“Bir hissəsi qəzalarda, bəziləri hərbi qulluqda ölür...” – Sosioloq yeni doğulanlar arasındakı qız-oğlan nisbətindən danışdı

“Bir hissəsi qəzalarda, bəziləri hərbi qulluqda ölür...” – Sosioloq yeni doğulanlar arasındakı qız-oğlan nisbətindən danışdı
"Azərbaycanda hər yeni doğulan 100 qıza 114 oğlanın düşməsinin birmənalı olaraq mənfi tendensiya kimi qələmə verilməsi düzgün deyil”.

Bunu Sfera.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu son günlər sosial mediada qız uşaqlarının abortu ilə bağlı gedən müzakirələrə münasibət bildirərkən deyib.
 
Müsahibimiz qeyd edib ki, valideynin öz uşağının qatili olması mənəvi, psixoloji cəhətdən qəbuledilməzdir:

"Kobud desək, ata-ana öz övladını öldürmək qərarına gəlir. Neçə aylıq olmasından asılı olmayaraq, artıq onların öz övladıdır. Nəticədə bu addımı atmaq (abort) valideynlərə mənəvi zərbə vurur, daxillərində mənfi enerji formalaşır. Bu baxımdan statistik göstəriciləri yaxşı hesab etmək olmaz. Lakin camaatın hay-küy salması, "ölkədə evlənməyə qız tapılmayacaq”, "oğlanlar çoxalacaq, qızlar azalacaq” kimi fikirlər tamamilə boş , mənasızdır. Demoqrafik cəhətdən qorxulu nəsə yoxdur.
 
Əksinə, ölkədə oğlanların çox doğulmağı yaxşı haldır. Çünki oğlanlar bir az böyüyəndən, orta məktəbi bitirəndən sonra bir çoxu ölkədən çıxıb gedir. Bir hissəsi yollarda qəzalar nəticəsində ölür. Gün ərzində bədbəxt hadisələrdən ölənlərin statistikasına nəzər salsaq, aralarında oğlanların daha çox olduğunu görərik. Eyni zamanda müharibə zamanı, əsgərlik vaxtı onlar dünyasını dəyişir”.

Sosioloqun sözlərinə görə, əgər oğlanlarla qızların sayı eyni olsaydı, problem yaranardı: "Oğlanların çoxluğu arzuolunandır, amma müəyyən həddə qədər. 114 rəqəmi pis deyil, amma 120-ni keçsə, yaxşı olmaz. Elə 115 sonuncu sərhəddir. Bu məsələlər haqqında danışanda  hansı cəhətdən yaxşı və ya pis olmasına diqqət etmək lazımdır. Hələlik indiki vəziyyət SOS siqnalı çalmağa əsas vermir”.

Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR