Böyük devalvasiyalardan qazanılan psixoloji travma: Dollar basabası nə vəd edir?

Böyük devalvasiyalardan qazanılan psixoloji travma: Dollar basabası nə vəd edir?

Əhali bu ilin mart ayında nağd dollar alışını kəskin şəkildə artırıb. Bunun səbəbi neftin qiymətinin 30-35 dollara enməsi və bununla bağlı olaraq yenidən devalvasiyanın baş verəcəyi qorxusudur. Azərbaycan insanları 2015-ci ildə də eyni mənzərənin şahidi olub və faktiki olaraq baş verən 2 böyük devalvasiyaya görə psixoloji "travma” alıb. "Travma” hələ də aradan qalxmadığına görə insanlar vaxt itirmədən dollar almaqda israrlıdırlar.


Dollar alışı prosesi yüksələn xətt üzrə davam edir və artıq alışda ajiotaj müşahidə edilir. Filiallarda yaranan insan izdihamı onu göstərir ki, banklar əhalinin dollar tələbini ödəyə bilmir. Dollar almaq istəyən insanların bir çoxu filiallardan əliboş geri qayıdır. Banklar yaranmış vəziyyətdə əhalinin dollara olan tələbinin ödənilməsi üçün Mərkəzi Bankdan əlavə valyuta istəyir. Bununla əlaqədar olaraq mart ayında Mərkəzi Bank Dövlət Neft Fondu (ARDNF) ilə birgə keçirdiyi valyuta hərraclarının sayını artırıb. Nəticədə ARDNF-in ilin əvvəlindən satdığı dolların təxminən yarısı son 12 gün ərzində realizə olunub.

 

Bu il ARDNF dövlət büdcəsinə transfert üçün məzənnə 1,7 səviyyəsində qalmaq şərti ilə 6,8 milyard dollar satmalıdır. İlin əvvəlindən indiyə qədər 2,063 milyard dollar satılıb. ARDNF yanvarda 300,2 milyon dollar, fevralda 543,4 milyon dollar satıb. Yanvar-fevralda ümumilikdə 843,6 milyon dollar satılıb. Martda 5 hərrac keçirilib və bu hərraclarda 1,220 milyard dollardan çox vəsait realizə edilib. Martda keçirilən birinci hərracda 257 milyon dollar, ikinci hərracda 323,2 milyon dollar, üçüncü hərracda 155 milyon dollar, dördüncü hərracda 220 milyon dollar, martın 13-də baş tutan hərracda 265 artıq valyuta satılıb. Hər ay ARDNF-in hərracları adətən azsayda keçirilir. Amma martda onların sayı və intensivliyi artıb. Birinci hərrac martın 5-də keçirildiyi halda növbəti hərraclar ayın 10-dan başlayaraq hər gün keçirilib. Belə aydın olur ki, martın sonuna qədər daha bir neçə hərrac keçiriləcək və bu hərraclarda satılan nağd dolların həcmi 2 milyard dolları ötəcək.

 

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov hesab edir ki, Azərbaycana xaricdən gələn şok daha çox iqtisadi deyil, psixoloji xarakter daşıyır. O bildirib ki, əhalinin tələbatının ödənilməsi üçün valyuta ehtiyatları var. "Bank sektorunun xarici valyutaya olan tələbi ödənilir. Bunu davam etdirmək fikrindəyik”, - deyən Rüstəmov söyləyib ki, bu gün Azərbaycan vətəndaşlarının milli valyutanı xarici valyutaya çevirməsinin orta məbləği 4 min dollar və yaxud təxminən 7 min manatdır. "Bu da əhalinin orta gəlirliliyə malik, yığım etmiş hissəsidir”, - deyə Mərkəzi Bank rəhbəri bildirib.

 

E.Rüstəmov əhalini əmin edib ki, gərgin vəziyyət düzələcək və əhali istənilən vaxt, növbəsiz yenə də xarici valyuta almaq imkanına sahib olacaq. O əhalinin dollara olan tələbinin ödənilməsi məqsədilə bankların iş vaxtının uzadılacağınıda söyləyib.

 

Mərkəzi Bank rəhbərinin verdiyi məlumatdan belə aydın olur ki, banklar əhaliyə lazım olan dolları yalnız hərraclardan əldə edə bilirlər. Bəs, bankların öz vəsaitləri necə oldu?

 

Son günlərə qədər bank rəhbərləri verdikləri açıqlamalarında vəsait bolluğundan əziyyət çəkdiklərindən, həmin vəsaitləri yerləşdirməyə yer tapa bilmədiklərindən gileylənirdilər. Banklarda əmanət faizlərinin azaldılmasının bununla əlaqəli olduğu da söylənilirdi. Hətta bank rəhbərləri əmanətlərin tam sığortalanması sisteminin dayandırılmasını istəyirdilər. Lakin necə oldusa, elə həmin banklar Maliyyə Sabitliyi Şurasına müraciət edərək əmanətlərin tam sığortalanmasının davam etdirilməsini xahiş etdilər. Sonradan məlum oldu ki, bankların belə bir müraciət qəbul etməsinə səbəb dollarla olan vəsaitlərin geri götürülməsi riskinin yüksək olmasıdır. Banklar bundan ehtiyat edərək əmanətlərin tam sığortalanmasının davam etdirilməsinə razılıq verdilər.

 

 

Dollarla olan əmanətlər azalır


 

Valyuta hərraclarının tez-tez keçirilməsinin və burada böyük məbləğdə dollar satılmasının səbəbi sadəcə son günlərdə əhalinin dollara artan tələbi ilə bağlı deyil. Dollara tələbi artıran əsas amillərdən biri məhz banklarda xarici valyutada olan əmanətlərin geri çəkilməsi və manatla olan əmanətlərin bir hissəsinin dollara dəyişdirilməsidir. Əslində dollara tələbin yüksək olmasının əsas səbəbi də budur. İndi əmanətçilər dollarla olan vəsaitlərini çəkir və manatla olan əmanətlərin dollara dəyişdirilməsi prosesi gedir. 2014-2015-ci illərdə də belə olub.

 

2020-ci ilin fevralın 1-nə olan rəsmi məlumata əsasən, banklarda əhalinin 8,59 milyard manat dəyərində əmanəti var. Onun 4,39 milyard manatı, yəni 51,1 faizi xarici valyutadadır. Xarici valyutada olan əmanətlərin mütləq əksəriyyəti dollarla saxlanılır. Dollarla ifadə etdikdə əhalinin banklarda 2,58 milyard dollar əmanəti olduğu aydınlaşır.

 

2019-cu ilin əvvəlindən dollarla olan əmanətlərin banklardan çıxarılması prosesi müşahidə edilir. İlin əvvəlindən 2020-ci ilin fevralın 1-nə qədər 500 milyon dollar banklardan çıxarılıb. Dollarla olan əmanətlərin banklardan çıxarılması prosesinin mart ayında daha kəskin hal alıb. Hələlik bununla bağlı məlumat yoxdur. Amma böyük ehtimalla dollar ajiotajı ilə əlaqədar banklardan dollarla olan əmanətlərin çıxarılmasının daha da sürətlənib.

 

Əhalinin banklarda 4,2 milyard dəyərində manatla olan əmanəti də mövcuddur. Son aylarda manatla olan əmanətlərin həcmi artırdı. Martda həmin vəsaitlərin də bir hissəsinin dollara dəyişirilməsi ehtimalı yüksəkdir. Çünki 2014 və 2015-ci illərdə oxşar proseslər müşahidə edilib. 2014-cü ildə əhalinin banklarda milli valyuta ilə 4,42 milyard manat dəyərində olan əmanəti 2015-ci ildə 1,42 milyard manata enmişdi. Eyni zamanda dollarla olan əmanətlərin həcmi bir ilin içində 8,05 milyard manat dəyərindən 5,9 milyard manata qədər azalmışdı.

 

İndi tarix yenidən təkrarlanır və 2020-ci ilin martında əhali arasında baş qaldıran qorxu yenidən dollar ajiotajını yaradır.

 

 

 

Vasif

Sfera.az

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Azərbaycan əhalisi dünyada ən çox çörək və çörək məhsulları istehlak edən xalqlardandır. İl ərzində əhali adambaşına 133 kq çörək və çörək məhsulları istehlak e...

Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.   Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri P...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. &nb...

"Bu, Rusiya üçün təhlükədir" - Rəsmi Moskvadan Polşaya SƏRT MESAJ

“NATO-nun Polşadakı nüvə obyektləri Rusiya üçün qanuni hədəfə çevriləcək”.   Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası xarici işlər...

Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək kimi möhkəm təmələ əsaslanır

Ümummilli Lider, dahi rəhbər Heydər Əliyev hələ Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində işlədiyi müddətdə bütün S...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...