Bu gün Azərbaycanın Milli Qəhrəmanının doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanının doğum günüdür
Bu gün  Qarabağ müharibəsində Azərbaycanın hərb  tarixinə şərəfli səhifələr yazan qəhrəmanlarımızdan biri, Azərbaycanın Milli Qəhrəmanı, mayor Əliyar Əliyevin doğum günüdür.
 
Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonu Qazyan kəndində doğulub. Peşəkar idmanla məşğul olan Əliyar Əliyev Qarabağ savaşı başlayan kimi ən cəsur oğulları başına toplayaraq vətənin müdafiəsinə qalxıb. Tez bir zamanda igid oğullarımız düşmənə sarsıdıcı zərbə vurmağı bacarıb. Onun komandirliyi ilə ən stareteji məntəqələr ələ keçirilib. Başarat, Susuz dağ, Suarası mövqeləri ələ keçirilərkən düşmənin 100-dən artıq canlı qüvvəsi məhv edilib.
 
26 fevral 1992-ci il. Xocalıda baş verən faciəni eşidən mayor Əliyar Əliyev özünə yer tapa bilmirdi. O, qisas hissi ilə alışıb yanırdı. Martın 3-də Əliyar Əliyevin komandirliyi altında artilleriyanın köməkliyi ilə Gorus şəhərinə sarsıdıcı zərbə endirilir. Düşmənin bütün hərbi məntəqələri darmadağın edilir. "Dağlarda tufan” adlı bu əməliyyat erməni hərbi birləşmələrini pərən-pərən salmışdı. Moskva və Yerevan mətbuatı bu hücum zamanı 336 nəfərin öldürüldüyünü yazmışdı. Bu hücümdan sonra Ermənistanda üç gün matəm elan edilir.
 
Yerevanda keçirilən mitinqlərdə Əliyar Əliyevə və 3 döyüşçüsünə ölüm hökmü çıxarılır. Lakin cəsur komandiri dayandırmaq mümkün deyildi. 1992-ci ilin aprel ayının 16-da "Qara bəbir” ləqəbli Suriya ermənisi Karlenin başçılığı ilə xaricdə xüsusi hazırlıq keçmiş 50 nəfərlik diversiya qrupu Lalazar körpüsünü partladıb Qubadlının sərhəd kəndlərinin rayon mərkəzi ilə əlaqəsini kəsmək, strateji yüksəklikləri ələ keçirmək üçün hücuma keçmişdi.
 
Ermənilərin hücumundan xəbərdar olan Əliyar Əliyev və döyüşçüləri düşməni mühasirəyə alaraq onları məhv edir. 1991-ci ilin may ayında Qubadlının Yuxarı Cibikli kəndi, 1992-ci ilin oktyabr ayının 12-də isə bu rayonun Topağac-Başarat yüksəkliyi uğrunda gedən döyüşlərdə də onun rəhbərlik etdiyi alay düşməni ağır itkilərə məruz qoyur. 1992-ci ilin iyun ayının 24-də onun komandirliyi altında düşmənin üç vertalyotu məhv edilir. 
Əliyar Əliyev 1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini 4 gün ərzində ermənilərdən azad edir. Onun əsgərlərinin cəsurluğu isə danılmaz idi. Hər bir əsgərinə xüsusi diqqət yetirən Əliyar Əliyev onlara bir qardaş kimi qayğı göstərirdi.
1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində düşmənin 30-dan çox döyüş mövqeyini darmadağın edilir. Cəmi 3 gün sonra 1992-ci il oktyabrın 3-də isə cəsur komandir "Tikanlı zəmi" yüksəkliyi uğrunda döyüşdə qəhrəmancasına həlak olur. Mayor Əliyar Əliyevin qəhrəmanlığı nəzərə alınaraq 1992-ci il noyabrın 10-da ölümündən sonra Milli Qəhrəman adına layiq görülür.
 
Əliyar Əliyevin ölüm xəbəri ilə bütün Qubadlı kədərə büründü. Bütün bir el-oba ona 40 gün yas saxladı. Təbii ki, bu camaatın ona məhəbbətindən irəli gəlirdi. Çünki o, qubadlıların dirəyi, dayağı idi… Ölümünün qırxıncı günü rayon mərkəzində onun abidəsinin açılışı oldu.
 
İllər biri-birini əvəz edir. Bu gün də torpaqlarımız düşmən işğalındadır. Ancaq inanırıq ki, şəhid olan oğullarımızın qanı yerdə qalmayacaq. Azərbaycan əsgəri tezliklə işğalda olan torpaqlarımızı azad edəcək.


OXŞAR XƏBƏRLƏR