Bu gün daha 3 nəfər ölümü seçdi - İntihar bumunun səbəbi nədir?
18:14 / 16.02.2018
2684
"İntihar xəbərlərinin yayılması intihar düşüncələrinin artmasına səbəb olur”.
Bu sözləri Sfera.az-a psixoterapevt Firdovsi Əliyev bu gün baş verən 3 intihar faktı ilə bağlı açıqlaması zamanı deyib.
O, bildirib ki, intihar edənlərin ən az 90%-i hər hansı bir psixoloji pozuntudan əziyyət çəkir:
"İntihar təşəbüsünə səbəb kimi, tək bir faktordan danışa bilmərik. Təəssüf ki, intihar yolu ilə baş verən ölümlərin sayı bütün dünyada getdikcə artır. Adətən, özünə qəsd edənlərin həyatlarında bu davranışa səbəb olan əsas səbəbi axtarsaq da, əslində məsələnin psixi sağlamlıqla yaxından əlaqəsi var".
Psixoterapevtin sözlərinə görə, intiharla nəticələnən psixi sağlamlıq problemlərinin ən başında depressiya gəlir:
"Bundan başqa bipolyar pozuntu, şizofreniya kimi psixotik pozuntular və maddə istifadəsi də intiharla nəticələnə bilər. İntiharın spesifik səbəblərinə isə, insanların müəyyən hadisələrlə və ya ağır emosional vəziyyətlərlə üzləşdikdə bunları idarə edə bilməməsi aid edilə bilər. Son olaraq ən vacib aktual səbəb faktorlarından biri də intihar davranışlarının iradi və ya qeyri iradi təşviqatıdır. İntihar xəbərlərinin yayılması intihar düşüncələrinin artmasına və intiharın kütləvi hal almasına gətirib çıxaran faktorlardan sayılır”.
Qeyd edək ki, bu gün ölkədə daha 3 intihar halı qeydə alınıb. Onlardan ikisi gənc qız, biri isə SOCAR-ın əməkdaşı olub.
Nihat HÜSEYNZADƏ