Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb
17:32 / 26.05.2018
2847
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Prokurorluq və daxili işlər orqanları tərəfindən ölkənin iqtisadi maraqlarına qarşı yönəlməklə sahibkarlıq fəaliyyətinin qanunla müəyyən edilmiş qaydalarına qəsd edən cinayətlərin aşkarlanaraq qarşısının alınması istiqamətində həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) adlı qurumun funksionerlərindən Əli Kərimli, Qənimət Zayidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov və digərlərinin Bakı şəhər sakinləri Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov, Tural Mehdixanov və qeyrilərinin üzv olduqları qurumun respublikamızda və xaricdə dövlətimizə, dövlətçiliyimizə və milli maraqlarımıza zidd olaraq keçirilən tədbirlərinin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə dair kifayət qədər sübutlar toplanmışdır.
Belə ki, Rusiya Federasiyasında yaşayan Saleh Rüstəmov çirkli pul vəsaitlərinin əldə edilməsinin mənbəyini gizlətmək məqsədilə "Sahibkarlıq fəaliyyəti haqqında” qanunun, Vergi Məcəlləsi və digər normativ-hüquqi aktların tələblərini pozaraq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, vergi ödəyicisi kimi uçotda durmadan, həmçinin xüsusi razılıq (lisenziya) olmadan banklar və digər kredit təşkilatlarının müstəsna funksiyalarına aid faktiki bank fəaliyyətini həyata keçirmək məqsədi ilə AXCP-nin fəaliyyətinin maliyyələşdirilməsi üçün Rusiya Federasiyasının ərazisində təbliğat aparmışdır.
Saleh Rüstəmov daha sonra biznes strukturlarında çalışan və əvvəllər tanıdığı Azərbaycan Respublikasının ayrı-ayrı vətəndaşlarından hər ay toplayaraq Moskva şəhərində kommersiya bankında açdığı hesabına keçirdiyi 30 min ABŞ dollarını 2016-cı ilin mart ayından etibarən, Bakı şəhərində valyuta əməliyyatlarının qanunsuz köçürülməsi ilə məşğul olan Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Tural Mehdixanov vasitəsilə Vidadi Rüstəmliyə çatdırılmasını təmin etmişdir. V.Rüstəmlinin həmin vəsaitləri qəbul edib Aqil Məhərrəmov, Ruslan Nəsirov və Babək Həsənova, onların isə AXCP-nin funksionerlərinə vermələri ilə, ümumilikdə 412 min ABŞ dollarını AXCP-nin tədbirlərinin maliyyələşdirilməsinə, dəstə üzvlərinin iqtisadi maraqlarının təmin olunmasına və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə, beləliklə də cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallışdırılması əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən olunmuşdur.
Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov, Eltac Əlisoy Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir. İstintaqdan gizləndiyi üçün Eltac Əlisoy barəsində axtarış elan olunmuşdur.
Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanan məlumatlar isə istintaqa təsir göstərmək, cinayət işini süni surətdə siyasiləşdirərək cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq və ictimai rəyi çaşdırmaq məqsədi güdür.
Hazırda Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin aidiyyatı qurumları tərəfindən cinayət işi üzrə hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində qanunvericilikdə nəzərdə tutulan zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.