Bakıda ən ucuz evlər harada və neçəyə satılır? MONİTORİNQ/CƏDVƏL

Bakıda ən ucuz evlər harada və neçəyə satılır?  MONİTORİNQ/CƏDVƏL

Köhnə evlər

 

Sentyabr ayında təkrar yaşayış mənzil bazarında satışa təklif olunan mənzillərin hesablanmış orta təklif qiyməti 1549 dollar/кv.m-dən 4,45% artaraq 1618 dollar/кv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1623 manat/кv.m-dən 4,47% artaraq 1696 manat/кv.m bəndində qərarlaşıb.

 

Sfera.az xəbər verir ki publika.az-a açıqlama verən iqtisadçı-ekspert Nüsrət İbrahimov deyib ki, son ayda müşahidə edilən kiçik qiymət artımı sırf təkrar əmlak bazarında baş verən struktur dəyişikliyi ilə əlaqəlidir. Yəni, sentyabr ayında təkrar yaşayış mənzil bazarında təklif edilən mənzillər sırasında bahalı mənzillərin payı ötən aylara nisbətən çox olub. Buna da səbəb ucuz mənzillərin satılaraq təklif portfelində sayının azalmasıdır: “Ümumilikdə, əmlak bazarında alıcılıq qabiliyyətinin aşağı səviyyədə olması təklif portfelinin artmasına gətirib çıxarıb. 

 

Təkrar mənzil bazarında sürən passivliyin nəticəsi olaraq sentyabr ayında təklif həcmi 6,8% artıb. Avqust ayında ümumi təkliflərin sayı 1083 olduğu halda, bu rəqəm sentyabr ayında 1163 təşkil edib. Qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə 39% azalıb. Son bir il ərzində bazara satış üçün təklif edilən təkrar mənzillərin sayının böyük həcmdə aşağı düşməsi bazardakı ciddi durğunluqdan xəbər verir. Dünyada və daxili bazarda baş verən dəyişikliklərə görə satıcılar mənzillərini satışdan çıxardaraq gözləmə mövqeyini tutmaqdadırlar”.

 

N.İbrahimov deyir ki, ötən aylarda olduğu kimi, bu ay da təklif edilən mənzillərin əksər hissəsi Nəsimi, Nərimanov və Yasamal rayonlarında qeydə alınıb. Onların ümumi payı 56 faizə bərabər olub: “Bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsi 1500 dollar/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir. Bu dəyərdə olan mənzillər ümumi portfelin 42%-ni təşkil edir və qeydə alınan orta bazar qiyməti 1195 dollar/kv.m-dir. Ümumi təklif portfelinin 41%-i 1500-2000 dollar/kv.m qiymət diapazonu arasında dəyişən mənzillərin payına düşür. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti 1720 dollar/kv.m-dir. Bahalı mənzillərin, yəni hər kvadratmetrinin dəyəri 2000 dollardan çox olan mənzillərin bazardakı payı 17% təşkil edir. Bahalı mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 2445 dollar/kv.m təşkil edir”.

 

Otaqlar üzrə mənzillərin vəziyyətinə gəldikdə, ekspertin sözlərinə görə, bütün növ otaqlı mənzillərin sayında artım baş verib. Təklif üzrə ən çox artım 2 və 3 otaqlılar üzrə qeydə alınıb. Təkliflə yanaşı, otaqlar üzrə qiymətlərdə də dəyişmə baş verib: “Üçotaqlıların qiyməti avqusta 1575 dollar/kv.m-dən sentyabrda 1592 dollar/kv.m-ə yüksəlib. İkiotaqlılar isə avqust  ayında 1508 dollar/kv.m-dən sentyabrda 1616 dollar/kv.m-ə bahalaşıb”.

 

N.İbrahimov bildirir ki, “eksperimental”, “Leninqrad”, “Xruşşov” və “yeni tikili-təmirli” layihəli binaların təklif portfelindəki payı bu ayda mütləq çoxluq təşkil edib: “Müvafiq olaraq 12,76 %, 11,18 %, 11,84% və 37,63%. Ötən ayda layihələr üzrə qiymət artımı daha çox arxitektura və “Stalin” layihələrində qeydə alınıb.  Müvafiq olaraq 5,69% və 4,1%. Layihələr üzrə qiymət azalması isə yalnız “Kiyev” layihəli mənzillərdə hiss edilib -1,13%. Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1618 dollar) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni, 54 faizə malikdir. Mənzillərin orta sahəsi 77,72 kv.m, orta otaq göstəricisi isə 2,38 təşkil edir. Hər otağın orta satış qiyməti 53 000 dollar, mənzilin orta qiyməti isə 126 000 dollar olub. Sentyabr ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar ötən ayda olduğu kimi, Nəsimi, Yasamal və Nərimanov rayonları olub. Təkrar mənzil bazarında qiymət indeksi avqust ayı ilə müqayisədə bu ay 0,31 bənd artaraq 7,19-da qərarlaşıb”.

 

O ki qaldı təkrar yaşayış mənzil bazarında kvadratmetrin qiymətinə görə təklif olunan ən bahalı mənzilə, iqtisadçı ekspert deyir ki, yüksək qiymət “Stalin” layihəli üçotaqlıda qeydə alınıb: ““Sahil” metrostansiyası yaxınlığında yerləşən 72 kv.m sahəyə malik yaxşı təmirli mənzilin kvadratmetrinin satışa təklif olunan qiyməti 4 600 dollar təşkil edib. Ən ucuz mənzil isə Abşeron rayonunda -Məhəmmədi kəndində yerləşən orta təmirli 80 kv.m sahəyə malik “yeni tikili” layihəli, üçotaqlı olub -571 dollar/kv.m”.

 

Rayonlar

Avqust ($)

Sentyabr ($)

Ay ərzində dəyişiklik (%)

Abşeron

965

983

1,87

Binəqədi

1446

1531

5,88

Nərimanov

1683

1682

-0,06

Nəsimi

1711

1796

4,97

Nizami

1354

1427

5,39

Qaradağ

1134

1127

-0,62

Sabunçu

1137

1214

6,77

Səbail

2113

2278

7,81

Suraxanı

1155

1065

-7,79

Xətai

1414

1477

4,46

Xəzər

1027

930

-9,44

Yasamal

1546

1588

2,72

 

Yeni evlər

 

Bu ilin sentyabr ayında Bakı şəhərinin ilkin yaşayış mənzil bazarında satışa təklif olunan tam təmirsiz (“podmayak”) mənzillərin orta təklif qiyməti 3,09% azalaraq 1037 dollar/кv.m-dən 1005 dollar/кv.m-ə, milli valyuta ilə isə 3,13% azalaraq 1087 manat/кv.m-dən 1053 manat/кv.m-ə düşüb.

 

“MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupundan Publika.az-a verilən məlumata görə, ilkin yaşayış mənzil bazarında təklif olunan mənzillərin əksər hissəsini 1000 dollar/kv.m-ə qədər olan ucuz mənzillər təşkil edir. Bu da ümumi portfelin 65%-i deməkdir. Qiyməti 1000-1500 dollar/kv.m aralığında olan orta mənzillərə düşən pay isə 28%-dir. Qeydə alınan orta bazar qiymətləri müvafiq olaraq 725 dollar/kv.m və 1140 dollar/kv.m-dir. Ümumi təklif portfelinin qalan 7%-i isə qiyməti 1500 dollar/kv.m-dən yuxarı olan bahalı mənzillərdir. Burada qeydə alınan orta qiymət 2080 dollar/kv.m-dir.

 

Qiymət diapazonuna gəlincə, bazar mütəxəssisləri deyir ki, hesabat ayı üzrə təklif portfelində satışa çıxarılan “podmayak” mənzillərin sayında Nəsimi, Abşeron, Xətai və Yasamal rayonlarının payı mütləq çoxluq təşkil edir və bu 4 rayonun ümumi təklif portfelindəki payı birlikdə 76%-ə bərabərdir.

 

İlkin yaşayış mənzil bazarında kvadratmetrin qiymətinə görə təklif olunan ən bahalı mənzil beşotaqlı təmirsiz mənzildə qeydə alınıb. Nəsimi rayonunda, Cavanşir (Qaqarin) körpüsü yaxınlığında yerləşən 264 kv.m sahəyə malik olan, tam təmirsiz mənzilin kvadratmetrinin satışa təklif olunan ilkin qiyməti 3200 dollar təşkil edib.

Ən ucuz mənzil qiyməti isə Abşeron rayonunun Xırdalan şəhərində qeydə alınıb: ümumi sahəsi 104 kv.m olan ikiotaqlı mənzil -400 dollar/kv.m. Son ayda bаzаrdа təklif olunan “podmayak” mənzillərin ümumi orta sahəsi 9% azalaraq 108.46 kv.m təşkil edib.

Otaqlar üzrə isə birotaqlı mənzilin ümumi sahəsi ortalama 60, ikiotaqlı 87,2, üçotaqlı 124, dörd və beşotaqlı mənzillərdə isə müvafiq olaraq orta sahə 180,3 və 254,7 kv.m qeydə alınıb.

 

Bazara təklif olunan yeni tikili mənzillərin sayı ötən ayın təklif portfeli ilə müqayisədə 1,7% artıb. Təklif üzrə ən çoх paya 2 və 3 otaqlılarda qеydə alınıb: müvafiq olaraq 34% və 33%. Ümumi təklif portfelinin 19%-ni birotaqlılar, qalan 14%-ni isə çoxotaqlılar təşkil edib.

 

Rayonlar üzrə orta bazar qiymətlərinə gəldikdə, monitorinq qrupundan deyilir ki, ay ərzində təklif qiyməti Abşeron, Binəqədi, Nizami, Səbail, Suraxanı, Xətai və Yasamal rayonlarında azalıb, Nərimanov, Nəsimi, Qaradağ və Sabunçu rayonlarında isə nisbətən artıb: “Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1005 dollar) aşağı olan mənzillər ümumi portfеldə daha çoх paya- 59%-ə malikdir. Bazara təklif olunan yeni tikili mənzillərin orta otaq göstəricisi 2,4, orta sahə göstəricisi 108 kv.m, hər otağın orta satış qiyməti 51 000 dollar, mənzilin orta qiyməti isə 122 300 dollar təşkil еdib”.

 

Rayonlar

$/kv.m

Ay üzrə dəyişiklik (%)

Abşeron

571

-5,6%

Binəqədi

952

-3,6%

Nərimanov

1174

3,1

Nəsimi

1182

2,0

Nizami

867

-3,5

Qaradağ

607

4,7

Sabunçu

736

4,1

Səbail

1700

-2,2

Suraxanı

588

-6,3

Xətai

843

3,7

Xəzər

0

0

Yasamal

966

-6,3


OXŞAR XƏBƏRLƏR