“Bilinən odur ki, görüş 7 saat çəkib…” – Azərbaycan və Ermənistan XİN rəhbərləri nələrdən danışıb?

“Bilinən odur ki, görüş 7 saat çəkib…” – Azərbaycan və Ermənistan XİN rəhbərləri nələrdən danışıb?

"Xarici işlər nazirləri arasında keçirilən görüşdə bu yaxınlarda Nikol Paşinyanın açıqladığı həll planı sənədi müzakirə olunub”.


Sfera.az-a açıqlamasında bu sözləri Cenevrədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla, Ermənstan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüşü dəyərləndirərkən politoloq İlqar Vəlizadə deyib:

 

"Cenevrə görüşü barədə yeganə fakt odur ki, danışıqlar prosesi 7 saat davam edib. Bu qədər müddət ərzində isə bütün məsələləri müzakirə etmək olar. 7 saat kifayət edir ki, predmetli şəkildə tək ikinci dərəcəli deyil, birinci dərəcəli məsələləri də müzakirə etsinlər. Birinci dərəcəli məsələ isə torpaqların boşaldılması, qaçqınların qayıtması və status müzakirələri məsələsidir. Bir həftə öncə Paşinyan açıqlama verdi ki, masa arxasında olan sənədə görə müəyyən rayonlar Azərbaycana qaytarılır. Ardınca da statusla bağlı müzakirələr aparılır, müvəqqəti status verilir. Paşinyan keçmiş hakimiyyətin buna razı olduğunu deyib. Masa üzərində belə bir sənəd varsa, o Ermənistan hökumət nümayəndələrinin iştirakı ilə də ərsəyə gəlib. Yəni onun ərsəyə gəlməsinə birbaşa Ermənistan cavabdeh daşıyır. Daşıyırsa, hakimiyyətin dəyişməsinə baxmayaraq bütün hallarda sənəd qüvvədə qalır, heç kim ondan imtina edə bilməz. İstər-istəməz indiki Ermənistan hakimiyyəti o sənədin üzərində fikir mübadiləsi aparmalıdır. Danışıqlar prosesində müəyyən ardıcıllıq var. Ardıcıllıq da ondan ibarətdir ki, qəbul olunan sənədlər məqbuldur və onun üzərində iş gedir. 7 saatlıq danışıqlarda ancaq bu barədə danışmaq olardı. Digər tərəfdən, onu da görürük ki, neçə illərdir konkret müzakirələr getsə də, nəticə yoxdur. Fikrimcə, danışıqlar prosesində məhz həmin bu sənəd müzakirə olunub”.


Politoloqun fikrincə, sentyabr ayına qədər danışıqlar prosesindən nəsə gözləməyə dəyməz: "Yaxın vaxtlarda bunun nəticəsini görə bilmərik. Çünki İravan hakimiyyətinin başı daxili problemlərə qarışıb; Konstitusiya Məhkəməsi, "Qarabağ klanı” və qondarma rejimdə olacaq seçkilərlə bağlı. Bu mənada da ən azından sentyabra qədər danışıqlar prosesindən nəsə gözləmək düzgün olmazdı”.

 

 

Elçin

Sfera.az



OXŞAR XƏBƏRLƏR