Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan
Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin
liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin ad günüdür.
Sfera.az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, 31 yanvar 1884-cü ildə Bakının
Novxanı kəndində anadan olub. Rəsulzadə Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib.
1917-ci il oktyabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli
surətdə keçirilən Müsavat Partiyasının birinci qurultayına Məhəmməd Əmin Rəsulzadə
Mərkəzi Komitənin sədri seçilib. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün
qəzalarında "Azərbaycana muxtariyyət" şüarı altında milli hərəkat başlayıb.
1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan
millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların
çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına
daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şurası yaranıb.
Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şuranın sədri seçilib.
Bolşeviklərin işğalından sonra vətəni tərk etməyə məcbur olan Məhəmməd Əmin
Rəsulzadə ömrünü mühacirətdə başa vurdu.
1920-ci il aprelin 28-də Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra
Məhəmməd Əmin Rəsulzadə Moskvaya, oradan isə Finlandiyaya gedib.
Sonradan Rəsulzadə Türkiyəyə gəlib və ömrünün sonunadək Ankarada yaşayıb
. 1955-ci il martın 6-da orada vəfat edib.