Bu addımın atılması, uzunmüddətli və daha ciddi münaqişə ocağı yaradacaq - İDDİA

Bu addımın atılması, uzunmüddətli və daha ciddi münaqişə ocağı yaradacaq - İDDİA
"Hal-hazırda Yaxın Şərqdə baş verən ciddi proseslərin fonunda Bərzaninin referendum açıqlaması, əslində İranla yaxın olan rəsmi Bağdada, həm də Türkiyəyə bir təzyiqdir"

Bunu Sfera.az-a İraq Kürd Regional Hökumətinin müstəqil Kürdüstan dövləti ilə bağlı sentyabrın 25-nə referendum təyin etməsi barədə danışarkən analitik Vüqar Zifəroğlu deyib.

Onun sözlərinə görə, sentyabrın 25-də referendum keçirilsə belə, bu bölgə dövlətləri tərəfindən qəbul edilməyəcək:
"Əksinə, Bərzaniyə münasibəti kifayət qədər isti olan rəsmi Ankaranın da ona qarşı cəbhədə yer almasına təkan verə bilər. Hazırda Qərb, 1920-ci il Sevr müqaviləsinin şərtlərini Yaxın Şərqdə uyğulamağa çalışır və bunu Türkiyəyə qəbul etdirmək istəyir. Lakin unudulur ki, 21-ci əsrin əvvəllərində şərtlər dəyişib və hər hansı bir kürd dövlətinin yaranması, bölgə dövlətlərinin heç birinin maraqlarına cavab vermir. Heç şübhəsiz ki, belə bir addımın atılması, yeni uzunmüddətli və daha ciddi münaqişə ocağının yaranmasına gətirib çıxardacaq".
Qeyd edək ki, İraq Kürd Regional Hökuməti sentyabrın 25-də müstəqilliklə bağlı referendum keçirmək niyyətini ortaya qoyub. Bu qərara Türkiyə, İran, Almaniya və s. dövlətlər etiraz edib və İraqın ərazi bütövlüyünü dəstəkləyib.

Gülnarə Eynullaqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR