Müsahİbə

“Bu gün dünya ədəbiyyatında şeir nəsrə uduzur” - Rafiq Yusifoğlu

“Bu gün dünya ədəbiyyatında şeir nəsrə uduzur” - Rafiq Yusifoğlu
 

"Ədəbiyyat yaradıcı adam üçün yalnız daxili dünyasını ifadə vasitəsi yox, həm də ağrılardan xilas vasitəsidir"

Bu gün "Qonaq otağı"nda sumqayıtlı şair, ədəbiyyatşünas, tərcüməçi, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru , professor Rafiq Yusifoğludur.


- Neçə yaşınızdan şeir yazırsınız ?

- Mənim şeir yazmağa başlamağımın çox maraqlı bir tarixi var. Belə ki, bir gün atam mənə öz yazdığı şeiri dedi və məndən bunu bir yerə köçürməyimi istədi və tapşırdı ki, altından öz adımı yazım. Elə onun dediyi kimi də etdim. Və beləcə, boynuma şeir yazmaq yükü düşdü. O vaxtlar mənim 7-8 yaşım olardı. Nəzmlə cızma-qara etməyə başladım. Şeirin qaydalarını bilmədiyim üçün ilk yazdıqlarımı şeir adlandırmaq heç də düzgün çıxmaz. Babamın da şeir yazmaq bacarığı var idi və o biləndə ki, mənim şeirə marağım var, onun qaydalarını, nizam-intizamını öyrətdi.  Beləcə, mən şeir yazmağa başladım. 

- İlk şeiriniz hansı mətbu orqanda, neçənci ildə işıq üzü gördü?

- İlk çap edilən şeirim "Qarğa məhəbbəti" adlı bir təmsil idi, 1966-cı ildə "Avanqard" qəzetində işıq üzü gördü. Və beləcə digər şeirlərim ara-sıra çap olunmağa başladı. 

- Bu gün tanınmış şair Rafiq Yusifoğlu olmaqda özünüzü kimə borclu sayırsınız?

- Mənə şeir yazmağın yöntəmini babam öyrətdiyi üçün bu sahədə özümə ilk müəllim onu sayıram.  Pedaqoji İnstitutda oxuyarkən müəllimim İsmayıl Şıxlı mənə ünvanlanan məktub yazmışdı. Həmin məktubda babamdan sonra o da şeir yazarkən əməl etməli olduğum qaydaları izah etdi. Böyük İsmayıl Şıxlı düz 4 il mənim müəllimim olub. Həmin illərdə o mənə şair kimi yetişməkdə yol göstərib. O zamanlar "Ulduz" jurnalı çap olunardı. Onun redaktoru böyük şairimiz Məmməd Araz idi, o həmin vaxtlar Məmməd İbrahim imzası ilə yazırdı. O zaman yazan hər kəsin diləyi yazdıqlarının həmin jurnalda işıq üzü görməyi idi. Mən də tez-tez şeirlərimi "Ulduz"un redaksiyasına aparar, Məmməd əminin dəyərli məsləhətlərinə qulaq asardım. Həmin jurnalın "süzgəcindən" keçib dərc olunmaq isə heç də asan məsələ deyildi. Orada həmin vaxt Məmməd Arazla yanaşı Tofiq Bayram, Cabir Novruz kimi sanballı adlar toplanmışdı. 

- Bəs sizin "şeir süzgəcinizdən" keçmək necə, asandır yoxsa daha çətindir?

- Mən uzun müddət  "Göyərçin" jurnalının ədəbiyyat şöbəsində müdür işləmişəm. Düzünü desəm, məndən şeir keçirmək çox çətin məsələdir. Az öncə adını çəkdiyim şairlərin əhatəsində püxtələşib, onlardan öyrənmişəm, ona görə onların xarakterləri də mənim üzərimə hopub. Məndən şeir keçirmək Tofiq Bayramdan şeir keçirmək qədər çətindir. Bu gün Yazıçılar Birliyinə üzv olan şairlərin çoxu döş cibində Birliyin vəsiqəsini gəzdirir, ancaq çoxunun şairliyin ibtidai qaydalarından xəbəri yoxdur. Belələri isə, özlərini elə yuxarıdan tuturlar ki, sanki şeiriyyəti bunlar yaradıb. Bu gün ədəbiyyatımızda "boz ədəbiyyatdan " da aşağı şeir örnəkləri həddindən artıq çoxdur. Çünki bu tipli "şairlərə" bu gün "yaşıl işıqdır". Yazdıqları həmin an qəzet, jurnal, saytlarda işıq üzü görür, bunun nəticəsində isə onlar alaq otu kimi ədəbiyyatımıza ayaq açırlar. 

- Yazmağı bacarmayanların Yazıçılar Birliyində haqsız toplanmağından şikayətləndiniz. Bəs sizdən asılı olsaydı, Birliyə üzvlüyün şərtlərinə hansı maddələri salıb üzvlüyü çətinləşdirərdiniz?

- Mən Yazıçılar Birliyinə üzv olanda oraya 300 yazar üzv idisə, bu gün həmin rəqəm 1500-ə bərabərdir. Bizim dönəmimizdə birinin üç min misra şeiri çap edilməmişdisə, o Yazıçılar Birliyinə ərizə belə verə bilməzdi. Ancaq bu gün həmin misraları dərc etməyə nə var ki? Bu dəqiqə mənim ağlıma hər hansı bir yol gəlmir. Ancaq düşünüb üzvlüklə bağlı daha ciddi  üsullar seçmək olar. Yazıçılar Birliyinin üzvü olmaq hələ böyük  "qələm sahibi" olmaq deyil. 

- Bu gün şeirlə dünya ədəbiyyatında yer tutmaq olarmı?

- Mən bütün cəsarətimlə deyirəm ki, bu gün, ələlxüsus, bizim şeirlərimizlə dünya arenasında duruş gətirmək mümkün deyil. Ümumiyyətlə, bu gün şeirə dünya ədəbiyyatında demək olar ki, yer yoxdur. ABŞ kimi böyük bir ölkə nəzmdən imtina edib və başlıca üstünlüyü nəsr əsərlərinə verir. Şeirin ən böyük çatışmayan yönü onun tərcümə zamanı itirməsidir. Bir bənd şeir bizim dilimizdə anlamlı qafiyə kimi səslənsə də, əcnəbi dilə çevrildikdə o qulağa xoş olmayan söz yığınağına çevrilir. Rəsul Rza deyirdi ki, şeiri tərcümə edəndə bilirsən ki, bu şeirdir, ya yox?

- Yaradıcılığınızda uşaq ədəbiyyatına geniş yer verməyinizin səbəbi nədir?

- Uşaq ədəbiyyatı mənim yaradıcılığımın bir qoludur. Mən həm ədəbiyyatşünasam, həm şairəm, həm müəlliməm, həm jurnalistəm, həm tərcüməçiyəm. Və bütün bunlar mənim yaradıcılığımın bir tamını təşkil edir. Bunların heç birini bir-birindən ayıra bilmərəm. Yəqin ki, uşaq ədəbiyyatında olan boşluğu mən doldurduğum üçün bu gün uşaq ədəbiyyatında olan şair kimi daha da tanınıram. Mən yazarkən şeirlərimdə həm uşaqlara, həm də böyüklərə müraciət edirəm. Mənim üçün əsas oxucu kateqoriyası yox, fikrin böyüklüyü və dərinliyidir. Uşağı topluma hazırlamaq, ona lap kiçik yaşlarından xeyirxahlığı  və əməksevərliyi aşılamaq, onu maarifləndirib, təhsil almağa, oxumağa həvəsləndirmək, məni əlimə qələm götürüb yazarkən daha da ruhlandırır. Bu məsələlər ayrıca önəmlidir. Çünki uşaq ikən oxumayan, böyüdükdən sonra da oxumur. 

- Son vaxtlar Yazıçılar Birliyinin sədri Anar Rzayevin işinə münasibət birmənalı deyil. Hətta onu istefaya səsləyənlər də var. Bəs siz Birliyin üzvü kimi Anarın işindən razısınızmı?

- Tənqid edənləri də anlayıram. Ancaq orada Anar müəllimin işinə nəzər salsaq, görərik ki, o, hansısa bir qərara gəlmək, addım atmaq üçün həmişə gənclərlə, cavanlarla məsləhətləşir, fikir mübadiləsi aparır, bir sözlə, hər kəsə sayğı ilə yanaşır. Anar müəllimi tənqid edənlər, haqqında cəfəng fikirlər uyduranların ədəbiyyatdan anlayışları belə yoxdur. Yazıçılar Birliyinə sədr səsvermə yolu ilə seçilir. Qurultayda Anar müəllimin işindən razı və narazı olanlar müstəqil şəkildə öz iradələrini ifadə edib səsvermədə iştirak etsinlər, o zaman kim onlara nə deyə bilər ki? Mən özüm bu gün Anar müəllimin alternativini görmürəm. Əgər mənim düşüncəmi öyrənmək istəyirsinizsə, mənim aləmimdə yaradıcı qurumun rəhbərinə gərək yoxdur. Dünyanın heç bir yerində bu cür təşkilat da yoxdur, bütün bunlar SSRİ-dən qalma anlayışlardır. 

 - Hansı misranız məhz elə sizdən danışır?

- Mənim  bütüm misralarım məndən danışır, mən bütün misralarımda özümü görürəm. Mən ruhən bütün şeirlərimə hopmuşam. Mənim güclü və ya nisbətən zəif şeirlərim ola bilər. Ancaq onlardan heç birində bədii qüsur tapmaq mümkün deyil. 


- Ədəbiyyat sizin üçün nədir? Ədəbiyyat dedikdə gözünüz önündə nələr canlanır?

- Ədəbiyyat insanın iç dünyasının, düşüncələrinin aynasıdır. İnsan irqindən asılı olmayaraq insandır və onun duyğuları da eynidir. Bütün bunların içində ortaq məxrəci tapanda bu, ümumbəşəri ədəbiyyata çevrilir. Ədəbiyyat yaradıcı adam üçün yalnız daxili dünyasını ifadə vasitəsi yox, həm də ağrılardan xilas vasitəsidir. Bax, mənim üçün ədəbiyyat budur.

- Azadlıq sizin üçün nə deməkdir?

- Azadlıq bir dustaqxanadan - ana bətnindən,  o biri dustaqxanaya - qəbir evinə  qədər olan yoldur. Toplumda yaşayıb azad olmaq mümkün deyil. Əgər bütün dünyanı nura boyayan, işıqlandıran günəş azad deyilsə, insan necə azad ola bilər ?

- Hansı mövzuda yazacağınıza necə qərar verirsiniz? 

- Mən hansısa mövzuda öncədən düşünüb şeir yazmıram. Ağrılar, əzablar, düşüncələr müəyyən axara gəlib səni yazmağa məcbur edir. "İlham pərisi" deyirlər ona, əgər ilham pərisi gəldisə, o, sənin nə düşündüyünə baxmır. 

- Elə bir duyğu varmı ki, onu şeirlə ifadə etmək mümkün olmasın? 

- Mən elə bir fikri qəbul etmirəm. Şeir hər bir duyğunu, olayı izah edəcək qədər güclüdür. İstənilən həyat hadisəsini şeirin qüdrətinə etibar edib tapşırmaq olar. 

- Sizcə şair nə vaxt xalqın sevgisini itirə bilər? 

- Şair özünə sevgisini itirəndə xalqın sevgisini də itirə bilər. Mənim yazdıqlarımda həqiqət varsa,  xalq məni də şeirlərimi də sevəcək. Ona görə də, şair gərək nə qədər fantaziya və təxəyyülə varsa da, doğruluğu yerə qoymasın. Şair səmimidirsə, seviləcək. Səmimi olmayan, ondan biri olmayan şairi xalq heç vaxt sevməz. Xalqın sevgisini qazanmağın yolu özün olmaq və səmimi olmaqdır. Bunlardan birini itirsən, inan ki, xalq o an duyacaq və illərlə yığdığın hörməti itərəcəksən. 

- Siz uzun illərdir ki, həm də müəllim kimi çalışırsınız. Ən tanınmış, daha böyük uğurlar qazanmış şagirdlərinizə kimləri örnək göstərə bilərsiniz?

- Mənim tanınmış, həyatda böyük uğurlara müvəffəq olmuş şagirdlərim saysız hesabsızdır. Onlara örnək olaraq Ayət Kərimovanı, Sumqayıt İcra Başçısının müavini Akif Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, SDU-nun müəllimi Hamlet Zeynalovun adını çəkə bilərəm.

- Sumqayıtla eyni yaşda olmaq necə duyğudur? Sumqaytı necə ifadə edərsiniz?

- Sumqayıt mənim taleyimin şəhəridir. Mən düzünü deyəcəm. Gənc yaşlarımda mən bu şəhərə heç köçmək istəmirdim, hətta Sumqayıtı bəyənmirdim də. Çünki şəhər zavodların tullantısı ilə o dərəcədə çirklənmişdi ki, heç yaşamalı yer deyildi. 1966-cı ildən - 16 yaşımdan mən Sumqayıtda yaşayıram. Bu illər ərzində məni bu şəhərə bağlayan isə, onun binaları, gözəlliyi, çiçəklərindən əlavə, ən başlıcası dəniz olub. Mən dənizə o qədər bağlıyam ki, bura köçdüyüm gündən bu günədək mənim hər səhərim dənizdə açılır. Dəniz sahili ilə bulvarı görmək isə, ayrı bir qürur, sevincdir.  Sumqayıtı mən həm də camaatının istiliyinə, səmimiliyinə görə sevirəm. Sumqayıt böyük Azərbaycanın kiçik modelidir. Bu şəhər  illər içində mənim gözlərimin önündə dəyişib,  gözəlləşib. Mənim oğlum ABŞ-da - Los-Ancelesdə yaşayır. Ona tez-tez Sumqayıtın şəkillərini göndərirəm. Mən Los-Ancelesdə də olmuşam. Mənə görə, bu gün bizim şəhərimiz gözəllikdə  Los-Ancelesdən heç də geri qalmır. Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev şəhərimizə gəlmişdi. Zakir Fərəcov onunla birgə şəhərin ziyalılarının da görüşünü təşkil etmişdi. Məndən Sumqayıtı vəsf edəcək şeir söyləməyimi istədilər, ancaq mən digər bir şeirimi söylədim. Məndən bunun səbəbini soruşanda dedim ki, siz Sumqayıtda elə bir şeir yaratmısınız ki, mənim yazdığım şeir onun yanında adi görünür. Mən bu şəhərdə özümü görürəm. 

(168 saat qəzeti)


Müsahibəni hazırladı: Səbuhi Allahverdizadə

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031