Bakıda işıqlar söndü - Qənaət rejiminə keçildi? - FOTO

Bakıda işıqlar söndü - Qənaət rejiminə keçildi? -  FOTO

Bakı Şəhər İcra Hakimiyyətinin binası üstündəki saat axşam 10-u vurur. Bakının kənar küçələrində 

işıqların közərdiyini, ya da heç yanmadığını bilməyən az olar. Hava azacıq soyuyan, qar yağan kimi 

ucqarlardakı yaşayış binalarında işıqlar tez-tez kəsilsə də, şəhərin mərkəzi adətən alışıb-yanırdı. Daha

 belə deyil.

Sfera.az bildirir ki, azadliq.org paytaxtdan hazırladığı reportajda bildirir ki, elə şəhər icra hakimiyyətinin 

da yerləşdiyi metronun "İçərişəhər" stansiyasının ətrafında, mərkəzi küçələrdəki işıq dirəklərində lampalar

 zəif yanır. Mağazaların, kafelərin çoxu əvvəlkitək ya gur işıqlandırılmır, ya da işıqlar heç yanmır. 

Mərkəzdə maşın yollarından aralanan kimi işıq bir az da gücdən düşür. Nə vaxtsa "İçərişəhər" 

metrostansiyasının arxasında göz qamaşırdı, indi qaramtıl kölgələr görünür.

İstiqlaliyyət küçəsində Xalq Cümhuriyyətinə qoyulan abidənin ətrafında isə 8 lampa dirəyindən

 ancaq birində işıq vardı. Qonşuluqda, kimyaçı alim Yusif Məmmədəliyevin heykəlinin yerləşdiyi 

ərazi isə tam bir zülmət içindədir.

Sabir bağı "işıq gələn tərəf" sayıla bilər. Ancaq aşağıya doğru, mağazaların yerləşdiyi küçələrin 

çoxu əvvəlki kimi işıqlandırılmır. Bu mağazaların bir neçəsi təzəlikcə icarəyə verildiyindən

 işıqlandırıması da kəsilib. Arxa küçələrdə isə tamam qaranlıqdır, adda-budda işıq közərir.

Bahalı mağazaların yerləşdiyi Neftçilər prospekti də əvvəlki kimi bərq vurmur. Burada da mağazaların 

bir neçəsi boşalıb, üstünə "İcarəyə verilir" lövhələri vurulub. Bulvar işıqlı, metronun "Sahil" stansiyasının

 ətrafında bəzi küçələr yarımqaranlıqdır. Şəhərin mərkəzindəki otellərin çoxu da əvvəlki kimi alışıb-yanmır,

 işıqları zəifləyib. Metronun "28 May" stansiyasından kənar küçələrə yol aldıqca qaranlığa düşürsən.

"Ağ şəhər bulvarı"nın işıqları yanır. Ancaq Perinatal Mərkəzin yaxınlığında açılmış yeni parkda göz-gözü 

görmür, gecə 11-in yarısında işıqlar artıq söndürülmüşdü. Ağ Şəhərin yerləşdiyi ərazidə də daha 

gözqamaşdırıcı parıltı yoxdur. Burada da adi küçə dirəklərinin işıqları yanır.

Taksi sürücüsü Malik Məmmədov deyir, bir neçə gündür, belədir:

"Son günlər şəhərin çox küçələri qaranlıqdır. Bu da biz sürücülərin işinə yaman ziyan vurur, görmək olmur.

 Allah eləməsin, hər an qəza ola bilər".

Bakı kəndlərinin birində yaşayan Afət Əmirovanın fikrincə, elektrikə qənaət olunmalıdır:

"Bizim evdə işıqlar tez-tez sönür. Mərkəzdə işığı boş-boşuna yandırmaqdansa, işıq olmayan evlərə versələr, 

yaxşıdır".

Bakı Şəhər İşıq İdarəsinin Səbail rayon şöbəsinin müdiri Şahmurad Məmmədov ANS televiziyasına 

açıqlamasında deyib ki, paytaxtın bütün ərazilərində qənaət məqsədilə axşam saat 22:00-dan sonra

 işıqlar söndürüləcək. Ancaq Bakı Şəhər İcra Hakimyyətinin şəhər təsərrüfatı şöbəsinin müdiri Xalid 

Ələkbərov onlara belə bir göstəriş verilmədiyini söyləyir:

"Heç bir qənaət-zad yoxdur. Xəbərim yoxdur. Bizdə belə bir göstəriş olmayıb, idarə də öz rejimində işləyir".

"Azərenerji"nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə deyir ki, elektriki əvvəlki qaydada

 verirlər, istəyən qənaət eləyə bilər:

"Biz elektriki qənaətlə vermirik. Tələbat ödənilir. Abonentlər özləri qənaət eləyirlərsə, eləsinlər. Şəhər 

işıqlandırma idarəsi, binalar bizim abonentdir. Qənaət eləmək istəyənə biz nə deyə bilərik?"

Bakı Şəhər İşıqlandırma İdarəsinin rəisi Məhərrəm Babayev də qənaətlə bağlı hələ onlara rəsmi göstəriş

 verilmədiyini bildirir, ancaq onu da sözlərinə əlavə edir ki, gecə saat 1-dən sonra bəzi tədbirlər görülür:

"Hələlik rəsmi bir şey yoxdur. Gecə saat 10 yalan söhbətdir. Gecə 1-dən sonra başlayırıq, ancaq o da

 hələ dəqiq deyil. Hələlik işıqlar yanır, ancaq baxırıq, görək sonra necə olacaq. Xərclərlə bağlıdır, ancaq 

rəsmi bir şey yoxdur".

İqtisadçı ekspert Azər Mehdiyev qənaət rejimini neft gəlirlərinin azalmasına bağlayır:

"Heç kəsə sirr deyil ki, Azərbaycanda dövlət büdcəsi ilə çox bədxərc sistem qurulmuşdu. Yeni parkların, 

küçələrin, binaların işıqlandırılması zamanı həddən artıq elektrik enerjisindən istifadə olunurdu. Təbii ki, 

bu xərclərin hamısı dövlət büdcəsindən ödənilirdi. Ancaq indi büdcə xərclərinə qənaətə ehtiyac yaranır.

 Bunun ilk əlamətlərindən biri kimi də məhz elektrik enerjisinə sərf olunan vəsaitin azaldılması gündəmə 

gəlir. Bu xərcləmə ilə bağlı ciddi bir sistem qurulmalıdır. Həqiqətənmi şəhərdəki bütün binaların bütün sutka

 ərzində işıqlandırılmasına ehtiyac var? Binaların hansı halda, nə zaman işıqlandırılmasına bir aydınlıq 

gəlməlidir. Həm də şəhərin küçə və parklarının işıqlandırma rejimi elə təmin edilməlidir ki, bu, insanların 

hərəkətinə, təhlükəsizliyinə zəmanət vermiş olsun".

Dünyanın düz vaxtında elə də güclü işıqlandırılmayan Əhmədli tərəfə yol alanda isə əsl qaranlığa 

düşürsən. 

Magistral yolda işıqlar yansa da, ətrafdakı yaşayış binaları zülmətə qərq olub. Sakinlər deyirlər,

 mənzilbaşına çatanadək bir neçə dəfə büdrəyirlər.


OXŞAR XƏBƏRLƏR