Bir gün “Səhliyalı” müəssisəsində

Bir gün “Səhliyalı” müəssisəsində
Əməkdaşımız ölkədə kolbasa və sosis məhsullarının istehsalında qabaqcıl şirkətlərdən sayılan, bazarda "Halal Nemət, Min Bərəkət” ticarət nişanı ilə tanınan "Səhliyalı” müəssisəsində kəsim prosesindən tutmuş, məhsulların hazırlanmasına, saxlanmasına qədər bütün prosesləri izləyib
 
Azərbaycanda az ailə tapılar ki, "Səhliyalı” müəssisəsinin istehsal etdiyi kolbasaların və sosislərin dadına baxmasın və bu məhsulların dad-tamından həzz almasın. "Səhliyalı”nın "Halal Nemət, Min Bərəkət” ticarət nişanı ilə satışa çıxarılan məhsulları istər paytaxt Bakıda, istərsə də ölkənin regionlarında ilk növbədə yüksək keyfiyyəti ilə tanınır. Bu məhsulların hər kəsin ağız dadına uyğun olduğunu, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Bunu ticarət şəbəkələrində müştərilərin seçimindən də görmək mümkündür. Sirr deyil ki, bazar iqtisadiyyatı şəraitində mağazalarda müştərilərə çeşidbəçeşid kolbasalar, sosislər təklif olunur. Lakin alıcılar bir qayda olaraq "Səhliyalı”nın məhsullarına üstünlük verirlər. Hazırda istehlak bazarında hökm sürən sərt rəqabət şəraitində müştərilərin etimadını qazanmaq heç də asan məsələ deyil. Bunun üçün gərək bazar araşdırmalarını düzgün aparasan, istehsalın bütün mərhələlərində yüksək standartları gözləyəsən.
 
"Səhliyalı”nın uğur formulunun əsas sirləri də məhz bu kimi məqamlardadır. Müəssisənin fəaliyyət konseptində müştəri məmnunluğunu təmin etmək əsas məqsəd kimi müəyyənləşdirilib. Müəssisədə çalışan hər kəs yaxşı dərk edir ki, buna nail olmaq üçün keyfiyyət və sanitariya normaları ən yüksək səviyyədə gözlənilməlidir.
 
Yaxşı deyiblər ki, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır. Biz də elə buna görə yolumuzu "Səhliyalı” müəssisəsindən saldıq. Müəssisənin müxtəlif istehsal sahələrində gördüklərimiz indiyədək "Səhliyalı” barədə aldığımız məlumatları əyani şəkildə təsdiqlədi. Müəssisə ilə tanışlıq zamanı diqqət çəkən əsas məqam isə o oldu ki, bələdçilərimiz - burada çalışan mütəxəssislər bizi, necə deyərlər, qabaqcadan müəyyənləşdirilmiş "marşrut”la aparmağa, seçilmiş sahələri göstərməyə heç cəhd də göstərmirdilər. Əksinə, çox qısa zaman kəsiyində bizim aramızda tam qarşılıqlı anlaşma ortamı yarandı. Belə ki, müxtəlif sahələrə cavabdehlik daşıyan mütəxəssislər müəssisə ilə tanışlığa haradan başlamaq seçimini bizim öhdəmizə buraxdılar və hansı sahənin fəaliyyəti ilə daha çox maraqlandığımızı soruşurdular. Elə müəssisənin istehsal sahələri ilə tanışlıq planını da bizim istəyimizə uyğun qurdular.
 
Beləliklə, kəsim sexi və digər istehsal sahələri barədə məlumat verən müəssisənin direktor müavini Rəfael Məmmədov bildirdi ki, "Səhliyalı” şirkəti 1996-cı ildən fəaliyyətə başlayıb. Müəssisə "Halal Nemət, Min Bərəkət” ticarət nişanı altında 2009-cu ildən etibarən fəaliyyət göstərir. Şirkət gün ərzində tələbata uyğun olaraq orta hesabla 5 tona qədər kolbasa istehsal edir və bu məhsullar paytaxtın bütün marketlərinə, həmçinin bölgələrdəki ticarət şəbəkələrinə paylanılır. Məhsulların mağazalara paylanmasının məsuliyyəti isə ekspeditorların üzərinə düşür.
"Səhliyalı”nı digər oxşar istehsalatlardan fərqləndirən əsas cəhətlərdən biri odur ki, müəssisənin özünün yardımçı təsərrüfatı var. Təxminən 1000-1500 baş iribuynuzlu və 2000 baş xırdabuynuzlu heyvanın bəslənildiyi yardımçı təsərrüfat respublikamızın ekoloji cəhətdən təmiz guşələrindən biri olan İsmayıllıda yerləşir. Təsərrüfatda saxlanılan heyvanların həm südündən istifadə olunur, həm də şirkət ət tədarükünü bu heyvanlar vasitəsilə təmin edir. Həmçinin respublikanın digər bölgələrindən, eləcə də qonşu ölkələrdən müəssisəyə kəsim üçün diri heyvanlar gətirilir. "İdxal etdiyimiz ədviyyatların və ətin qablaşdırılmasının, saxlanmasının, daşınmasının və digər prosedurların "Halal” standartının bütün prinsiplərinə əməl edilməsi ilə həyata keçirilməsini əsas şərt kimi qarşıya qoymuşuq və bu prinsipə bundan sonra da sadiq qalacağıq. Elə buna görə də "Halal Nemət, Min Bərəkət” əmtəə nişanını almışıq. Müəssisədə Avstriyanın bütün dünyada tanınan "SCHALLER” texnoloji kompleksi quraşdırılıb. Bu texnoloji avadanlıq məhsulu yüksək gigiyenik tələblər və ciddi laboratoriya ekspertizası əsasında istehsal etməyə imkan verir”, - deyə R.Məmmədov vurğuladı. 
 
R.Məmmədov onu da əlavə etdi ki, "Səhliyalı” müəssisəsi artıq holdinq kimi fəaliyyət göstərir. İstehsalatda donuz əti və yağından qətiyyən istifadə edilmir. Ən əsas məqamlardan biri ondan ibarətdir ki, müəssisədə heyvanlar İslam qayda-qanunlarına uyğun olaraq əllə yüksək gigiyenik şəraitdə kəsilir. Müəssisənin kəsim yerində ən son texnologiya və standartlar tətbiq edilir. R.Məmmədovun sözlərinə görə, müəssisədə həmçinin fərdi və digər təsərrüfatların mallarının kəsimi üçün də hər bir şərait yaradılıb. Müəyyən məbləğdə vəsait ödəyən hər bir şəxs öz heyvanının kəsimini burada həyata keçirə bilər. Bununla da "Səhliyalı” küçələrdə antisanitar vəziyyətdə heyvan kəsiminin qarşısının alınmasına öz töhfəsini vermiş olur.
Müəssisədə olduğumuz zaman onu da öyrəndik ki, Qida Təhlükəsizliyi Agentliyi yarandıqdan sonra burada istifadə edilən ətin keyfiyyətinə nəzarət ikiqat artıb. Belə ki, diri heyvanı ilk olaraq Qida Təhlükəsizliyi Agentliyinin şirkətdə çalışan baytar həkimi qəbul edərək onun sağlamlığına baxış keçirir. Bu mərhələdən keçən heyvan kəsildikdən sonra onun əti təkrarən Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılır. Yalnız bundan sonra ət şirkətin öz laboratoriyasına aparılır.
 
Biz müəssisə ilə tanışlığımıza 3 saylı Qida təhlükəsizliyinə nəzarət məntəqəsinin baytar həkimi Murad Nuriyevlə birlikdə inəklərin saxlandığı yerdən başladıq. Baytar həkim məlumat verdi ki, kəsim üçün nəzərdə tutulan heyvanlar burada daimi nəzarətdə saxlanılır. Kəsilmək üçün sallaqxanaya - kəsim məntəqəsinə gətirilən heyvanlar müəssisənin baytar həkimləri tərəfindən yoxlanılır, ilk növbədə baytarlıq sənədlərinin düzgün tərtibatı, heyvanların faktiki baş sayının baytarlıq şəhadətnaməsinə uyğun olub-olmaması dəqiqləşdirilir, hər bir heyvan ayrı-ayrılıqda baxışdan keçirilərək termometriya edilir. Bundan sonra baytar həkimi heyvanların müəyyən olunmuş qaydada qəbul edilməsini, bazada yerləşdirilməsini və onlara baytarlıq nəzarəti ilə əlaqədar işləri həyata keçirir. M.Nuriyevin bildirdiyinə görə, kəsimə gətirilən heyvanlar arasında hansısa xəstəliklərə yoluxmuş, aqoniya halında olmuş, məcburi kəsilmiş və ya ölmüş heyvanlar olduqda, həmçinin baytarlıq şəhadətnaməsində göstərilən baş sayı ilə faktiki baş sayı arasında fərq aşkarlandıqda diaqnozu yerində dəqiqləşdirmək, eləcə də sənədlərdəki uyğunsuzluğun səbəblərini araşdırmaq məqsədi ilə heyvanlar 3 gün karantində saxlanılır. Bir sözlə, kəsimə klinik sağlam olan heyvanlar buraxılır. Ağır yaralanmış, sınığı, yanığı olan heyvanların kəsilməsinə bu barədə mövcud təlimatlarda, qaydalarda nəzərdə tutulmuş hallarda icazə verilir. "Müəssisədə kəsimə gətirilən heyvanlar əvvəlcədən həddindən çox yedizdirilibsə, həmin heyvanlar növündən asılı olaraq müəyyən müddətdə yem verilmədən saxlanılır. Ümumiyyətlə, kəsimə gətirilən heyvanların 24 saat ac saxlanılması məsləhət görülür. Və yaxud heyvanlar kəsimə gətirildikdə onlarda yorğunluq əlamətləri müşahidə edilərsə, kəsilməsinə icazə verilmir. Heyvanlar tam stresdən azad olduqdan sonra seçilərək kəsimə göndərilir. Stresdən azad olan heyvanda qansızlaşma asan keçir. Onu da deyim ki, heyvanlar mütləq qəbul kitabında qeydə alınır. Hər bir heyvanın daxili orqanlarından nümunələr götürüb qeydiyyatını apararaq saxlayırıq”, - deyə M.Nuriyev bildirib.
Şirkətin baytar həkimi Aydın Hüseynov bildirdi ki, kəsimdən sonra ət və digər kəsim məhsulları baytar həkimi tərəfindən mütləq baytarlıq ekspertizasından keçirilir. Ümumiyyətlə, burada heyvanlar həm kəsimdən əvvəl, həm də kəsimdən sonra olmaqla iki dəfə müayinə edilir. Eyni zamanda, müəssisədə bütün aktiv sahələr hər gün dezinfeksiya olunur.
 
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları öz yoxlamalarını apardıqdan sonra ətlər müəsssisənin laboratoriyasında təkrarən müayinə edilir. Müəssisənin laboratoriyası müasir avadanlıqlarla təchiz edilib. Laboratoriya müdiri İlahə Süleymanova bildirdi ki, ətlər kəsiləndən sonra onların limfa düyünlərindən nümunə götürülür. "Bundan sonra da 4-cü, 5-ci fəqərədən ət parçaları götürüb yoxlayırıq. Ətlər üzərində bakterioloji müayinə də aparırıq. Bütün göstəricilər bizim normalara uyğun olduqdan sonra istifadəyə icazə veririk. Əgər hansısa xəstəlik aşkar olunursa, həmin ət sobada bişirilir, sonra basdırılır. Yəni biz təbiətə bakteriyalı məhsul atmırıq”, - deyə İ.Süleymanova vurğuladı.
 
Müəssisədə olarkən fürsətdən istifadə edib mütəxəssislərdən ticarət şəbəkələrində mal əti ilə kolbasa və sosislərin qiymətləri arasındakı fərqə də aydınlıq gətirmələrini istədik. Bazarda mal ətinin bir kilosunun qiyməti 9-10 manat civarında olduğu halda, kolbasa və sosislərin bundan xeyli ucuz satılması alıcılarda çaşqınlıq yaradır. Belə fərqi nə ilə izah etmək mümkündür? R.Məmmədov sualımıza cavab olaraq bildirdi ki, kolbasa və sosislərin tərkibi heç də yalnız ətdən ibarət deyil: "Təəssüflər olsun ki, bəzi insanlar kolbasa və sosislərin istehsalında yalnız ətdən istifadə olunduğunu düşünürlər. Bəli, kolbasa və sosislər ət məhsuludur. Onların tərkibində ən çox faiz ətə məxsus olsa da, istehsal zamanı kartof, yumurta, süd, kərə yağı, su (buz), duz, ədviyyatdan da istifadə olunur. Tərkibə həmçinin toyuq əti də əlavə olunur. Bütün bunların qiymətlərini hesablayanda, kolbasanın ətdən ucuz olmasının səbəbi də aydınlaşır. Üstəlik də istehlakçılar əti bazardan cəmi 1-2 kilo həcmində alırlar. Amma biz heyvanı özümüz kəsdiyimiz üçün son nəticədə ətin kilosu müəssisəyə daha ucuz - 4-5 manata başa gəlir. Bir daha təkrarlamaq istəyirəm ki, kolbasa və sosislərin tərkibinə standartlara uyğun olaraq müəyyən qatqı maddələri də əlavə edilir. Müəssisəmizdə istehsal prosesində istifadə olunan bütün qatqı maddələrinin hamısı halal mənşəlidir və hamısının da müvafiq sertifikatları var. Bu sertifikatlar da müvafiq qurumlar tərəfindən təsdiqlənir. Biz öz işimizi dünyada qəbul edilən halal sertifikatına uyğun qurmuşuq və "Halal Nemət, Min Bərəkət” brendi ilə halal məhsullar istehsal edirik”, - deyə R.Məmmədov əlavə etdi.
 
Sonda onu da bildirək ki, şirkətdə 600-dən çox əməkdaş çalışır və onların rahat işləmələri, istirahəti, qidalanmaları üçün hər bir şərait yaradılıb.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...