Bu gün cənnəti itirdiyimiz gündür
14:28 / 01.04.2019
9152
"Kəlbəcər ruhumuzun şəhəri idi. Kəlbəcərlə birlikdə keçmişimizi, həm də uşaqlığımızı itirdik. Ruhumuz da elə orada qaldı. Ayaq üstə gəzən isə quru cismimizdir”- bu sözlər kəlbəcərli balası, uşaqlıq dostum Elbrusa məxsusdur. O Elbrus ki, 7 yaşından onunla birgə at çapdıq eniş-yoxuşlarda, dovşan qovaladıq, quşlara cələ qurduq, dağ çaylarında balıq qova-qova yıxıla-dura bərkidik, böyüdük. O Elbrus ki, 14 yaşından əlinə silah alıb doğulduğu kəndin müdafiəsinə qalxdı. Hətta dəfələrlə yaralansa da, özündən böyük avtomatını yerə qoymadı. Elə Kəlbəcərin işğal olunmasını da o gecə Elbrus danışdı bizə.
O müdhiş gecə yadıma düşəndə dəhşətə gəlirəm. Gördüklərim bu gün də yaddaşımda sağalmaz bir yara kimi sızıldayır. Necə oldu ki, qartallar məskəni Kəlbəcər düşmən əlinə keçdi.
Doğrudan da, Kəlbəcər öz coğrafi mövqeyinə görə elə bir yerdir ki, oranı işğal etmək sadəcə olaraq mümkün deyildir. Təsadüfi deyil ki, Ermənistanın işğalçı dəstələri Azərbaycana 1988-ci ildən hücum edirdi, Kəlbəcər isə 1993-cü il mart ayının sonlarında işğal olunub. O vaxt Azərbaycanın bir çox bölgələri, o cümlədən bütünlükdə Dağlıq Qarabağ, Kəlbəcərlə qonşu olan Laçın rayonu işğal edilmişdi. Amma Kəlbəcər bir ada kimi qalmışdı. Bir tərəfdən, doğrudan da, coğrafi mövqeyinə görə, digər tərəfdən isə kəlbəcərlilərin özlərinin qəhrəmanlığına görə... Demək, onu saxlamaq, qorumaq mümkün idi. Ermənistanın işğalçı qüvvələrini Azərbaycanın zəbt olunmuş torpaqlarından, o cümlədən Dağlıq Qarabağdan, Laçından, başqa yerlərdən çıxarmaq üçün, şübhəsiz ki, Kəlbəcəri strateji nöqteyi-nəzərdən qoruyub saxlamaq lazım idi. Bu, bir nömrəli vəzifə idi. Ancaq təəssüf ki, o vaxt bunu etmədilər.
1988-ci ildən 1992-ci ilə qədər müharibənin ağırlığını çiynində gəzdirən, oğul və qızlarının hünəri ilə düşmənə layiqli cavab verən Kəlbəcər son anda demək olar ki, tamamilə tərksilah edilmişdi. Kəlbəcəri itirməklə, əslində, bütövlükdə Azərbaycanın sinəsinə sağalmaz yara vuruldu. Bu yerlər Qarabağın qala qapısı sayılır. Bölgəni digər rayonlarla birləşdirən yeganə yol Ağdərədən keçirdi. Ağdamın, Füzulinin, Qubadlının, Cəbrayılın taleyi, bir növ Kəlbəcərdən asılı idi. Kəlbəcərin Ermənistanla 136 kilometr, Dağlıq Qarabağla isə 96 kilometr sərhədi var. Demək bu rayon - Kəlbəcər gərək göz bəbəyi kimi qorunaydı. O zaman Kəlbəcər və Laçın qorunsaydı, Dağlıq Qarabağ problemi öz-özünə həll olunardı.
1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni yaraqlıları Ağdabana hücum edərək Aşıq Şəmşirin yurdunu viran qoydular. 32 nəfər mülki və hərbi şəxs qətlə yetirildi, yeddi nəfəri diri-diri ocağa atdılar, beş nəfər girov götürüldü, iki nəfər itkin düşdü, on iki nəfərə ağır bədən xəsarəti yetirildi.
1993-cü il mart ayının 27-də Ağdabanı ikinci dəfə oda qaladılar. Dinc əhaliyə növbəti dəfə divan tutuldu. Daha dözmək, tab gətirmək olmurdu. Respublika hökumətinin köməyindən əli üzülən əhali düşmən artilleriyası qarşısında tab gətirməyərək 31 mart gecəsi kəndi tərk etməyə başladı. Və nəhayət, aprel ayının 1-də Kəlbəcər rayonu erməni işğalçıları tərəfindən işğal edildi.
O gün Kəlbəcər eli yüzlərlə şəhid verdi, 231 nəfər itkin düşdü, 130 yaşayış məntəqəsi, dünya şöhrətli "İstisu" sanatoriyası, beş yüzdən artıq sənaye, tikinti, məişət, ticarət obyekti darmadağın edildi, yüz min baş mal-qara, beş yüz min baş qoyun-quzu, yüzlərlə maşın, texnika, avadanlıq talan olundu.
Kəlbəcərin işğalı Azərbaycana böyük fəlakətlər gətirdi. Strateji mövqelər, hərbi üstünlüklər ermənilərin tərəfinə keçdi. Bununla da Ağdamın, Zəngilanın, Füzulinin, Qubadlının, Cəbrayılın işğalına yol açıldı. Bu, artıq Qarabağın iflası demək idi.
Baharın yenicə qapımızı döydüyü gün qan-yaş axıtdı dağ-daşımız, yurdundan perik düşdü bacı-qardaşımız. O baharda da çəməndəki gül-çiçəklərimiz şəhid qanına bələndi. Sonrakı bahara, sonrakı qışa ümid bəslədik, dilək dilədik. Diləklərimizin hasil olacağı gün ümidilə Kəlbəcərə sarı boylanırıq. Artıq Vətən niskilli göz yaşımız da quruyub. Çünki göz yaşları ilə torpaqların azadlığına güvənməyə dəyməz. Bəzən düşünürəm ki, ovuç içi boyda bir ürək bu boyda dərdə necə tab gətirir? "Ancaq və ancaq yurd sevgisi, torpaq məhəbbətidir o ürəyə güc, qüvvət verən” – deyərək düşüncələrimin cavabını da özüm verirəm. Beləcə, illər bir-birini əvəz edir. Növbəti səhəri də Kəlbəcərə qayıtmaq ümidi ilə açırıq.
Qoşqar Salmanlı