AdRiver
Bu gün Yel çərşənbəsidir

Bu gün Yel çərşənbəsidir

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.

Xalq arasında "Külək oyadan çərşənbə”, "Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnama görə, bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif,inanc, məsəl və s. yaranıb. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.

İnanclara görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər. Yeli əsdirəni söyməzlər. Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.

Yel çərşənbəsində qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır. Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür.

Qeyd edək ki, Azərbaycanda Novruzun ilk çərşənbəsi - Su çərşənbəsi fevralın 27-də, Od çərşənbəsi martın 6-da qeyd edilib.

Axırıncı - Torpaq çərşənbəsi martın 20-də qeyd olunacaq.

Yaz fəsli isə Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq.
 
 
Sfera.az

DİGƏR XƏBƏRLƏR


---