Bakının dərdi var, Bakı xəstədir... – Son qərar tıxacın qarşısını ala biləcəkmi?

Bakının dərdi var, Bakı xəstədir... – Son qərar tıxacın qarşısını ala biləcəkmi?


"Bu addımla bir tərəfi tıxacdan azad etsək də, digər tərəfdə tıxac miqyasının böyüməsinə səbəb olacağıq”.


Sfera.az-a açıqlamasında bu sözləri Sumqayıt şəhərindən paytaxta və əks istiqamətdə hərəkət edən marşurut avtobusların Alatava (Şamaxinka adlanan ərazi), 20 Yanvar və 3-cü mikrorayon dairəsinə girişinə icazə verilməyəcəyinə münasibət bildirərkən nəqliyyat eksperti Azər Allahverənov deyib:

 

"Dövlət Yol Polisi aidiyyatı ünvanlara belə bir müraciət ünvanlayıbsa, şübhəsiz ki, onlar bu istiqamətdə müəyyən bir qiymətləndirmə aparıblar. Bu məsələdə olduqca vacib məsələ "Şamaxinka”, 20 Yanvar və 3-cü mikrorayon ərazilərində olan nəqliyyat vasitələrinin artımının miqyasını azaltmaqdır. Bu da həmin istiqamətə gələn bəzi marşurutları məhz Beynəlxalq Avtovağzala yönləndirməklə baş verə bilər. Ona görə də Sumqayıtdan adı hallanan 3 istiqamətə gələn marşurutların avtovağzala yönləndirilməsi müəyyən mənada yaxşıdır”.

 

A. Allahverənov bildirdi ki, atılacaq bu addımla "Şamaxinka”, 20 Yanvar və 3-cü mikrorayon istiqamətindəyaranan sıxlığın qarşısını müəyyən dərəcədə azaltmaq mümkün olacaq. Amma əvəzində Beynəlxalq Avtovağzalın ərazisi və ətrafı yüklənəcək: "Bunun baş verməməsi üçün isə orada ciddi işlər görülməlidir ki, gələn avtobusların burada hərəkəti maneəsiz həyata keçsin. Bu ərazidə də geniş imkanlar yaradılmalıdır ki, sıxlıq özünü büruzə verməsin.

Əks halda Sumqayıtdan gələn marşurutlarla bağlı atılan addımla bir tərəfi tıxacdan azad etsək də, digər tərəfdə tıxac miqyasının böyüməsinə səbəb ola bilərik. İndinin özündə belə avtovağzal istiqamətdə tıxac özünü göstərir, xüsusən də pik saatlarında”.

  

Bu səbəbdən də ekspert məsələyə kompleks şəkildə baxılmasını vacib bildi: "Bunun üçün də Beynəlxalq Avtovağzal ərazisi və ona yaxın yerlərdə nəqliyyat vasitələrinin tıxaca düşməsinə səbəb olan amillər üzə çıxarılmalıdır. Ola bilər, orada hərəkətin nizamlanmasına, bəlkə də əlavə nişanların qoyulmasına, dayanma-durma qaydalarının tətbiq olunmasına ehtiyac var”.

  

Elçin


OXŞAR XƏBƏRLƏR