Bakının mərkəzində evli qadınlara söz atır, fahişələrlə \"alver\" edirlər - Ərəb turistlər ölkədən qovulacaq? - AÇIQLAMA
16:37 / 25.05.2018
10787
Artıq bir neçə ildir ki, Azərbaycanda ərəb axını müşahidə edilir. Təkcə 2016-cı ildə ölkəmizə gələn xarici ölkə vətəndaşlarının sayı 2 milyon 242 min 783 nəfər olub. Həmin ildə Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında 33 dəfə, ümumilikdə, isə ərəb ölkələrindən gələnlərin sayında 8 dəfə artım olub. Belə ki, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib. Ötən ildə isə Azərbaycana gələn turistlərin 87 min 215 nəfəri Birləşmiş Ərəb Əmirlikləri, 32 644-ü isə Səudiyyə Ərəbistanından olub.
Ölkəmizə turist axının artması sevindirici bir haldır. Bu həm də Azərbaycana kapital axını deməkdir. Lakin etiraf edək ki, bu gün cəmiyyətimiz tərəfindən ərəb turistləri o qədər də xoş qarşılanmır. Öncəki illərdə ölkəmizə gələn bir çox ərəblər nümayiş etdirdikləri davranışla Azərbaycanda elə də xoş təəssürat formalaşdırmayıblar. Bəziləri ucuz əyləncələr üçün Azərbaycana üz tuturlar. Dəfələrlə paytaxtın mərkəzi yerlərində bəzi ərəb turistlərin ədəbsizliyini, ailəlikcə gəzən qadınlara söz atdıqlarının şahidi olmuşuq.
Havalar isindikcə ərəblərin ölkəmizə axını artır. Ötən ildə müşahidə edilən mənfi tendensiyaların yaşanılmaması üçün nə edilməlidir?
Mövzunu millət vəkili Zahid Orucla müzakirə etdik. Millət vəkili Sfera.az-a açıqlamasında bildirib ki, hansısa əxlaqsız hərəkətlərə görə bütünlükdə ərəblərə qarşı qadağa tətbiq olmaz:
"Dünyada elə bi metod yoxdur ki, hansısa ölkədən gələn turisti mənəvi cəhətdən təlimatlandırdıqdan sonra ölkəyə buraxsınlar. Ərəblər bütövlükdə qeyri-əxlaqi niyyətlər üçün Azərbaycana daxil olur, bu səbəbdən onlara qadağalar tətbiq etməliyik fikrini bir qədər şişirdilmiş, ayrı-ayrı faktları çox tez ümumiləşdirmək kimi qəbul edərdim. Bununla bağlı müvafiq qurumlar var. Hüquq-mühafizə orqanları bu cür hadisələr haqda məlumatlıdır. Onlar bilirlər ki, gələn turistlər sırasında əmək miqrantlarının faizi nə qədərdir. Rusiyada qastarbayterlər, əmək fəlaliyyəti ilə gələn şəxslər haqda daşlaşmış rəylər mövcuddur. Bir sıra hallarda Qafqazdan gedənlərə ikinci "sort” millət kimi yanaşılır. Bu isə rasizm hallarını yaratmaqla faşizm, yaxud da aşırı millətçiliyə səbəb olur”.
Millət vəkili Azərbaycan cəmiyyətində anti-ərəb dalğasının duyulmadığını deyir:
"Lakin onların Azərbaycana gələrkən özlərini yaxşı aparmamasına dair yanaşmalar mövcuddur. Bu cür şəxslərin passportlarına qadağa işarəsi vurmaqla onları ölkədən çıxarmaq lazımdır”.
Gürcüstan təcrübəsindən söz açan millət vəkili bu məsələnin geniş araşdırılmasına ehtiyac olduğunu vurğulayıb:
"Gürcüstanın gecə klublarında başlayan üsyanlar narkodemokratiya adı aldı. Bildiyiniz kimi Gürcüstanda müəyyən dozada marixuananın qəbulu leqallaşdırılıb. Əksər hallarda gənclərin artıq narkotik qəbul edicisi olduğunun şahidiyik . Onların həyat tərzində də bunu görmək mümkündür. Mühafizəkar dəyərləri təbliğ edənlər bu şəxsləri vurub əzməliyik dedilər. Gördüyünüz kimi mənşəcə qərbdən gələnlər də həm insani baxımdan, həm də dəyərlər baxımdan arzuolunmaz halları digər ölkələrə gətirmiş olurlar. Ərəblər bura yalnız əyləncə üçün gəlirlər, yaxud da hamısı əxlaqsızdır demək yanlış olardı. Düşünürəm ki, bu məsələnin geniş araşdırmaya ehtiyacı var. Ümumi təhlillər hazırlamalıyıq. Gürcüstan 6 milyon turistinin olduğunu təntənəli şəkildə qeyd etdi. Lakin Azərbaycan Gürcüstandan böyük olsa da, bizdə bu rəqəm elə də çox deyil”.
Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva isə Sfera.az-a açıqlamasında məsələyə fərqli mövqedən yanaşdı:
"Vizanın sadələşdirilməsindən öncə ərəblər Gürcüstana gəlirdilər. Yəqin ki, orada da elə hallar olurdu. Ərəblərin Azərbaycanda nümayiş etdirdikləri biabırçılığın qarşısını almaq üçün ölkəmizə gələn turistlər üçün maarifləndirici braşuralar hazırlanmalıdır. Azərbaycanda turizm tarixi ənənlərə sahib olsa da, yenicə inkişaf edir. Ənənəvi turizm mərkəzlərinin turistləri göndərəcək ölkələr haqda xüsusi braşuralar olur. Almaniyaya gedərkən mənə verilən braşurada qeyd olunurdu ki, Hitlerin adını və faşizm haqda danışmaq olmaz. Azərbaycana tur paketlər təşkil edən mərkəzlər də bu cür maarifləndirici braşuralar hazırlanmalıdır. Bu gün hüquq-mühafizə orqanları, polislərdə ərəblərin əxlaqsızlığı ilə xüsusi report yoxdur”.
Nigar Məhərrəm
Sfera.az