BDU-nun \"Gənc İstedadlar\" liseyində uşaqlara necə tələ qurulur? - ÖZƏL/FOTOFAKT
14:30 / 23.06.2017
10632
Redaksiyamıza Sona Əliyeva (ad şərtidir -red.) adlı valideyn Bakı Dövlət Univetsiteninin "Gənc İstedadlar" Liseyində məktəblilər üçün keçirilən qəbul imtahanının doğru aparılmaması ilə bağlı şikayət daxil edib. Sona xanım adıçəkilən liseyə qəbul olunmaq üçün müraciət edən şagirdlərin valideynlərinin narazılıq etdiyini bildirib.
Sfera.az Sona xanımın redaksiyamıza ünvanladığı şikayət məktubunu təqdim edir:
- Bu qədər acı bir həqiqətlə heç üzləşməmişdim. Həyatda çox sərt problemlərlə üzləşdiyim olub amma mən onu bir problem kimi görüb çözməyə çalışmışam. Amma indi yaşadığım problemin heç cür çözümünü tapa bilmirəm. Məsələ odur ki, oğlumun yaşıdlarından daha üstün qabiliyyət və bacarığını görüb çox sevindim. Mövcud şəraitdən yararlanıb vəzziyyəti dəyərləndirmək istədim. Onsuz da bilirsiniz ki, məktəb proqramı çətindir. Uşaqları lazımından artıq yükləmək olmaz. Amma heç nəyə baxmadan övladıma əlavə müəllimlər tutdum. Özüm iş xanımıyam. Qar bilmədim, soyuq bilmədim, istirahət bilmədim, övladımın qayğılı dünyasına artıq yüklər əlavə edib onu uşaqlığından ayırdım. Zəhmətimiz bəhrəsini verdi. Övladım sınaq imtahanlarında yüksək nəticələr göstərdi. Çox sevinirdik. Sevincimizin həddi-hüdudu yox idi. Məqsədimiz BDU nun "Gənc İstedadlar" litseyinə qəbul olunması idi. Gözlədiyimiz həyəcanlı an gəlib çatdı. Oğlum imtahan verdi. Heç bir ananın, balanın bu qədər məyus olmasını istəməzdim. Oğlum əlində sual kitabçası ilə həyətin ortasında tərpənmədən ona yaxınlaşmağımı gözləyirdi. Gözləri dolmuşdu. Sinəsinə bərk bərk sıxdığı kitabça göz yaşlarından anındaca islanmışdı. O çox pərt olmuş vəziyyətdə idi. Hər zaman qürur, iftixar hissi keçirən balam sınmışdı.
O, "ana, Azərbaycan dili çox çətin idi .Mən yaza bilmədim",- dedi.
O an yalnız balamın sağlamlığı mənim üçün öməmli idi. Qucaqlayıb təsəlli verdim. Bir qədər sonra sualları nəzərdən keçirdim.
Qeyd edim ki, mən özüm müəlliməyəm, sual kitabçasında müşahidə etdiklərim bir dəhşət idi. Suallar 11 ci sinif dəyərində idi. Bir anlıq şok oldum. Bu azmış kimi, suallar da düzgün tərtib olunmayıb. Elə suallar var idi ki, cavablar 2 və 3 variantda düz gəlirdi. Övladımın hazırlıq dövründə bir çox valideynlərlə tanış olmuşdum. Onlarla əlaqə saxladım. Hər evdə valideynlər övladlarına görə çox kədərli idilər.
İndi mən Sizə belə bir sual yönəltmək istəyirəm.
- Gələcəyin bu parlaq zəka sahiblərini bu cür sındırmaga, güvənini qırmağa kimin haqqı var? Heç bir standarta cavab verməyən bu növ testlər kim tərəfindən tərtib olunub və ya yoxlanılıb?
- Bu məsuliyyətsiz hərəkətə yol verən əlində dövlətin möhürü etibar edilmiş imza sahibləri hara baxırlar?! Bu bir cinayyət və sui-qəsddir. Keçirdiyimiz əzablar,gözləntilərimiz hansısa məsuliyyətsiz birinin ixtiyarına necə buraxıla bilər?
Çox xahiş edirəm məsələni araşdırın. Körpələrin, anaların haqqı bərpa edilsin. Belə olmaz. Bunu mən bir etinasızliq, laqeydlik kimi qəbul edirəm. Bu fikirləri təsdiq edən yüzlərlə valideyn, yüzlərlə əqidəsi, inamı sarsılmış körpə var.
Məsələ körpələrin 1 il ərzində yaşadıqları və eyni zamanda laqeydlik və etibasızlığın, məsuliyyətsizliyin itirə biləcəyi əziyyətindən gedir.
P.S Sfera.az olaraq məsələni diqqətdə saxlayacağıq. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Orxan
Sfera.az