\"Bilik Gününün tarixinin dəyişilməsi barədə düşünmək lazımdır\"

\

Bilik Gününün tədris ilinin başlanmasından iki həftə əvvəl qeyd edilməsi müəyyən uyğunsuzluq yaradır.

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bildirib.

Millət vəkilinin fikrincə, ya Bilik Günü sentyabrın 15-nə keçirilməli, ya da məktəblərdə dərslər yenidən sentyabrın 1-də başlamalıdır:

"Bu gün, 1 sentyabr - Bilik Günüdür. Bu münasibətlə hər bir kəsi təbrik edirəm. Hər birimiz üçün məktəb, elm, bilik çox əhəmiyyətlidir. Bilikli olmaq cəmiyyətdə çox ciddi keyfiyyət göstəricisi hesab edilir və bunun həmişə belə olacağını düşünürük.

Eyni zamanda, Bilik Gününün tarixinin dəyişilməsi barədə də düşünmək lazımdır. Belə ki, Bilik Günü tədris ilinin 1 sentyabr tarixində başladığı dövrlərdə müəyyən edilmişdi. Hal-hazırda isə tədris ili 15 sentyabrda başlayır. Ona görə də Bilik Gününün iki həftə əvvəl qeyd edilməsi müəyyən uyğunsuzluq yaradır.

Bu baxımdan ya Bilik Gününün 15 sentyabr tarixinə keçirilməsi, ya da tədris ilinin yenidən 1 sentyabra keçirilməsi barədə düşünmək olardı".


OXŞAR XƏBƏRLƏR