirdilməsinə qarşı “xüsusi resept” – Ekspert iki yol göstərdi


 

"Hökumət ümumiyyətlə, fəaliyyətini yenidən qurmalıdır. İslahatlar kompleks şəkildə aparılmalıdır”.


Bu sözləri Sfera.az-a açıqlamasında Prezident İlham Əliyevin iqtisadi məsələlərə həsr edilmiş müşavirədəki çıxışında xərcləri şişirdərək büdcə vəsaitlərini mənimsəyənləri tənqid etməsinə münasibət bildirərkən İlham Şaban söyləyib:


"Keçirilən müşavirənin məqsədi o idi ki, hər bir nazirlik, dövlət komitəsi növbəti il üçün büdcənin proqnozlaşdırılması üçün öz sifarişlərini versinlər. Ancaq bu sifarişlərdə göstərilən rəqəmlər heç də reallığı əks etdirmir. Bu mənada dövlət başçısının tənqid və iradları yerində idi”.

 

Ekspert büdcənin şişirdilmiş rəqəmlər vasitəsilə süni şəkildə yüklənməsindən xilas etmək şəffaf tenderlərin əhəmiyyətini önə çəkib: "Dövlət büdcəsini şişirdilmiş rəqəmlədən qurtarmağın iki yolunu təklif edə bilərəm. Birincisi, bütün dünya praktikasında bu var ki, açıq, şəffaf tenderlər həyata keçirilməlidir. Bu yol büdcəni əlavə yüklərdən qurtarmaq, rasionallığı artırmaq üçün əsas yoldur. İkincisi , şəffaf tender vasitəsilə nəzərdə tutulan iş hanısa bir şirkətə verilsə də, burda işə nəzarət mexanizmi olmalıdır. Maliyyə Nazirliyi, Hesablama Palatası, Dövlət Komitələri və digər əlaqədar orqanlar tərəfindən ciddi nəzarət həyata keçirilməli, işlə bağlı hesabatlar hazırlanmalıdır. Ümumiyyətlə isə hökumət fəaliyyətini yenidən qurmalıdır. İslahatlar kompleks şəkildə aparılmalıdır. Dövlət büdcəsi nə qədər rasional xərclənsə insanların həyat səviyyəsi, yaşayışı daha da yaxşılaşar”.

 

 

Səbuhi

Sfera.az


OXŞAR XƏBƏRLƏR