Sİyasət
İqtİsadİyyat

"Branson məsələsində razılıq olmasa, “Xalq Bank” da sanksiyalara məruz qalacaq" - ŞƏRH

"Çox güman ki, aparılan danışıqlarda müəyyən ortaq məxrəcə gələcəklər”.
 
Sfera.az-a açıqlamasında bu sözləri Türkiyədə saxlanılan amerikalı keşiş Endryu Bransonun buraxılacağı və qardaş ölkəyə Ağ Ev tərəfindən tətbiq edilən sanksiyaların götürüləcəyilə bağlı Ankara ilə Vaşinqton arasında razılığın əldə olduğuna dair ABŞ mətbuatının yazdığına münasibət bildirərkən REAL təmsilçisi Natiq Cəfərli deyib:
 
"Əslində Vaşinqtonla Ankara arasında keşiş Endryu Bransonla bağlı danışıqların getdiyi həqiqətdir. Türkiyənin də pastorun buraxılması müqabilində müəyyən tələbləri var. Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi məsələsi ciddi müzakirə mövzusudur. Danışıqlarda da əsas problem məhz budur. Amerika tərəfi Güləni təhvil vermək istəmir. Amma çox güman aparılan danışıqlarla müəyyən ortaq məxrəcə gələcəklər. Onsuz da keşişin azadlıqda olması artıq təmin edilib, sadəcə ev dustağıdır. Hələlik ABŞ-a getməsi üçün ölkədən çıxışına qadağa qoyulub. ABŞ-la yaşanan vəziyyətin müəyyən dərəcədə düzəlməsində Türkiyənin də marağı var. Bu mənada Bransonun azad ediləcəyilə bağlı verilən məlumatların türk lirəsinə təsirini də görürük. Həmin xəbər çıxardan üzü bəri lirə dollar qarşısında 3 faizə qədər dəyər qazanıb. İndi bir dollar 5,93 lirəyə bərabərdir. Bu da dediyim kimi, Branson və həmin fonda ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyaların götürüləcəyilə bağlı yayılmış xəbərlərin nəticəsidir. Amma Türkiyə iqtisadiyyatında fundamental struktur problemləri də vardır. Yəni tək rahibin azad olunması ilə lirənin kifayət qədər gücləncəyini düşünmək sadəlövhlükdür. Çünki Türk biznesi və bank sektorunun 460-470 milyard dollara yaxın yaxın xarici borcu var ki, onun da intensiv qaytarılması dövrü ilin sonuna təsadüf edəcək. Bu isə dollara olan tələbatın artımına xidmət edəcək. Demək istəyirəm ki, Türkiyənin struktur problemləri həll olunmadan, lirənin daha da güclənəcəyini gözləmək olmaz. Bu nöqteyi-nəzərdən ABŞ-la əlaqələrin normallaşması, rahibin azad edilməsi baş verəcəksə, prosesə pozitiv təsir göstərəcək. Düşünürəm ki, belə bir razılıq əldə olunacaq. Türkiyə hökumətindən gələn açıqlamalar da bu yöndədir”.
 
Həmsöhbətimiz düşünür ki, Türkiyə bu məsələdə israr etməkdə davam edəcəyi təqdirdə isə ona qarşı ABŞ tərəfindən yeni sanksiyalar tətbiq edilə bilər. Hansı ki, N. Cəfərliyə görə, bu dəfə həmin sanksiyaların orbitinə Türkiyənin əsas banklarından olan "Xalq Bank" da düşəcək:
 
"Ankara Branson məsələsində öz istəyində israrlı olmaqda davam edəcəyi təqdirdə isə, yenidən türk lirəsində böyük dalğalanmaları, 1 dolların 6 lirənin üstündə olacağını görəcəyik. Həmdə investorların Türkiyəni tərk etmələrinin şahidi olacağıq. Digər tərəfdən, belə olacağı təqdirdə, Ağ Ev tərəfindən Ankaraya münasibətdə sanksiyalar daha da sərtləşdiriləcək. Əsasən də Türkiyənin bank sektoruna ciddi sanksiyalar tətbiq ediləcək. Ortalıqda bildiyiniz kimi, "Xalq Bank"ı ilə bağlı məsələ var. ABŞ məhkəməsində bu bankın adı pul yuyulması məsələsində keçir. Hələlik, ABŞ "Xalq Bank"a sanksiya tətbiq etməyib, yəqin anlaşmanı gözləyir. Anlaşma baş tutmasa, "Xalq Bank”a münasibətdə də ciddi sanksiyalar tətbiq olunacaq ki, bu da Türkiyə maliyyə bazarına ciddi mənfi təsir göstərəcək”.
 
Qeyd edək ki, Türkiyə ilə ABŞ arasında amerikalı pastor Endryu Bransonun azad edilməsi və ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyaların ləğvinə dair razılaşma əldə olunub. Bu barədə adlarını açıqlamadığı amerikalı rəsmilərə istinadən "The Washington Post" nəşrinin yaydığı məlumatda deyilir. Burada bildirilir ki, Branson artıq növbəti məhkəmə iclasından sonra sərbəst buraxıla bilər. Bunun qarşılığında ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalardan geri çəkiləcəyi iddia edilir. Onu da vurğulayaq ki, Bransonun sərbəst buraxılacağı barədə verilən məlumatdan sonra dollar türk lirəsi qarşısında əvvəlki mövqeyini itirməyə başlayıb.
 
ELÇİN
Sfera.az















Konuşma Sonu







Bir mesaj yaz...










 
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31