Bəhruz Quliyev Vidadi İsgəndərlinin cavabını verdi

Bəhruz Quliyev Vidadi İsgəndərlinin cavabını verdi
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında hüquq müdafiəçisi Vidadi İsgəndərlinin şikayətinə baxılıb. SİA-nın məlumatına görə,  89 saylı Göyçay-Ağdaş seçki dairəsindən namizədliyini irəli sürən V.İsgəndərli müraciətində onun seçkiqabağı təşviqat zamanı görüşlər keçirməsinə əngəl olunduğunu bildirib. O bildirib ki, təşviqat aparılmasına yer ayrılmayıb, seçkiqabağı kampaniya aparmasına imkan verilməyib, özü isə polisə aparılıb.
MSK-nın Ekspert Qrupunun araşdırması nəticəsində deyilənlərin əsassız olduğu məlum olub. Bildirilib ki, namizədlərin görüşlər keçirməsi üçün 29 yaşayış məntəqəsində tam şərait yaradılıb. Polisin müdaxiləsi məsələsinə gəlincə isə, onun keçirdiyi görüşlərdə polislər sadəcə, asayişi qoruyublar. Ekspert Qrupunun araşdırmasına V.İsgəndərli dəvət olunmasına baxmayaraq, iştirak etməyib.
MSK bunu əsas götürərək şikayəti təmin etməyib. V.İsgəndərli qərara etiraz edib, onun araşdırılmaya dəvət olunmadığını bildirib.
Bundan sonra V.İsgəndərli iclasda Yeni Azərbaycan Partiyasının ünvanına tənqidi fikirlər səsləndirib. YAP-ın Mərkəzi Seçki Komissiyasında təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü Bəhruz Quliyev isə çıxış edərək MSK sədrindən və komissiya üzvlərindən xahiş edib ki, müraciətlərdə hər hansı partiyanın ünvanına yönəlik təhqiramiz ifadələr işlədilməsinə yol verilməsin.

OXŞAR XƏBƏRLƏR