Dünya

Boeing ilə dünya müharibəsi - ABŞ aşına tökdüyünü qaşıqlayır...

Boeing ilə dünya müharibəsi - ABŞ aşına tökdüyünü qaşıqlayır...
Problem təkcə təyyarə qəzası deyil. Bu, həm də ABŞ-a qarşı iqtisadi müharibədir. Bu bir intiqam cəhdidir. Yəni dünyanın qlobal ticarət müharibəsində yeni mərhələyə keçildi...

İbrahim Qaragül
"Yeni Şafak” qəzeti, Türkiyə

Efiopiya hava limanına aid olan Boeing 737 8Max tipli təyyarənin qəzaya uğraması dünya aviasiya tarixində görünməmiş bir səs-küy yaradıb. Eyni təyyarələrin daha əvvəl İndoneziyada da düşməsi, 2 qəzada ümumən 346 nəfərin ölməsi qlobal səviyyədə bir "Boeing həyəcanı”na səbəb olub.

Türkiyə də daxil olmaqla, onlarla ölkə bu təyyarələrin uçuşunu dayandırıb və hava sahəsini sözügedən təyyarələr üçün bağlayıb. Çin, Türkiyə, İngiltərə, Almaniya, İtaliya, Avstriya, Fransa, Belçika, Malayziya, İndoneziya, Sinqapur, Hindistan, Braziliya, Argentina, Meksika, Cənubi Koreya, Cənubi Afrika, Efiopiya, Qazaxıstan kimi ölkələr, yəni, demək olar, dünyanın yarısı bu təyyarələrə embarqo tətbiq etməyə başlayıb.

500 milyard dollarlıq sifariş və prestiji itirmək

Elə görünür ki, bu təyyarələr yaxın zamanda bütün dünyada qadağan olunacaq. Boeing şirkəti istehsal xətalarını aradan qaldırsa belə, həssas bir etimada əsaslanan aviasiya sektorunda məhv olmuş imicini bir də heç vaxt düzəldə bilməyəcək. Bu təyyarələrə olan etibarsızlıq zaman keçdikcə Boeing-in bütün təyyarələrinə və istehsalatına da yönələcək.

Boeing şirkəti yeni istehsal etdikləri BMax8 və BMax9 təyyarələri üçün bu ana qədər 5000 sifariş alıb. Bunlardan 350-sini təslim edib. Qəzadan sonra bu təyyarələrin 330 ədədi anqarlara aparılıb. Sifarişlərin, demək olar, hamısının ləğv ediləcəyini demək mümkündür.

Şirkətin aldığı sifarişin maliyyə həcmi 500 milyard dollardır. Bütün sifarişlər ləğv edildiyi halda dünyanın ən böyük təyyarə şirkətinin bu ağır xərcə necə tab gətirəcəyini indidən düşünmək lazım gəlir. 500 milyard dollardan başqa, həmçinin, şirkətin dünya bazarlarında itirəcəyi etibarın maddi dəyərini də ölçmək mümkün deyil.

Bu, ABŞ-a qarşı iqtisadi müharibədir? Bəlkə, bir intiqam cəhdi?...

Məsələ təkcə təhlükəsizlik problemindən ibarətdir? Məsələ təkcə Boeing şirkətinə zərər vermək üçündür? Problemin qlobal ticarət müharibələri ilə bir əlaqəsi varmı? Bu məsələ dünyanın ABŞ-a qarşı olan iqtisadi müharibəsinin bir parçasıdırmı?

Bu suallar o qədər önəmlidir ki...

Şəxsən, bu cür təzyiqin təkcə sözügedən təyyarlərin istehsal ziyanı ilə bağlı olmadığını düşünürəm. Çinlə başlayan, Asiya ölkələri ilə davam edən, ardınca bütün Avropa ölkələrinin iştirak etdiyi və Latın Amerika ilə davam edən ticarət savaşının təkcə Boeing-lə məhdudlaşacağını sanmıram.

Siyasi və geosiyasi nəticələr əldə olunacaq

Əgər düşündüyüm kimidirsə, dünyada təkcə hərbi sahədə deyil, həm də sivil təyyarələr üzərindən də qəribə bir mübarizə başlayır. Hər ticarət müharibəsi özündən siyasi nəticələr doğurur. Qlobal ölçüdə ticarət müharibəsi böyük bir geosiyasi nəticələr doğurar və sarsıdıcı dəyişiklərə yol aça bilər.

Dünyanın şahid olduğu iki böyük müharibənin səbəbi də bu idi. Bu, iqtisadi vəziyyət geosiyasi nəticələr yaradıb və qızğın toqquşmalara çevrilib, qlobal səviyyədə sarsıntılara və güc dəyişikliklərinə yol açıb. Buna Soyuq Müharibəni də əlavə edə bilərik.

ABŞ-ın iqtisadi şantajı və ağzı yanan ölkələr...

Hazırda müşahidə etdiyimiz budur ki, ABŞ dünyanın yarısından çoxuna qarşı ticarət müharibəsi yürüdür, iqtisadi şantajlar edir və bunun hərbi hədə-qorxunun da önünə keçdiyini düşünsək, bir addım sonrasını görə bilərik.

Çin və Avropa (Almaniya) ilə apardığı iqtisadi savaşın Türkiyə də daxil olmaqla, onlarla ölkəyə qarşı apardığı hücumların bir müddət sonra ABŞ-ı da vuracağını deyənlər var. Mən də elə düşünürəm. İqtisadi müharibəni qloballaşdıran ABŞ bunun ən ağır nəticələri ilə üzləşəcək. Beləliklə, Boeing təyyarələrinə yönəlmiş reaksiyanın Çinlə başlaması və ağzı yanan ölkələrin də tez sıraya düzlənməsi buna görədir.

İqtisadi quldurluq... Dünya ABŞ-ın bir səhvini gördüyü anda zərbə endirəcək...

Əlbəttə ki, ABŞ rəhbərliyinin avropalı şirkətlərə verdiyi cəzaların, etdiyi basqınların Çinlə "açıq ticarət savaşı”na girməsinin, Asiya bazarlarını vurmasının, Türkiyə kimi ölkələri iqtisadi şantajlarla tabe etməyə çalışmasının və iqtisadi cəhətdən quldurluq dönəminə girməsinin nəticələri olacaqdı.

Bu toqquşma, əslində, 2008-ci ilin iqtisadi krizisi ilə başlayıb. Qlobal iqtisadiyyat sistemindəki anlaşmazlıqlar qərb iqtisadiyyatlarının krizislərə sürüklənməsi ilə qızışıb. Onsuz da o vaxtdan bu günə qədər dünya açıq bir ticarət müharibəsi yaşayır. Lakin son vaxtlarda ABŞ bunu olduqca diqqətsiz şəkildə aparmağa başlayıb və dözüm göstərilməyəcək qədər böyük bir hücuma çevrilib.

Dünya ABŞ-ın bir səhvini gözləyir. Kiçik bir boşluq tapan kimi inqitam almağa çalışacaq. Boeing hadisəsində də olan durum budur. Bu, qlobal səviyyədə ABŞ-dan, ABŞ şirkətlərindən intiqam almaq cəhdidir və belə də davam edəcək.

ABŞ öz silahı ilə vurula bilər

Dünya ABŞ-ı iqtisadiyyatla, yəni öz silahıyla vurmaq istəyir. Onu yavaşlatmaq, hücumlarının qarşısını almaq istəyir. Amma bu sakitləşdirmə cəhdinin ABŞ-ı dayandırmadığını və dayandırmayacağını, qlobal səviyyədə ticarət müharibəsinin başqa sahələrə də sürətlə yayılacağını görəcəyik.

Məsələ təkcə Boeing deyil. Çox daha böyük bir savaşın ən qızğın cəbhəsi budur. ABŞ-ı öz silahı ilə vurmağa hazırlaşırlar!

Tərcümə PİA.az-ındır

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031