evli_wedding_2605230b

Bakıda imkansızlıqdan böyrəyini satan vətəndaşlar

Share Button

Bakının Nizami küçəsində divarda "Böyrəyimi satıram" adlı iki elan yapışdırılıb.

Bu elanın fotosunun sosial şəbəkədə yayımlandığını nəzərə alıb bu problem haqda bir neçə kəlmə yazmaq istədik. Elandan da göründüyü kimi qiymətlərin 40-50 min manat olması, ya bu biznesin qalxmasına, ya da satan adamların təcili pula ehtiyacı olduqlarına dəlalət edir. Əslində isə bu problem üzücü olduğundan o elanları yapışdıranları mühakimə edə bilmərik. Qanun isə donor orqanlarının alqı-satqısını qəti şəkildə qadağan edir.

Sfera.az olaraq bu problemin ciddiliyini bildiyimizdən problemi işıqlandırmaq qərarına gəldik. Araşdırmamız nəticəsində məlum olub ki, qaraciyər köçürülməsi əməliyyatının qiyməti Azərbaycanda 50 min manatdan çoxdur. Qonşu Türkiyəyə üz tutanlar isə hətta 100 min dollarından belə keçməli olur. Statistikaya inansaq, qara ciyər serrozu olan təcili donora ehtiyacı yaranan 7 nəfərdən yalnız ikisinin sonda üzü gülür. Oxşar vəziyyət böyrək çatışmazlığı zamanı da yaranır. Amma bu astarın o biri üzü də var. Bu bazarda yüksək məbləğlərdən söhbət getdiyindən, daxili orqanlarını satmaqla pul qazanmaq istəyənlərin sayı da artıb. Xarici ölkələrə getməyə risk etməyənlər daxildə özləri üçün bazar axtarır. Tanınmış transplantoloqlar etiraf edir ki, onlar hər gün daxili orqanlarını satmaq niyyətilə yanlarına gələn bir neçə nəfəri qapıdan geri qaytarmalı olur.

Hətta bunun üçün elan verənlər də var. Deyilənləri yoxlamaq üçün internetə girmək kifayət edir. Sadəcə axtarış saytlarından birində yazırıq "böyrəyimi satıram”. Nəticəni gözləməyə çox vaxt tələb olunmur. Bir neçə elan qarşımıza çıxır. Müxtəlif qan qrupuna aid vətəndaşlar öz böyrəklərini təklif edirlər. Elanda şəxsin adı və əlaqə saxlamaq üçün mobil telefonu da qeyd olunur. Bir neçəsi ilə əlaqə saxlayırıq və hansı amilin onları bu addımı atmağa sövq etdiyini öyrənməyə çalışırıq. Bir-iki kəlmədən sonra jurnalist olduğumuzu bilib, qarşı təfər gözlənildiyi kimi telefonun dəstəyini asır. Yalnız bir nəfər anonimliyi qorumaq şərtilə, niyə bu yola düşdüyünün səbəbini danışdı.

"Ailəm çox kasıbdır. Məni bu addımı atmağa məhz imkansızlıq vadar edir. Bilirəm ki, bir böyrəyə görə 15 min manat pul qazana bilərəm. Bu pul ən azı bir neçə ay bizə problemsiz yaşamağa kifayət edər”, - deyə böyrəyini satan şəxs əməlini belə izah etdi.

Xatırladaq ki, orqan satışı ilə bağlı bir müddət əvvəl "Azərbaycan” qəzetində də elan yer almışdı.

Göründüyü kimi, sosial şəbəkələrdə və saytlarda orqan satışı ilə bağlı elanlar verilir. Bəs qanun bununla bağlı nə deyir?

Donor satışı ilə bağlı "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının qanununun 16-cı maddəsində deyilir: "Transplantasiyaya aid reklama qanunvericilikdə müəyyən olunmuş qaydada yalnız tibb və əczaçılıq sahəsində ixtisaslaşmış mətbuat orqanlarında yol verilir”.

Qeyd edək ki, hazırda Azərbaycanda rəsmi olaraq orqan köçürülməsi yalnız Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasında həyata keçirilir.

Tibbi ekspert Adil Qeybulla bildirir ki, azərbaycanlıların daxili orqanları ən çox xarici bazara çıxır. Qeyri-rəsmi məlumatlara görə, daxili bazarda böyrəyin qiyməti təxminən 8-10 min Birləşmiş Ştatlar dolları civarındadırsa, İranda bu qiymət 6-15 min, Rusiyada isə 20-30 min dollar həndəvərində dəyişir. Qaraciyərin qiyməti isə bundan dəfələrlə artıqdır. Qanun isə donor orqanlarının alqı-satqısını qəti şəkildə qadağan edir. Xarici ölkələrin təcrübəsində də belədir. Məsələn, Rusiya qanunlarına görə, donorluq yalnız humanist məqsədlə könüllü olmalıdır, pul qazanmaq mənbəyinə çevrilməməlidir...

 

Share Button

DİGƏR XƏBƏRLƏR