Bakının mərkəzindəki yanacaqdoldurma məntəqələri Çernobılı xatırladır - Ekspert

Bakının mərkəzindəki yanacaqdoldurma məntəqələri Çernobılı xatırladır - Ekspert
"Yanacaqdoldurma məntəqələrinin şəhər kənarına köçürülməsinin zamanı çatıb”.
 
Sfera.az-a açıqlamasında bu sözləri Tərtərdə yanacaqdoldurma məntəqəsində baş verən partlayış fonunda sözügedən obyektlərin təhlükəsizlik qaydalarına nə dərəcədə cavab verib-vermədiyinə münasibət bildirərkən "Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev deyib:
 
"Sovetlər dönəmində Bakı şəhərinin mərkəzində yanacaqdoldurma məntəqələri demək olar ki, yox idi. Bu obyektlərin hamısı şəhərdən kənarda, biri Qaraşəhərdə, indiki Amay-ın yanında, Patarmdartda təpənin üstündə, Xıdralan yolunda, Binəqədi ilə Fatmayi yolunun arasında, aeroport yolu üstündə, Əhmədlinin qurtaracağında tikilmişdi. İndi isə şəhərin mərkəzində, əhalinin kompakt yaşadığı yerlərdə, az qala hər bir tində belə obyektlərə rast gəlirik. Yanacaqdoldurma məntəqələri əslində strateji obyektlər sırasına daxil edilməlidir. Bu istiqamətdə əhalinin təhlükəsizliyinin daha güclü şəkildə təmin edilməsi üçün kifayət qədər tədbirlər görülməlidir. Bu obyekt sahiblərinin məsələyə etinasız, səhlənkar yanaşmaları və müvafiq qurumlarla sıx əlaqədə işləməkdən yayınmaları, həmin obyektlərin mühafizəsi üçün həyata keçirilməli olan, lakin keçirilməyən tədbirlər bir sıra hallarda faciəli sonluqlara gətirib çıxarır. Heç kim zəmanət verə bilməz ki, əhalinin kampakt yaşadığı yerə yaxın ərazidə olan yanacaqdoldurma məntəqələri əhali üçün təhlükə mənbəyinə çevrilməyəcək. Bu obyektlər Çernobıl stansiyası kimi qəbul olunmalıdır. Onların atmosferə vurduğu ziyan yaxın ərazidə yaşayanlar, hətta gələcək nəslin artırılması üçün təhlükə mənbəyidir. Ona görə də yanacaqdoldurma məntəqələri ümumiyyətlə şəhər mərkəzindən çıxarılmalıdır.
 
İndi "Semaşko”nun, Ayna Sultanova heykəlinin yanında da yanacaqdoldurma məntəqələri tikiblər. Halbuki sovet dönəmində həmin yerlərdə bu kimi obyektlərin olması mümkün deyildi. Hansı ki, onların hər biri yaşayış məntəqəsinə olduqca yaxın məsafədədir. Bakı Şəhər İcra Hakimiyyəti şəhər daxilində qeyri-qanuni və arxitektura qaydalarına zidd olan bəzi tikintiləri doğru olaraq sökür. Bu mənada düşünürəm ki, yanacaqdoldurma məntəqələrinin də şəhər kənarına köçürülməsinin zamanı çatıb. Kimin olmasından asılı olmayaraq, bu obyektlər şəhər mərkəzindən mütləq mənada kənara çıxarılmalıdır. Bu istiqamətdə addım atmağın zamanı çatıb. Müvafiq qurumlar bu istiqamətdə düşünməlidir”.
 
Qeyd edək ki, bu günlərdə Tərtərdəki yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində iki nəfər ağır xəsarət alıb. . Bu hadisənin özü onu göstərir ki, sözügedən sahədə təhlükəsizlik qaydalarına əməl edilməsi sahəsində hələ də boşluqlar, çatıçmamazlıqlar var.
 
ELÇİN
Sfera.az





  

OXŞAR XƏBƏRLƏR