Sİyasət

Bolton işğal zonasında ABŞ hərbi bazasının yaradılmasını təklif edib? “ - ŞƏRH

Bolton işğal zonasında ABŞ hərbi bazasının yaradılmasını təklif edib? “ - ŞƏRH
"Danışıqların intensivləşdiyi deyiləndə, bunun münaqişə tərəfləri olan iki ölkə arasında deyil, sadəcə ola bilsin həmsədr dövlətlər arasında ciddi müzakirə obyektinə çevrildiyi nəzərdə tutulur”.
 
Sfera.az-a açıqlamasında bu sözləri ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Gillin Dağlıq Qarabağ münaqişəsi istiqamətində danışıqların intensivləşdiyinə dair fikrinə münasibət bildirərkən politoloq Natiq Miri deyib.
 
Ekspertin fikrincə, bu çərçivədə artıq Paşinyana müəyyən siyasi təzyiq və yaxud təşəbbüslər təklif oluna bilər:
 
"Münaqişənin həllilə bağlı Azərbaycan və Ermənistan arasında hər hansı bir intensivləşmə müşahidə edilmir. Ermənistanda inqilabla hakimiyyətə gələn Paşinyandan sonra demək olar ki, Dağlıq Qarabağ məsələsində yeni bir situasiya ortaya çıxıb. Bu situasiya da bilavasitə Paşinyanın yeni hökuməti və onun sərsəm açıqlamaları ilə əlaqəli idi. Yəni bir növ yeni erməni hökumətinin Qarabağ probleminə baxış məsələsi dünya dövlətləri, o cümlədən ABŞ və Rusiya tərəfindən maraqla izlənilirdi. Məhz bu vəziyyət Dağlıq Qarabağ problemini yenidən dünya güclərinin bir növ gündəminə gətirdi. Çünki, nə Rusiya, nə də ABŞ indiki vəziyyətdə Dağlıq Qarabağ cəbhəsində yeni bir savaşın başlanmasında maraqlıdırlar.
 
Rusiya özü ölkə daxilində ciddi iqtisadi sıxıntı keçirir. Ölkə xaricində də Moskvanın Suriya, Ukrayna kimi bölgələrdə müəyyən sıxıntıları mövcuddur. Bu baxımdan yeni cəbhənin açılması və dolayısı ilə Rusiyanın da ona cəlbində Kreml maraqlı deyil. Bunu təsdiq edən əsas məqamlardan biri də ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan və Ermənistan olan səfərləri fonunda verdiyi bəzi açıqlamalardır. Eyni zamanda, o Paşinyana da üstörtülü bəzi mesajlar verdi. Bütün bunlar göstərir ki, artıq Dağlıq Qarabağ problemilə bağlı təkcə onu öz monopoliyasına alan Rusiyada deyil, digər həmsədr dövlət olan ABŞ-da da münaqişə barədə düşünürlər. Bu da Azərbaycanı sevməkdən, yaxud da münaqişəni bitirmək istəklərindən qaynaqlanmır. Əslində bu ABŞ-ın Cənubi Qafqazdakı geosiyasi maraqları kontekstində baş verir. Onun əsasında ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar da dayanır.
 
Rusiya mətbuatı belə bir fikir ortaya atıb ki, guya Bolton İrəvanda olarkən Azərbaycanın işğal olunmuş ərazilərində ABŞ-ın hərbi bazasının yaradılması məsələsini ortaya qoyub. Bu məsələyə ciddi yanaşmıram. Ancaq hər bir halda bunun Rusiya siyasətşünasları tərəfindən ortaya atılması sıradan və təsadüfi bir olay deyil”.
 
Həmsöhbətimiz düşünür ki, Qarabağ problemi ciddi müzakirə predmetinə çevrilir:
 
"Bütün bu faktlar göstərir ki, Qarabağ problemi hazırda ciddi müzakirə obyektidir. Ancaq konkret həllə bağlı hələlik ciddi bir plan və fəaliyyət proqramı ortalığa qoyulmayıb. Bu da Ermənistandakı ictimai-siyasi və hakimiyyət böhranı ilə əlaqədardır. Ermənistan hazırda hökumətsizdir. Paşinyan sadəcə baş nazir səlahiyyətlərini icra edir. Parlament də fəaliyyət göstərmir. Belə olan təqdirdə dünya güclərinin Qarabağla bağlı məsələni yalnız dekabrda Ermənistanda olacaq növbədənkəanr parlament seçkilərindən sonra gündəmə gətirəcəkləri düşünülür. Çünki yalnız parlament seçkilərindən sonra yeni hökumətin formalaşması fonunda münaqişə ilə bağlı konkret təkliflər ortaya qoyula bilər ki, bu çərçivədə artıq Paşinyana müəyyən siyasi təzyiq və yaxud təşəbbüsərlərin təklif olunacağı istisna deyil. Ancaq münaqişə ilə bağlı danışıqların intensivləşməsinə gəldikdə, bu intensivlik münaqişə tərəfləri arasında baş vermir. Zaman-zaman Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb. Lakin bu görüşlər fonunda münaqişənin həlli ətrafında ciddi müzakirələrin getdiyi hiss olunmayıb. Ona görə də danışıqların intensivləşdiyi deyiləndə, bunun iki ölkə arasında deyil, sadəcə ola bilsin həmsədr dövlətlər arasında ciddi müzakirə obyektinə çevrildiyi nəzərdə tutulur. Azərbaycanla Ermənistanın proses ətrafında ciddi müzakirələr aparması heç bir vəclə müşahidə edilmir”.
 
Qeyd edək ki, son zamanlar ABŞ-ın Qarabağ konfliktinin həlli prosesində fəallığı artırmağa çalışdığı hiss olunur. Bunu Con Boltonun bölgəyə səfərindən də görmək olar. Bu günlərdə ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Gill isə bildirib ki, konfliktin həllilə bağlı danışıqlar prosesi intensivləşib. Hazırkı məqamda münaqişə tərəfləri ancaq ara-sıra danışıqlar masası arxasına keçirlər. Bu da ancaq xarici işlər nazirləri səviyyəsində baş verir. Buna baxmayaraq, Ağ Ev rəsmiləri düşünür ki, danışıqlarda intensivləşmə var.
 
ELÇİN

Sfera.az

















AdRiver

XƏBƏR LENTİ