Bu avtomobillərin şəkilləri saytlarda yayılacaq -Biabır edəcəklər - FOTO/VİDEO

Bu avtomobillərin şəkilləri saytlarda yayılacaq -Biabır edəcəklər -  FOTO/VİDEO
Vətəndaşların ictimai qınağına tuş gələn, qayda pozan bütün sürücülərə qarşı ciddi tədbir görüləcək
İctimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərin rahatlığını və təhlükəsiziyini təmin etmək üçün Azərbaycan Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən sərnişindaşıma sahəsində ciddi islahatlara başlanılıb. Avtosfer.az xəbər verir ki, bununla əlaqədar olaraq, 19 sentyabr 2015-ci il tarixində Nəqliyyat Nazirliyində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayevin rəhbərliyi və “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımaları” MMC-nin baş direktoru Ziya Büniyatzadə və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəizinin baş direktoru Rüfət İmanovun iştirakı ilə  iclas keçirilib.
Sərnişindaşıma sahəsində yol verilən qayda pozuntuları və bu nöqsanların aradan qaldırılması istiqamətində görüləcək tədbirlər planı iclasın əsas müzakirə mövzusu olub
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev qeyd edib ki, artıq  qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan, qayda pozan avtobus sürücüləri, ictimai nəqliyyatın hərəkətinə mane olan, avtobus dayanacaqlarının qarşısında avtomobilini park edən sürücülər yalnız cərimə ödəməklə məsuliyyətdən yaxa qurtara bilməyəcəklər:
“Təhlükəsiz hərəkət” aksiyası çərçivəsində davam etdirilən tədbirlərlə əlaqədar, “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımaları” MMC tərəfindən xüsusi avtomobil və operativ işçi qrup ayrılıb. 
Bu gündən etibarən, paytaxtın bütün avtobus dayanacaqlarına hər gün nəzarət ediləcək, dayanacağın qarşısında park edilən avtomobillərin və ya qanunsuz taksi fəaliyyəti göstərən taksilərin fotoşəkilləri çəkilərək Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinə, müvafiq şöbəyə təqdim olunacaq”.
Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti bu kimi halların qarşısının alınmasında “ictimai qınağ”ın olmasını və vətəndaşların da bu məsələdə dəstəyini vacib hesab edir. 
Bununla əlaqədar olaraq, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin www.niim.az saytında “ictimai qınaq” adlı bölmə yaradılacaq ki, vətəndaşlar rastlaşdıqları hər hansı qayda pozuntusu haqqında bu bölmədə yaza və həmin qayda pozuntusuna yol vermiş avtomobilin, avtobusun və ya taksinin (dövlət qeydiyyat nişanının görünməsi şərtilə) fotoşəklini yerləşdirə biləcəklər.
Vətəndaşların ictimai qınağına tuş gələn, qayda pozan bütün sürücülərə qarşı ciddi tədbir görüləcək.
Sərnişindaşımada xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərə Nəqliyyat Nazirliyi ilə yanaşı, vətəndaşların da dəstəyi qısa müddətdə müsbət nəticə verəcək.