\"Bu cür səhvləri bağışlamırlar\" - Qurban Qurbanov

\
 "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Mladost”la oyundan sonra apasport.az saytının suallarını cavablandırıb.

- Oyun haqqında nə deyə bilərsiz?

- Matç pis keçmədi. 26 gündü burdayıq, futbolçular bir az yorğundular, amma buna baxmayaraq, futbolçular yaxşı oyun göstərdilər. Bəzi oyunçularımız zədəli oldular, bütün görüşlərdə meydana çıxa bilmədilər. Ümumiyyətlə, toplanışdan razı qaldım. Sınaq matçlarında səhvlər nə qədər çox olsa, məşqçilər üçün bir o qədər yaxşıdı. Səhvləri görürük, aradan qaldırmağa çalışırıq.

- Yoldaşlıq oyunlarında komanda bir qələbə də qazanmadı...

- Əlbəttə ki, diqqətimdədi. Burda qalib gəlməməyin səbəblərini özümüz bilirik, hər toplanışda belə hallar olur. Biz də bunun qarşısını almağa çalışırıq.

- Bir dəfə yenə olmuşdu ki, komanda bütün yoxlama oyunlarında məğlub olmuşdu. O zaman demişdiz ki, bu səhvlər, aradan qaldırılası səhvlərdi. İndi yenə belə düşünürsüz?

- Demək olar ki, eyni prosesdi. Get-gedə bu səhvlər aradan qalxmalıdı. Çünki indiki komandalar bu cür səhvləri bağışlamırlar. Daha diqqətli və ciddi olmalıyıq. Düşünürəm ki, bunu da bacaracağıq.

- Bir həftə sonra Premyer Liqa başlayacaq və "Qəbələ” ilə qarşılaşacaqsınız. Komanda o vaxta kimi hazır olacaqmı?

- Mən dəfələrlə demişəm ki, komanda toplanışlardan sonra ancaq 3-4 oyuna özünə gəlməyə, optimal forma yığmağa başlayır. Amma yenə də çalışacağıq ki, bu vəziyyətdən maksimum az itki ilə çıxaq.

- Təlim-məşq toplanışında "Qəbələ”ni nəzarətdə saxlayırdız?

- Düşünürəm ki, nə bizim "Qəbələ”ni nəzarətdə saxlamağa, nə də onların bizi izləməyinə ehtiyac var. Onsuz da bir-birimizi yaxşı tanıyırıq.

- Hər bir halda "Qəbələ” ilə iki dəfə qarşılaşacaqsınız. Amma ilk oyunun onlara qarşı olması yaxşı, yoxsa pis haldı?

- Bu məsələyə indi yox, bir iki gün dincəldikdən sonra cavab versək, daha düzgün olar.

- 6 yoxlama oyunu keçirdiz. Bu rəqiblərdən hansının oyun stili "Qəbələ”yə daha yaxındı?

- Hər biri fərqli rəqiblərdi. Hər məşqçinin fərqli düşüncələri var. Amma elə oyunlar oldu ki, sürətli futbolçulara qarşı çıxış etdik. Ukrayna komandası çox "bərk rəqib” idi. Bundan əvvəlki Bosniya və Hersoqovina təmsilçisi də yaxşı rəqib idi. Amma "Qəbələ”nin oyun üslubu çox fərqlidi. Həm də oyunçuları daha sürətlidi. Buna hazır olmalıyıq.

OXŞAR XƏBƏRLƏR