Bakıda ginekoloqlardan qorxunc etiraf: “400-500 manat gətir, abort edək...” - Qız uşaqlarını belə öldürürlər - AUDİO

Bakıda ginekoloqlardan qorxunc etiraf: “400-500 manat gətir, abort edək...” - Qız uşaqlarını belə öldürürlər  - AUDİO
 Uzun müddətdir ki, Azərbaycanda "Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında" qanun layihəsinin qüvvəyə minməsi gözlənilsə də, nədənsə bu proses ləngidilir. Qanun layihəsində selektiv abortların qadağan edilməsi, o cümlədən, bu yolla pul qazanan həkimlərin cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutulur. 

Azərbaycanda selektiv abortlar varmı? Bəli, bu gün bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da selektiv abortlar var. Əldə etdiyimiz məlumatlar bunu deməyə əsas verir. Lakin bu məlumatları qurama kimliklər vasitəsilə əldə etdik. Dəfələrlə bu mövzuda bir çox jurnalistlər ginekoloqlarla danışmaq istəsə də, cəhdləri nəticə verməyib. 

Haşiyə: «AZƏRBAYCAN JURNALİSTLƏRİNİN PEŞƏ DAVRANIŞI QAYDALARI» maddə 2.4: Jurnalistin müstəsna hal kimi digər imkanları mövcud olmadıqda, ictimai əhəmiyyət kəsb edən informasiyanın əldə edilməsi üçün xüsusi avadanlıqlardan (gizli kameralar, gizli mikrofonlar və sair gizli vasitələrdən) və ya üsullardan ("qurama” kimlik və s. ) istifadə edə bilər. Media eksperti Ələsgər Məmmədli Cebhe.info-ya açıqlamasında bildirib ki, bu cür yazının işlənməsinə görə jurnalist heç bir məsuliyyət daşımır: "Jurnalist normal qaydada informasiya ala bilmirsə, müəyyən rol oyunlarından istifadə edə bilər. Zamanla bir çox jurnalistlər bu metoddan istifadə edərək cəmiyyət üçün daha faydalı işlər görürlər. Burada jurnalist kiminsə mənafeyinə ziyan vurmur. Bu hər şeydən öncə peşə etikası məsələsidir. Mətbuat Şurasının jurnalistlərin peşə etikası kodeksində də qeyd etdiyim məsələ əksini tapıb”.

Öncədən qeyd edək ki, bu məqaləni hazırlamaqda məqsədimiz gerçəklikləri çatdırmaq, aidiyyəti qurumlara bununla bağlı ismarıc yollayaraq ölkəni yarana biləcək gələcək demoqrafik bəladan xilas etməkdir. Əlbəttə, öz payımıza düşən qədər...

Beləcə, məlumatı almaq üçün bir neçə ginekoloqa zəng edərək özümüzü pasiyent kimi təqdim etdik. 12-14, 15-16 həftəlik qız övladına hamiləlikdən imtina etmək üçün bir neçə ginekoloqla əlaqə saxladıq. Ginekoloq Seyran Cabbarova ilə dialoqumuz bu cür baş tutdu:

-Birinci gün Baku Medikal Plazada olacağam. Gələrsiz.

-Qiymət nə qədər olar?

- Döl neçənci həftəsindədir?

-15-16

-Böyükdür...Gəlin, baxaq

-Bəs, qiymət...

-Öncəki qeysəriyyə ilə olub?

-Bəli.

-Gəlin dölün və sizin vəziyyətinizə baxaq, daha sonra kompüterdə baxıb sizə qiyməti deyək. 

-Təxminən nə qədər olar?

-400-500 manat arası, bundan baha olmaz.

-Səhhətimdə təhlükəli bir məqam yoxdursa, abort etmək problem olmaz?

-Yox, olmaz. 

Ginekoloq Şərafət Allahverdiyevaya da eyni sualla müraciət etdik. Şablon suallardan sonra:

-16 həftəlikdir, böyük hamiləlikləri abort etmirəm. Həkim yoldaşım var. Çox böyük uşaqlar olduqda ona yönləndirirəm. Amma 12-13 həftəlik hamiləlikdirsə, o zaman abort edə bilərəm. Birinci gün saat 10 -da mənə yaxınlaşın. 

Ginekoloq Rəna Qədimova ilə həm pasiyent, daha sonra, təxminən bir müddət fasilədən sonra jurnalist kimi danışdıq:

- Sizə müraciət edə bilərəmmi?

-Bəli, sadəcə olaraq 2-3 saat əvvəl heç nə yeməyin. Qiymət narkozdan asılıdır. Qiymətlərimiz 350-400 manat arasında dəyişilir. 

P.S: R.Qədimova jurnalist olaraq özümüzü təqdim etdikdə də açıq-aşkar selektiv abortlarla məşğul olduğunu etiraf edib. Onun sözlərinə görə, selektiv abortlar etməzdən öncə hamiləliyin neçə həftədə olması önəmlidir.

Digər ginekoloq Rəna Hüseynova isə həmkarlarından fərqli olaraq selektiv abort etmədiyini, tövbəli olduğunu deyib:

-Xeyr, inkişaf edən dölü heç vaxt abort eləmirəm. Bir vaxt eləmişəm, namaz qılandan sonra eləmirəm. Qız olduğuna görə abort edirsiniz?

-Bəli, məhz buna görə.

-Ümumiyyətlə, artıq sizdən heç nə eşitmək belə istəmirəm. Sağ olun...

Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının üzvü Leyla Məmmədovaya da bununla bağlı sorğu ünvanladıq. Qanunvericilik nə deyir? Belə hallar aşkarlanarsa, nazirlik tərəfindən hansı tədbirlər görüləcək? L.Məmmədovanın sözlərinə görə, "Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda göstərilib ki, abort hamiləliyin 12 həftəsinə qədər qadının arzusu ilə icra oluna bilər. Hamiləliyin 12 həftəsindən sonra hamiləliyin süni pozulması tibbi və ya sosial göstəriş olduqda aparıla bilər: "Məhz selektiv abortlarla bağlı Azərbaycan qanunvericiliyində hər hansı bir müddəanın olmasına dair məndə məlumat yoxdur”. 

L.Məmmədova bildirib ki, anada və döldə hər hansı bir problem, aborta tibbi, sosial göstəriş yoxdursa, hamiləliyin 12 həftəsindən sonra dölün cinsi mənsubiyyətini əsas götürərək hamiləlik pozula bilməz. Yəni, bu da o deməkdir ki, 12 həftədən sonra selektiv abortlara da icazə verilə bilməz: "Belə ki, dölün cinsi mənsubiyyəti nə tibbi, nə də sosial göstəriş deyil. Lakin onu da qeyd etmək lazımdır ki, Azərbaycanda aborta sosial göstərişlər çox genişdir. Hamiləliyin 12 həftəsindən sonra aborta göstəriş kimi sosial problemlərdən biri göstərilə bilər. Rəsmi olaraq tibb müəssisələrində hamiləliyin 12 həftəsindən sonra abort icra edilirsə, tibbi göstərişin ciddi sənədləşdirilməsi və ya əgər sosial göstərişlər əsasında abort icra edilirsə, müvafiq sənədlərin tibbi kartda olması mütləqdir”.

Belə bir halda cavabdeh şəxslər hansı məsuliyyətə cəlb olunacaq? L.Məmmədovanın sözlərinə görə, hamiləliyini pozan hər bir qadın psixoloji problemlər yaşayır. Hər hansı bir məsuliyyət daşımasına dair sənəd nəzərdə tutulmayıb: "Hamilə qadın öz problemi ilə əlaqəli həkimə müraciət edir. Bu qadının ola bilər ki, abortla əlaqəli qanunvericilik barədə məlumatı olmasın. Ola bilər ki, abortun, xüsusilə də hamiləliyin 12 həftəsindən sonra icra edilən abortun fəsadları barədə məlumatı olmasın. Bu məsələləri ona həkim izah etməlidir. Ən əsası isə həkim əhalinin sağlamlığının qorunması haqqında Qanunu, Səhiyyə Nazirliyinin mövcud təlimatlarının tələblərini pozmamalıdır”. L.Məmmədovanın sözlərinə görə, Səhiyyə Nazirliyi tibb işçilərinin fəaliyyəti ilə əlaqəli daxil olan bütün müraciətləri ciddi şəkildə araşdırıb: "Bu günə qədər selektiv abortla məşğul olan həkimlərə dair müraciətin daxil olub-olmaması barədə məlumatımız yoxdur. Lakin onu deyə bilərəm ki, əgər hər hansı bir həkimin həqiqətən selektiv abort etməsi ilə əlaqəli məlumat daxil olarsa, bu məsələ Səhiyyə Nazirliyi tərəfindən ciddi şəkildə araşdırılacaq. Tibbi və ya sosial göstəriş olmadan hamiləliyin 12 həftəsindən sonra abort aparılması faktı təsdiq olunarsa, müvafiq inzibati tədbirlər görüləcək”. 

Dəhşətli statistika

Son illər Azərbaycanda doğulan oğlan uşaqları ilə müqayisədə qızların sayı kəskin şəkildə azalıb. Belə ki bu ilin əvvəlindən ölkə əhalisinin sayı 13686 nəfər və yaxud 0,1% artaraq 2017-ci il mart ayının 1-i vəziyyətinə 9823667 nəfərə çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin bir kvadratkilometrə düşən sıxlığı 113 nəfər olub. Əhalinin ümumi sayının 53,0%-i şəhər, 47,0%-i isə kənd sakinlərinin, 49,9%-i kişilərin, 50,1%-i isə qadınların payına düşür. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 24648, yaxud hər gün orta hesabla 418 doğulmuş körpə qeydə alınıb. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,3% təşkil edib. Cinslər üzrə əhalinin ümumi sayına nisbətən 0-17 yaş arasında uşaqların 1996-cı ildə oğlanlar 39,5%, qızlar 36,1%, 2001-ci ildə oğlanlar 37,6%, qızlar 36,4%, 2006-cı ildə oğlanlar 33,1%, qızlar 30,6%, 2011-ci ildə oğlanlar 29,8%, qızlar 26,0%, 2012-ci ilin birinci yarısında isə oğlanlar 29,4%, qızlar 25,6% olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ildə hər doğulan 112 oğlanla müqayisədə 100 qız uşağı dünyaya gəlib. 2010-cu ildə isə 89 min 134 oğlan, 76 min 509 qız doğulub, fərq 12 min 625 nəfər olub. 1935-ci ildən etibarən qeydə alınan statistikalara nəzər salsaq, görərik ki, Azərbaycanda hər zaman doğulan uşaqlar arasında oğlanlar çoxluq təşkil edib. 1935-ci ildə 34 min 377 oğlan, 30 min 868 qız uşağı doğulub (fərq 3509 nəfər), yaxud 1950-ci ildə doğulan oğlanların sayı qızlardan 3784 nəfər çox olub. 1986-sı ildən başlayaraq 1997-ci ilə qədər oğlanlar qızlardan 6-7 min nəfər çox doğulub. 1998-ci ildən 2004-cü ilə qədər bu fərq 7-9 min, 2005-ci ildən isə bu fərq 10 min nəfəri ötərək 12-13 min arasında dəyişilməyə başlayıb. Bu gedişlə fərqin növbəti illərdə 15-20 mini ötəcəyi proqnoz edilə bilər.

Norma necə olmalıdır?

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin hər zaman açıqladığı məlumata görə, normada hər doğulan 105 oğlan uşağına 100 qız düşməlidir. Demoqrafik problemin yaranması, oğlanların qızlarla müqayisədə sayının kəskin artmasında əsas səbəb selektiv abortlar olub. 2000-ci ildə abortların sayı 17 min 529 olubsa, 2010-cu ildə 26 min 801, 2011-ci ildə isə 27 min 790 olub. On bir il ərzində abortların sayının 10 min artması ilə yeni doğulan uşaqlar arasında oğlanların da qızlara nisbətdə 10 min nəfər çox doğulması müşahidə edilib. Bu rəqəmlər Dövlət Statistika Komitəsində qeydə alınıb. Hollandiyada hər 100 qadından 5-6, İngiltərədə 10-15, Rusiyada 65-70, Azərbaycanda isə 70-80 nəfər abortdan istifadə edir. Selektiv abortlar daha çox Qafqaz və Balkan ölkələri arasında yayılıb. Azərbaycan da selektiv abortların sayına görə üstünlük təşkil edən ölkələrdəndir. Cinsiayrıseçkilik nəticəsində bu gün Azərbaycanda oğlanlarla müqayisədə qızların sayı artıb.

Azərbaycandakı selektiv abortlar dünya mediasında

CIA (Mərkəzi Kəşfiyyat Agentliyi)-nın açıqladığı siyahıda cinsiyyətə görə doğumlara görə ilk sırada Lixtenşteyn, Çin, Ermənistan, Hindistan, Honq-Konq və Azərbaycan dayanır. CİA hələ 2011-ci ildə açıqladığı hesabatda 100 qadına 110 kişi düşən ölkələri sadalayıb. Bu ölkələr sırasında Azərbaycanın da adı var. Hesabatda bildirilir ki, Albaniya, SSRİ-dən çıxan ölkələrdə, Azərbaycan və Ermənistanda selektiv abortların faizi yüksəkdir. Hesabatda Qafqaz ölkələri "kişilərin dominant olduğu region" kimi təqdim edilir. Xüsusən də sovetlər birliyi dağıldıqdan sonra aillərin çoxuşaqlı olama meyili azaldı. Bu zaman bir çox ailə başçıları nəsil davamçısı olmaq üçün oğlan övladının dünyaya gəlməsini istəyiblər (MƏNBƏ:////en.wikipedia.org/wiki/Sex-selective_abortion)

"Əlcəzirə”-nin Azərbaycanla bağlı hazırladığı reportajda isə bildirilir ki, təkcə 2014-cü ildə Azərbaycanda yeni doğulan qız uşaqları eyni ildə doğulan oğlanların nisbəti 100-ün 115-ə olub. Qafqazın ən böyük ölkəsi hesab edilən Azərbaycanda vəziyyət bu istiqamətdə çox pis dəyərləndirilir. 

Azərbaycanda selektiv abortların olması ilə bağlı məlumatlar artıq əcnəbi telekanallar üçün də bir mövzu olub. İki il öncə ölkəmizdə təşkil olunan Birinci Avropa Olimpiya Oyunlarının açılış mərasiminə qatılan "əl-Cəzairə” telekanalının müxbiri selektiv abort edən bir qadınla müsahibə təşkil edib. Adı Səbirə olan qadın bildirib ki dünyaya gətirəcəyi körpə qız olduğu üçün ailəsi və həyat yoldaşı onu tərk edib: "Onlar mənə dedilər ki əgər abort etməsən sənə təpiyi vurub küçəyə atacağıq. Mən isə ddedim ki, fərq etmək, bu körpəni dünyaya gətirəcəyəm".

Beynəlxalq hesabatlarda da bildirilir ki, ailələr kiçildikcə oğlan uşaqlarına meyillik daha da artır. Hər bir cütlük azı bir övlad sahibi olmaq istəyir. Bu zaman isə bir çox ailələr məhz oğlan övladının olmasını arzulayır. 

Millət vəkili Fazil Mustafa Cebhe.info-ya açıqlamasında heç bir ciddi əsas, yəni qadının və dölün səhhətində problem olmadan selektiv abortlar edən həkimləri şərəfsiz adlandırıb: "Cinsiyyəti bəlli olduqdan sonra, sağlam dölü abort etmək günahdır. Bu əslində bir cinayətdir. Buna qarşı sərt mübarizə aparılmalıdır. Hesab edirəm ki, belə hadisələrin insani tərəfi yoxdur. Bu cinayətlə yanaşı həm də bir şərəfsizlikdir. Düşünürəm ki, adəm övladının alnına bundan da böyük günah yazıla bilməz”.

Bu cür faktları nifrətlə qınayan F.Mustafa bildirib ki, bu həkimlərə hər hansı güzşət edilməməlidir: "Bu həkimlərin lisenziyası ləğv edilməklə yanaşı cinayət məsuliyyətinə cəlb edilə bilərlər”.

F.Mustafanın sözlərinə görə dölün inkişafında natamamlıq varsa, bu zaman aborta icazə verilə bilər: "Qanunvericilikdə seliktiv abortlarla bağlı müəyyən qadağalar var. Həkimlər və xəstələr qeyri-rəsmi formada bu prosesi reallaşdırırlar”.

Qeyd edək ki, hazırda Azərbaycanda hər 100 qıza 117 oğlan düşür. 

Bu yazıdan sonra vəziyyətin necə dəyişəcəyi maraq doğurur...


OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...