Bakıda II Azərbaycan-Alman-Türk tibb konqresi öz işinə başlayıb

Bakıda II Azərbaycan-Alman-Türk tibb konqresi öz işinə başlayıb

Bu gün Bakıda Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə II Azərbaycan-Alman-Türk tibb konqresi öz işinə başlayıb.

Sfera.az xəbər verir ki, Trend-in məlumatına görə, konqresin prezidenti Qurbanxan Müslümovdeyib ki, I Azərbaycan-Alman-Türk tibb konqresi ötən ilin aprel ayında Almaniyadan, Türkiyədən və İsveçrədən dəvət edilmiş 15-ə yaxın mütəxəssisin iştirakı ilə keçirilmişdi. Postsovet və yaxın xarici ölkələr arasında ilk dəfə olaraq bu konqresə Avropanın davamlı tibb təhsili sahəsində məşğul olan mərkəzlər tərəfindən 21 kredit balı verilib.

Builki konqresə Almaniya, Türkiyə və İsveçrənin universitet klinikalarından tibbin müxtəlif sahələrində çalışan 20 nəfərədək tanınmış, qabaqcıl mütəxəssis referent və təlimçi qismində dəvət edilib.

Aprelin 24-dək davam edəcək konqresin əsas mövzusu onkologiyanın, cərrahiyyənin, qastroenterologiyanın və radiologiyanın ən aktual problemləri, müxtəlif xəstəliklərin müalicəsinə ayrı-ayrı peşə sahiblərinin müqayisəli münasibəti və bu gün bu xəstəliklərin müalicəsində dünyanın aparıcı klinikalarında tətbiq olunan qabaqcıl müalicə protokolları və taktikaların müzakirəsidir.

Konqresin gedişində həkim, tələbə və rezidentlər üçün ümumi cərrahiyyə, laparoskopik cərrahiyyə, damar cərrahiyyəsi, endoskopiya, ultrasonoqrafiya və radiologiya sahələrində adi sadə vərdişlərdən tutmuş ən mürəkkəb tibbi prosedurların icra edilməsinə qədər treyninqlər keçirilməsi planlaşdırılır. Bu treninqlər Avropanın və dünyanın qabaqcıl ölkələrində tibb mütəxəssislərinin ixtisaslaşması ilə məşğul olmuş ən qabaqcıl texnologiyaların istifadəsi ilə aparılacaq.

Q.Müslümov deyib ki, treninqlərə rəhbərlik Almaniya, İsveçrə və Türkiyədən dəvət edilmiş xarici mütəxəssislərlə yanaşı, Azərbaycanın da bu sahədə təcrübəsi olan yüksəkixtisaslı mütəxəssisləri ilə birlikdə aparılacaq.

Konqresin digər prezidenti Mixael Gebel bu tədbirin təşkilatçısı olmaqdan məmnunluq duyduğunu deyib. O, belə konqreslərin keçirilməsi ilə tibb sahəsinin inkişafına töhfə verə biləcəklərinə də ümid etdiyini bildirib.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirib ki, Türkiyə üçün Azərbaycanın nə dərəcədə önəmli olduğunu deməyə ehtiyac yoxdur: "Azərbaycan böyük bir tarixə, zənginliyə, qədim bəşəri dəyərlərə malikdir. Azərbaycanın inkişafı yalnız Avropa Oyunları, Formula-1 kimi yarışların keçirilməsi ilə ölçülmür".

Səfir deyib ki, bu gün Azərbaycanın 25 il əvvəl olduğu kimi, dəstəyə ehtiyacı yoxdur: "Bu gün Azərbaycan özü artıq dəstək verən bir ölkəyə çevrilib. Bu il müstəqilliyinin 25-ci ildönümündə Azərbaycan Türkiyəyə dəstək ola bilən bir ölkədir. Azərbaycanla işbirliyi önəmli bir nöqtəyə gəlib çatıb. Azərbaycan-Türkiyə iş birliyinin nəticələrı ortadadır".


OXŞAR XƏBƏRLƏR