BNA-nın dayanacaq oyunu: Sərnişinlər isə post terminal axtarır

BNA-nın dayanacaq oyunu: Sərnişinlər isə post terminal axtarır
"Bakı Nəqliyyat Agentliyi prosesdə həyata keçirməli olduğu xidməti normal şəkildə təşkil edə bilmir”

Sfera.az-a açıqlamasında bu sözləri hələ də vacib olan bir sıra məkanlarda post terminalların quraşdırılmamasına münasibət bildirərkən yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib: 
 
"Post terminalların bir-birindən uzaq məsafədə qurulması əhalinin prosesdən daha rahat şəkildə faydalanmasına imkan vermir. Hətta ölkəmizə gələn turistlər də gedişhaqqı kartına ödəmə həyata keçirmək üçün xeyli məsafə qət etməli olduqlarından şikayətləniblər. Xüsusən də Dərnəgül yolu və Heydər Əliyev prospektində həmin sahədə ciddi problemlər yaşanır. Bir çox yerlərdə post terminalların quraşdırılmamasının obyektiv və subyektiv səbəbləri var. Bir sıra sürücülər gecə saatlarında qəsdən terminalları nasaz vəziyyətə salır ki, işləməsin və yenidən nağd ödənişə keçilsin. Digər tərəfdən, terminalların nasaz vəziyyətə salınmasında sərnişinlərin də günahı az deyil. Bəzi sərnişinlər aparatı qurdalamaqla onun sıradan çıxarır. Digər tərəfdən, Bakıkart sistemini quran şirkət prosesə nəzarəti tam şəkildə həyata keçirə bilmir. Düşünürəm ki, həmin şirkətin fəaliyyətilə bağlı hər hansı bir hüquqi mexanizm varsa, onu dərhal işə salmaq lazımdır. Terminal qurulubsa, ona vaxtlı-vaxtında texniki xidmət də göstərilməlidir. Təəssüf ki, belə aparatların sayı da azdır, bütün dayanacaqları əhatə etmir. Bəzi dayanacaqlarda qurulanlar da işləmir. Bir çox yerlərdə isə vacib olsa da hələ də post terminallar quraşdırılmır. 

Bakı Nəqliyyat Agentliyi (BNA) prosesdə həyata keçirməli olduğu xidməti normal müstəvidə təşkil edə bilmir. Onlar üzərlərinə düşən öhdəliyə əməl etməlidirlər. BNA son zamanlar kütləvi şəkildə dayanacaqların yerlərini dəyişməklə məşğuldur. Lakin məsələ ondadır ki, qurum prosesə kompleks şəklində yanaşmır, işi dağınıq şəkildə görürlər. Dayanacaq quraşdırılan kimi digər şirkət də dərhal terminalı quraşdırmalıdır. Bunu kompleks şəkildə etsələr bəzi yerlərdə terminalların olmaması, quraşdırılmaması kimi  problemlər də olmaz. İş paralel şəkildə aparılmalıdır”.
 
Qeyd edək ki, dəfələrlə deyilməsinə rəğmən hələ də cavabdeh qurum, yəni BNA paytaxtın bir sıra dayanacaqlarında vacib olan post terminalları quraşdırmayıb. Məsələn, Milli Məclisin qarşısında, Yasamal rayon ASAN Xidmət və Musabəyov heykəlinin yanında hələ də post terminallar yoxdur. Dəyişdirilən dayanacaqların da bir çoxu bərbad gündədir. Görünən odur ki, BNA problemin həllinə ciddi önəm vermir. 
 
ELÇİN


OXŞAR XƏBƏRLƏR